Məhkəmə qərarları › İş №2(007)-2733/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2733/2020

04.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2733/2020 04.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-ya qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-ya qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB tərəfindən ona əsassız yazılmış 216 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, bu ilin 2 aprel tarixində cavabdeh tərəfin əməkdaşları yaşadıqları ünvana gələrək qaz sayğacını dəyişməli olduqlarını və yeni mexaniki sayğacın qoyulacağını bildirdilər. Hazır ki, sayğacın son model olan smart sayğac olduğunu, qaz sayğacından heç bir şikayətlərinin olmadığını, dəyişməklərinə gərək olmadığını bildirərək etirazını bildirmişdir. Lakin həmin əməkdaşlar ona təkidlə sayğacı dəyişməli olduqlarını və bütün sakinlərə yeni sayğacın quraşdırıldığını, etirazın heç bir mənasının olmadığını bildirdilər. Bundan sonra o, məcburiyyət qarşısında qalaraq onunla razılaşmış və yeni sayğacın quraşdırılmasına icazə vermişdir. Beləliklə əməkdaşlar tərəfindən onların köhnə smart tipli G-4 markalı 1002AQ**********5 nömrəli sayğac akt(nömrə 5889861) tərtib olunaraq götürülmüş və yeni mexaniki tipli G-4 markalı 12527972 nömrəli qaz sayğacı quraşdırılmışdır. Bununla bağlı aralarında 02.04.2020-ci il tarixli müqavilə bağlanmışdır. Dəyişdirilən qaz sayğacı uzun müddət istifadəsində olmuş və onlar problemsiz şəkildə həmin sayğacdan istifadə etmişlər. Yeni sayğac quraşdırıldıqdan sonra uzun müddət onların ünvanlarında qaz sərfiyyatına görə ödəniş qəbzi verilməmişdir. Uzun müddət qaz pulu qəbzi gəlmədiyindən o, aidiyyatı üzrə müraciət edərək hansı səbəbdən onlara işlətdikləri qaz pulunun gəlməməsi ilə maraqlanmış və yalnız bundan sonra ona 10 manat qaz pulu borcumun olduğu qəbzi vermişlər. Qəbzi əldə etdikdən sonra mən həmin qaz pulu borcunu ödəmək üçün poçt məntəqəsinə getdikdə orada aydın oldu ki, onun 10 manat qaz pulu borcundan savayı 216 manat da cərimə borcu vardır. Bundan sonra o, X1 aidiyaytı idarəsinə müraciət etmiş və orada ona bidlirmişlər ki, onların evlərindən götürülən sayğaca dair ekspertiza keçirilmiş və guya onların sayğaca müdaxilə olunduğu aşkar olunmuşdur. Aşkar olunmuş pozuntuya əsasən isə akt tərtib olunmuş və ona cərimə yazılmışdır. O, orada həmin əməkdaşa qeyd etdiyi faktın yalan o duğunu və tərəflərindən sayğaca heç bir müdaxilə olmadığını bildirsə də həmin əməkdaş artıq aktın tərtib olunduğunu və cəriməni mütləq şəkildə ödəməli olduğunu bildirdi. Daha sonra o, aşkar olunmuş pozuntular barədə məlumat almaq X2 rəsmi şəkildə müraciətlər və sorğular göndərərək hansı səbəbdən belə bir cəriməyə məruz qaldıqlarını öyrənməyə çalışmışdır. Bundan sonra 20 avqust 2020-ci il tarixli SOCAR**********30560046X01018 nömrəli məktubunda bildirilmişdir ki, smart itron tipli G- 4 markalı 1002AQ**********5 nömrəli sayğac 02.04.2020-ci il tarixdə ******* nömrəli aktla təhvil götürülmüş və dövlət yoxlamasına göndərilmişdir. Laboratoriyanın 20.07.2020-ci il tarixli MSK 29/1710-00843 -1 saylı aktına əsasən isə sayğacın klapanının işlək olmaması, yivli birləşmələrində korroziya izinin mövcud olması və sol metrologiya plombunun yerinə mənşəyi məlum olmayan plomb vurulduğu qeyd edildiyi bildirilmişdir. Həmçinin eyni məktubda sayğacın yaddaş arxivinin oxunduğu, sayğacda istismar müddətində ALARM-1 rejimin aşkar olunmadığı və xətaların normaya uyğunğu qeyd edilmişdir. Nəticədə isə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27.07.2020-ci il tarixli ******* nömrəli akt tərtib olunaraq 216 manat dəymiş ziyanın hesablandığı və həmin borcun onun tərəfindən ödənilməli olduğu qeyd edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, onların yaşadıqları ünvanda yerləşən binanın qazanxanası mövcuddur və onlar qış aylarında kombi sistenindən istifadə etmirlər. Nəticədə isə onların aylıq qaz sərfiyyatları 4-5 manat civarında olur. Belə olan halda isə tərəfindən qaz sərfıyyatının azaldılmasına dair onların hər-hansısa qanundan kənar addımlar atmasına gərək yoxcur. 27.07.2020-ci il tarixli ******* nömrəli akta əsasən onlara yazılmış cərimənin hansı əsaslarla hesablanması və dəymiş ziyanın 216 manat olmasına dair heç bir məlumat verilməmişdir. Bütün bunlar bir daha göstərir ki, cavabdeh təşkilatın əsas məqsədi vətəndaşları əsassız yerə cərimələməkdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahata verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və buna görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qaz saygacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 02 aprel 2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, ünvan 1i rayonu, B.Nuriyev küçəsi, ev 6 ünvanında yerləşən 17 saylı mənzil ünvanına yeni saygac guraşdırılmışdır. İş materiallarında olan 20 avqust 2020-ci il tarixli SOCAR**********30560046X01018 nömrəli məktubunda bildirilmişdir ki, smart itron tipli G-4 markalı 1002AQ**********5 nömrəli sayğac 02.04.2020-ci il tarixdə ******* nömrəli aktla təhvil götürülmüş və dövlət yoxlamasına göndərilmişdir. Nəticədə isə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27.07.2020-ci il tarixli ******* nömrəli akt tərtib olunaraq 216 manat dəymiş ziyanın hesablandığı və həmin borcun onun tərəfindən ödənilməli olduğu qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının yaşadığı ünvanda “qaz sayğacında zədənin olması” müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Bu zaman, sayğacda zədə aşkar edilmiş və abunəçiyə 216 manat məbləğində cərimə hesablanaraq, iddiaçıdan tələb edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Odur ki, iddia təmin edilərək, iddiaçının ünvanı üzrə qaz sayğacının dəyişdirilməsi zamanı müəyyən edilmiş zədəyə görə hesablanmış 216 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 (beş yüz) manatdan çox olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 (beş yüz) manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1i rayonu, B.Nuriyev küçəsi, ev 6 ünvanında yerləşən 17 saylı mənzil üzrə İddiaçı (abonent kodu **********00170) hesablanmış 216 manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu “Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar