Məhkəmə qərarları › İş №2(007)-2657/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2657/2025

15.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2657/2025 15.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinə qarşı “əmlakın qiymətləndirilməsi ilə bağlı rəyin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı cavabdeh “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinə qarşı “əmlakın qiymətləndirilməsi ilə bağlı rəyin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "X3 Mərkəzi" MMC tərəfindən verilmiş 14 aprel 2025-ci il tarixli, 004- 027/2025 saylı əmlakın qiymətləndirilməsi ilə bağlı rəydə (hesabatda) Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı Gölün şimal-qərb sahili) M-64 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinin, digər tikililərlə birlikdə dəyərinin yekun göstəricisini ləğv edib yenidən qiymətləndirilməsinin təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İşdə iştirak edən tərəflər:

2. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh onların evini qərəzli olaraq səhv qiymətləndirib. Qiymətləndirmənin ləğv olunmasını xahiş etdi.

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 bildirdi ki, rəy düzgün deyil, evi ölçüblər. Lakin səhv hesabat veriblər. Onları aldadıb həyətə giriblər. Məhkəmədə hesabatı tərtib edən bildirdi ki, o, gedib evə baxmayıb. Ölçməni başqa şəxs həyata keçirmişdi.

Tətbiq edilən hüquq:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

Məhkəmənin mövqeyi:

5. Məhkəmə hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. Belə ki, hazırki tələb məhkəmə qaydasında baxılmalı deyil. İcraatda olan iş üzrə verilmiş hesabat ayrıca icraatda mübahisələndirilə bilməz. Həmin hesabata icraatda olan mülki işin baxılması zamanı hüquqi qiymət verilə bilər.

6. Bundan başqa iddia ərizəsində qeyd edilir ki, Yamasal Rayon Məhkəməsinin icraatında olan 2(004)-806/2025 saylı mülki iş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(004)-806/2025 saylı qərardadı ilə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı Gölün şimal-qərb sahili) M-64 ünvanında yerləşən fərdi yaşyış evinin orta bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və ekspertizaların aparılması "X3 Mərkəzi" MMC və "xxxx" MMC-nə həvalə edilmişdir. "X3 Mərkəzi" MMC tərəfindən verilmiş 14 aprel 2025-ci il tarixli, 004-027/2025 saylı əmlakın qiymətləndirilməsi ilə bağlı hesabata əsasən mülkiyyətində olan əmlak 155500 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, hazırki mübahisə edilən hesabat məhkəmə üçün məcburi deyil. "X3 Mərkəzi" MMC tərəfindən verilmiş 14 aprel 2025-ci il tarixli, 004-027/2025 saylı hesabatın sübut kimi qəbul edilib-edilməməsi yekun məhkəmə aktı çıxarılan zaman məhkəmə tərəfindən müəyyən olunacaq.

7. Göründüyü kimi hazırki tələbə məhkəmə qaydasında baxıla bilməz. Bu səbəbdən mülki işin icraatına xitam verilməlidir.

Nəticə:

8. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinə qarşı “əmlakın qiymətləndirilməsi ilə bağlı rəyin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməlidir.

9. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qərara aldı:

İddiaçı cavabdeh “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinə qarşı “əmlakın qiymətləndirilməsi ilə bağlı rəyin ləğv edilməsi” tələbinə dair iddia üzrə icraata xitam verilsin. İddia üzrə icraata xitam verildiyindən, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi İddiaçı izah edilsin. Qərardad tərəflərə təqdim olunduqdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar