Məhkəmə qərarları › İş №2(007)-2669/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2669/2024

02.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2669/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: Tələb:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Brookwood_furniture online satış şirkəti tərəfindən itirdikləri düzbucaqlı və qüsurlarını aradan qaldırmadıqları dairəvi masaların dəyəri olan 1950 manat pulun (950 azn + 1000 azn), öhdəliyi lazımınca yerinə yetirmədiyi üçün 750 manat dəymiş ziyanın və 300 manat mənəvi ziyanın, həmçinin 50 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3050 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi verilərkən aidiyyət qaydaları pozulmuşdur.

Tətbiq edilən hüquq:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir.

Hakimin mövqeyi:

5. İddia ərizəsində cavabdehin ünvanı ünvan 1 iddiaçı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir.

6. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh rəsmi qeydə alındığı yer Qubadlı rayonu, Mahmudlu ərazi dairəsi, Mahmudlu kəndi ünvanıdır.

7. Beləliklə, hazırki tələbə ərazi aidiyyətinə görə Bakı Şəhəri Nizami Rayon Məhkəməsində deyil, Qubadlı Rayon Məhkəməsində baxılmalıdır.

8. Hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya, cavabdehin olduğu yer üzrə Qubadlı Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.

9. Həmçinin iddia tələbinin məbləği 3000 manat olsa da iddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən iddiaçı məhkəməyə müraciət edərkən 50 manat dövlət rüsumu ödəməli idi.

10. Yuxarıda qeyd olunan nöqsana əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir.

11. Həmçinin iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.

12. İş materiallarına əlavə edilmiş ********** nömrəli mədaxil qəbzdən görünür ki, (“PashaPay vasitəsilə, qəbz nömrəsi: **********, Terminal nömrəsi: 50020, büdcə təsnifat kodu: 14221103, büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ17CTRE********************, İD: ********************2441xxx2599, transaksiya nömrəsi: **********9 HOPew8-67048200, tarix: xx.xx.2024, saat 09:59:11) iddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Məhkəmə baxışının hədləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.

14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.

Nəticə:

15. Beləliklə belə qənaətə gəlirəm ki, İddiaçı Cavabdeh qarşı “pul” dair iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.

16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,

Qərara aldım:

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti üzrə Qubadlı Rayon Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah olunsun. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 30 manat (“PashaPay vasitəsilə, qəbz nömrəsi: **********, Terminal nömrəsi: 50020, büdcə təsnifat kodu: 14221103, büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ17CTRE********************, İD: ********************2441xxx2599, transaksiya nömrəsi: **********9 HOPew8-67048200, tarix: xx.xx.2024, saat 09:59:11) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar