Məhkəmə qərarları › İş №2(007)-2668/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2668/2025

15.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2668/2025 15.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “vurulmuş maddi ziyanın ödənilməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı Bayram qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 1900 manat məbləğində pulun alınıb ona verilməsi və ödədiyi dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus ünvan 1 ünvanında yerləşən 42 saylı bir otaqlı mənzilini 2024-cü ildə özünü makler kimi təqdim edən Cavabdeh vasitəçiliyi ilə Abdulla adlı şəxsə aylıq 400 manata kirayəyə vermişdir. Mənzil kirayə verildikdən sonra kirayəçiyə tapşırmışdır ki, mənzil və ya mənzillə bağlı hər hansı bir məsələyə görə heç vaxt maklerlə (Cavabdehlə) əlaqə saxlamasın. Lakin xəbərdarlıq etməyinə baxmayaraq Cavabdeh kirayəçini təsir altına salaraq kirayə haqqını ondan alıb və bir neçə ay onun adından, hissə-hissə onun bank kartına ödəyib və bununla yanaşı pulu göndərənin guya kirayəçinin olduğunu imitasiya edərək, əslində pulu göndərənin özünün olduğunu gizli saxlayıb. Beləliklə, kirayəçi bir neçə ay qaldıqdan sonra kirayə pulunu ödəməkdə çətinlik çəkdiyi üçün 2024-cü ilin sentyabr ayının 6-da onun məlumatı olmadan və Cavabdeh təkidi ilə yuxarıda qeyd olunan kirayəçi mənzilin açarlarını ona verib. Lakin mənzili təhvil verməsi haqqında nə kirayəçi, nə də ki, Cavabdeh ona məlumat verməyərək sonuncu həmin tarixdən sözügedən mənzili digər şəxslərə kirayə verməyə və kirayə haqqını da aylıq 400 manat olmaqla mənimsəməyə başlamışdır. 2024-cü ilin sentyabr ayından kirayə pulu ümumiyyətlə kəsildikdən sonra həmin ay Cavabdeh onunla telefon əlaqəsi saxlamış və demişdir ki, onlar, yəni Abdulla və onun atası bu gün-sabah kirayə üzrə borclarını ödəyəcəklər. Onun təkidi ilə ona (***)******* (whatsapp) telefon nömrəsini vermiş və demişdir ki, bu nömrə Abdullanın atasının nömrəsidir, bundan sonra özü onunla bu nömrə ilə əlaqə saxlasın. Əslində isə onun verdiyi bu nömrənin Cavabdeh özünə məxsus olmasına baxmayaraq, o nömrəni ona guya kirayəçi olmuş Abdullanın atasının nömrəsi kimi vermişdir. Lakin o bunu çox sonralar xx.xx.2025-ci ildə bilmişdir. Beləliklə, o onun verdiyi həmin nömrə ilə guya Abdullanın atası ilə hər həftə telefon əlaqəsi saxlamağa başlamışdır. Hər dəfə o bu nömrəyə səsli mesaj göndərsə də, bu nömrədən ona yazılı mesaj gəlmişdir. Demək olar ki, hər həftə o bu nömrəyə mesaj göndərərək kirayə haqqını və yığılmış borcları nə vaxt ödəyəcəyini soruşduqda, sözdə guya kiryəçi olmuş Abdullanın atasından (əslində Cavabdeh verdiyi nömrədən, yəni onun özündən) mesaj gəlmişdir ki, “narahat olmayın, namusuna, şərəfimə and olsun mən sizin bütün bordan qəpiyinədək ödəyəcəyəm”. Həmin cavablar onun telefonunda mövcuddur. Yazırdı ki, o, namaz qılan, oruc tutan adamdır. Hazırkı vaxtda xəstədir, Türkiyədə müalicə alır, oğlu onu zibilə salıb, onun başqalarına çoxlu borcu var. Çarəsiz vəziyyətdədir, onu anlamağa çalışın və s. vədlərlə vaxtı uzatmaqda davam etmişdir. Hər zaman ya birinci günə, ya da ki, beşinci günə söz vermişdir. Gah deyirdi evini satmış, pulunu hələ almamış, gah deyirdi ki, bankdan pulu çıxara bilməmiş və xahiş etmişdir ki, uşağı çölə atmasın. O da anadır, qışın soyuğunda çarəsiz adamı evdən çıxarmağı ona (Abdulla adlı kirayəçiyə) rəva bilməmişdir. Bu vəziyyət intensiv mesajlaşmalarla 2025-ci ilin mart ayının 6-dək davam etmişdir. O, nəhayət bu danışqlardan bezib xx.xx.2025-ci il tarixində adıkeçən mənzilinə getmişdir. Mənzilinin qapısını cavan oğlan açmışdır. Soruşmuşdur ki, “siz kimsiniz, Abdulla haradadır?” O da demişdir ki, “mən Abdullanı tanımıram, bu mənzili mənə makler Cavabdeh xx.xx.2024-cü ildə verib və mən hər ay ona 400 manat kirayə haqqını vaxtlı-vaxtında verirəm”. Həmin şəxs də ona Elçindən bezdiyini demişdir. Həmin an o, Elçinlə əlaqə saxlayıb, onu mənzilə çağırmışdır. Mənzildə o dələduzluğunu, ona vurduğu 1900 manat ziyanı etiraf etmiş və bununla əlaqədar sənədi imzalayaraq, həmin ziyanın məbləğini 2025-ci ilin mart ayının 30-dək ödəyəcəyini yazılı şəkildə təsdiqləmişdir. Xahiş etmişdir ki, heç yerə şikayət etməsin. O də ona söz vermişdir ki, sənəddə qeyd edilən tarixədək ziyanın məbləği ödənildiyi təqdirdə ondan hər hansı bir yerə şikayət etməyəcəkdir. Lakin, Cavabdeh hazırkı vaxtadək qeyd olunan borcdan bir manat belə ödəməyərək, yenə mənasız vədlər verməklə kifayətlənir. Bununla əlaqədar olaraq Cavabdeh barəsində qanunamüvafiq tədbir görülməsi və ona vurduğu ziyanın qaytarılması haqqında xx.xx.2025-ci il tarixində ərizə ilə Daxili İşlər Nazirliyi Nizami rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinə müraciət etmişdir. Həmin polis şöbəsindən ona göndərilən xx.xx.2025-ci il tarixli F-3316/25 №-li məktubda bildirilir ki, “Sizin xx.xx.2025-ci il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nə yazdığınız ərizə tərəfimizdən araşdırıldı. Məlumat üçün bildiririk ki, Sizin müraciətinizdə qeyd olunan xüsusatlar polisin səlahiyyətinə aid olmadığından Mülki xarakterli olduğu üçün mülki qaydada Məhkəməyə müraciət edilməsi tövsiyyə olunur”.

İş materialları :

3. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, qəbzdə qeyd edilmişdir ki, mən Cavabdeh İddiaçı Nəsimi 29, mənzil 42 adresindəki mənzilini xəbəri olmadan kirayə vermişəm. Hər ay 400 manat alımış, cibimə qoymuşam. Mən Cavabdeh söz verirəm ki, mart ayının 30-a kimi sizə vurduğum ziyanı (1900 AZN) tam məbləğdə sizə ödəyəcəm.

4. Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin İddiaçı Bəhman qızına ünvanlanan məktubundan görünür ki, İddiaçı Bəhman qızının müraciətində qeyd etdiyi xüsusatlar polisin səlahiyyətlərinə aid olmadığından mülkü xarakterli olduğu üçün mülkü qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.

5. xx.xx.2025-ci il tarixli, **********67 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 39 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

6. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, 100 manat çəkilən xərclər onunla bağlıdır ki, o, 40 manat məhkəməyə müraciət etmək üçün rüsum ödənişi etmiş, həmçinin iddia ərizəsi də yazdırmaq üçün də ödəniş etmişdir. İddia ərizəsi yadırdığına görə ödəniş etməsinə dair sübutu yoxdur. Cavabdehin 2100 manat borcu olmuş, həmin borcdan həmin gün 200 manat ödəniş etmiş, daha sonra 100 manat kartına göndərmişdir. Bundan sonra cavabdehin ona 1800 manat borcu qalmışdır. 100 manat da çəkdiyi xərclər ilə birlikdə, 1900 manat borcu qalır.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında cavabdeh ilə telefon əlaqəsi saxlanılmışdır. O izahatında bildirmişdir ki, evdə qalan şəxsi qeyri-etik hərəkətlərinə görə evdən çıxarmış, lakin bu barədə mənzil sahibi olan iddiaçıya məlumat verməmişdir. Belə ki, o mənzilin 4 ay ərzində olan kirayə haqqını 1600 manatı iddiaçıya verməmişdir. İddiaçıya 1600 manat borcu vardır. Qəbzdə onun 1900 manat yazmadığını bildirmişdir.

İşin faktiki halı :

8. İddiaçı ona məxsus olan mənzili Cavabdeh vasitəsi ilə kirayəyə vermişdir.

9. Cavabdeh mənzildə qalan kirayəçilər mənzili təhvil verdikdən sonra, iddiaçının məlumatı olmadan ona məxsus mənzili başqa şəxslərə kirayəyə vermiş və kirayə haqqı məbləğini isə iddiaçıya verməmişdir. Nəticədə iddiaçıya 1600 manat ziyan dəymişdir.

10. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək məhkəmədən iddiaçıdan 1900 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmiş, cavabdeh isə iddia tələbini qismən 1600 manat hissədə qəbul etmişdir.

Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

Məhkəmənin mövqeyi :

14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

15. İddiaçı Cavabdeh qarşı olan “1900 manat məbləğində pul vəsaitinin tutulması” tələbini Cavabdeh tərəfindən ona məxsus olan mənzilin kirayəyə verilməsi və kirayə haqqı məbləğini ona ödəməməsi nəticəsində ona ziyan dəyməsi ilə əsaslandırmışdır.

16. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

17. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

18. İşin müəyyən edilmiş hallarına əsasən məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntusuna” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.

19. Mülki qanunvericiliyə əsasən hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl mülki hüquq pozuntusudur (1096.1m). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (1097.1 m).

20. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18.04.22ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

22. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.

23. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

24. Belə olan halda məhkəmə tərəfindən iddianın təmin edilib-edilməməsi məsələsi araşdırılarkən yuxarıda qeyd olunanlara əsasən ilk öncə mülki hüquqi məsuliyyətin yaranması üçün əsas olan dörd şərtin mövcud olub-olmaması məsələsi araşdırılaraq iddia tələbinə müvafiq hüquqi qiymət verilməlidir.

25. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə İddiaçı Bəhman qızına zərər vurulması, zərərin Cavabdeh qanunsuz, təqsirli hərəkəti nəticəsində vurulması, cavabdehin qanunsuz hərəkəti ilə zərər arasında səbəbli əlaqə olması işin mübahisəsiz hallarıdır.

26. İddiaçı tərəfindən məhkəməyə cavabdeh tərəfindən ona zərər vurulmasını təsdiq etmək üçün cavabdehin adından yazılmış qəbz təqdim edilmişdir.

27. Məhkəmə tərəfindən qeyd edilən qəbzin mötəbərliyini yoxlamaq və iddia tələbinə münasibətini müəyyən etmək üçün xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdeh ilə telefon əlaqəsi saxlanılmış, cavabdeh 4 aylıq kirayə haqqı məbləğində, yəni 1600 manat məbləğində iddiaçıya zərər vurduğunu qəbul etmiş, lakin qəbzdə qeyd edilən kimi 1900 manat yazmadığını bildirmişdir.

28. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmanı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır.

29. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək 1900 manat məbləğində pul vəsaitinin tutulmasını tələbini irəli sürmüşdür. Məhkəmə iclası zamanı iddiaçı tələb irəli sürdüyü 1900 manat məbləğində pul vəsaitinin 1800 manat hissəsinin cavabdeh tərəfindən ona təqdim edilməmiş kirayə haqqı ödənişi ilə bağlı olduğunu və 100 manat məbləğində hissəsinin isə iddia ərizəsinin yazılması ilə balı hüquqi yardım üçün ödənilmiş vəsait və məhkəməyə gəlib-getmək üçün nəqliyyat vasitələrinə ödənilən xərclər ilə bağlı olduğunu bildirmişdir.

30. İddiaçı cavabdeh tərəfindən ona kirayə haqqı ödənişi ilə bağlı 1800 manat məbləğində ziyan vurulduğunu bildirsə də, qeyd edilən halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı yalnız iş materiallarına əlavə edilmiş sadə yazılı formada tərtib edilmiş qəbzə istinad etsə də, qəbzə baxış keçirilərkən qeyd olunan rəqəmin kifayət qədər aydın olmadığı, rəqəmə daha sonra yenidən müdaxilə edildiyi müəyyən edilmişdir. Həmçinin həmin qəbzdə qeyd edilmiş məbləğ cavabdeh tərəfindən mübahisələndirilmişdir.

31. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir.

32. Həmçinin, nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun, yaxud qarşı tərəf həmin izahatda ifadə edilən faktiki halları mübahisələndirməsin və bu, işin mübahisəsiz hallarını müəyyən etməyə imkan versin.

33. Halbuki, MPM-in 77-ci sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir.

34. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

35. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən, iş üzrə cavabdehin iddianı 1600 manat hissədə qəbul etməsi əsas götürülməklə iddia tələbi qismən təmin olunmalıdır.

36. Məhkəmə qeyd edir ki, həmçinin iddiaçı iddia ərizəsinin yazılması ilə bağlı hüquqi yardım üçün çəkilmiş xərcin və məhkəməyə gəlib-getmək üçün nəqliyyat vasitələrinə ödənilən xərcin əvəzi olaraq 100 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir.

37. Məhkəmə tərəfindən iddiaçıya iddia ərizəsinin yazılması ilə bağlı hüquqi yardım üçün çəkilmiş xərci və məhkəməyə gəlib-getmək üçün nəqliyyat vasitələrinə ödənilən xərcləri təsdiq edən sübutları məhkəməyə təqdim etməsi təklif edilmiş, iddiaçı isə qeyd edilən halları təsdiq edən sübutlarının olmadığını bildirmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Odur ki, iddia tələbi qeyd edilən hissədə iddia əsaslı olmadığından iddia həmin hissədə təmin edilə bilməz.

Məhkəmə Xərcləri :

39. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir.

Nəticə :

40. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə dəymiş ziyanın əvəzi olaraq 1600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 manat məbləğində pul vəsaiti tutulmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş ziyanın əvəzi qismində 1600 (bir min altı yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar