Məhkəmə qərarları › İş №2(007)-2694/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2694/2025

04.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2694/2025 04.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri Nizami Rayonu 201 nömrəli tam orta məktəbə və Cavabdeh2nə qarşı “təhsil hüquqlarının pozulduğunun tanınması, mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Tələb:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri Nizami Rayonu 201 nömrəli tam orta məktəbə və Cavabdeh2nə qarşı “təhsil hüquqlarının pozulduğunun tanınması, mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, a) adları qeyd edilən şagirdlərin təhsil hüquqlarının pozulduğunun tanınması, b) məktəbin vəzifəli şəxsləri Cavabdeh1, Nəriman Vəliyevin, Rahilə Məmmədovanın və Elnurə Ramazanovanın vəzifədən sui-istifadə və vəzifə saxtakarlığı üzrə əməllərinin tanınaraq aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına məlumat verilməsi, onlardan qanunsuz xərclənmiş və israf edilmiş 150 min manat vəsaitin tutularaq dövlət büdcəsinə ödənilməsi, c) 20 yaşlı Xudiyev Əliyə şəxsiyyət vəsiqəsinin verilməsinə və hərbi qeydiyyata alınmasına şərait yaradılmasının məcburi göstəriş kimi dövlət orqanlarına ünvanlanması, d) Bakı şəhər Təhsil İdarəsinin və Elm və Təhsil Nazirliyinin nəzarətsizlik və xidməti səhlənkarlığına hüquqi qiymət verilməsi, e) zərərçəkmiş şagirdlərə və onların valideynlərinə mənəvi zərərin ödənilməsinə dair ayrıca işə baxılması üçün təqdimat verilməsi və ödənilmiş dövlət rüsumunun onlardan tutulub bizə ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq:

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.

Hakimin mövqeyi:

4. İddia ərizəsindən görünür ki, iddiaçı aidiyyət qaydalarını pozmaqla ümumi məhkəməyə müraciət etmişdir.

5. Göründüyü kimi iddia tələbində qeyd edilən “b) məktəbin vəzifəli şəxsləri Cavabdeh1, Nəriman Vəliyevin, Rahilə Məmmədovanın və Elnurə Ramazanovanın vəzifədən sui-istifadə və vəzifə saxtakarlığı üzrə əməllərinin tanınaraq aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına məlumat verilməsi, onlardan qanunsuz xərclənmiş və israf edilmiş 150 min manat vəsaitin tutularaq dövlət büdcəsinə ödənilməsi, c) 20 yaşlı Xudiyev Əliyə şəxsiyyət vəsiqəsinin verilməsinə və hərbi qeydiyyata alınmasına şərait yaradılmasının məcburi göstəriş kimi dövlət orqanlarına ünvanlanması, d) Bakı şəhər Təhsil İdarəsinin və Elm və Təhsil Nazirliyinin nəzarətsizlik və xidməti səhlənkarlığına hüquqi qiymət verilməsi” tələbinə mülki icraat qaydasında baxıla bilməz. Bu məsələnin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Digər tələblər də əsas tələbdən törəmə tələb olduğu üçün onlara da mülki mülki icraat qaydasında baxıla bilməz.

6. Belə olan halda, məhkəmə hesab edir ki, irəli sürülən tələbə ümumi məhkəmədə baxılmalı olmadığına görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir

7. Bundan başqa iş materiallarına əlavə edilmiş ********** nömrəli mədaxil qəbzindən ("xxxx" ASC, VÖEN: **********2, İD: ********************5131xxx7242, qəbz nömrəsi: **********, terminal nömrəsi: 93028, büdcə səviyyə kodu: 1, tarix: xx.xx.2025, saat: 09:08:33) görünür ki, İddiaçı1 hazırki iş üzrə ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Nəticə:

8. Beləliklə, mülki işin məhkəmə icraatı mümkün olmadığından, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edildiyindən, iddia ərizəsi əlavə edilmiş sənədlərlə geri qaytarılmalı, İddiaçı1 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılmalıdır.

9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq,

Qərara aldım:

İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri Nizami Rayonu 201 nömrəli tam orta məktəbə və Cavabdeh2nə qarşı “təhsil hüquqlarının pozulduğunun tanınması, mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçılara göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunsun. İddia ərizəsinin verilməsinə görə İddiaçı1 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********2, İD: ********************5131xxx7242, qəbz nömrəsi: **********, terminal nömrəsi: 93028, büdcə səviyyə kodu: 1, tarix: xx.xx.2025, saat: 09:08:33) dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar