Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2748/2023 23.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair e- 2(007)-966/2023 nömrəli mülki iş Cəbrayıl Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehdər X3 və X4 qarşı “alğı-satqı müqaviləsinin, daşınar və daşınmaz əmlakların dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair 2(072)- 211/2023 saylı mülki işlə bir icraatda birləşdirilərək baxılması üçün Cəbrayıl Rayon Məhkəməsinə göndərilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-211/2023 saylı, 02 iyun 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci madbəsinə əsasən iddiaçı X1 cavabdehlər X3 və X5 qarşı “alğı-satqı müqaviləsinin, daşınar və daşmmaz əmlakların dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Cəbrayıl Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli qərardadı ilə iddiaçı X2 Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və mənzilin boşaldılaraq, təhvil verilməsi" tələbinə dair 2(072)-415/2023 saylı mülki iş baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsnə göndərilmişdir. Mülki iş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 29 yanvar 2021ci il tarixli “Daşınmaz əmlakın alğı-satqısına haqqında” müqavilə bağlanılmışdır. Həmin müqaviləyə görə satıcı, yəni cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 40,2 kv.m olan mənzili onun mülkiyyətinə verməyi, alıcı isə qeyd edilən mənzilin ümumi dəyəri olan 50000 (əlli min) manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada (notariat qaydasında) təsdiq edilmişdir. Müqavilə üzrə öhdəliklər tərəfimdən tam şəkildə icra edilmiş, ünvan 1 ünvanında yerləşən mənzilin dəyəri olan 50000 (əlli min) manat məbləğində pul vəsaiti tərəfimdən satıcıya ödənilmişdir. Qeyd edilən alğı-satqı müqaviləsi Bakı şəhəri notariat ofisi tərəfindən təsdiq edilərək informasiya sisteminə daxil edilmişdir. Cavabdehlə aralarında bağlanmış olan “daşınmaz əmlakın alğı-satqısı haqqında” müqavilə əsasında göstərilən mənzilə dair mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə ********** qeydiyyata nömrəsi dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı olaraq ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bildirir ki, bugünədək satıcı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini tam şəkildə icra etməmişdir. Belə ki, aralarında mövcud alğı-satqı müqaviləsi olmasına, həmçinin əmlakın dəyərinin tam şəkildə tərəfindən ödənilməsinə baxmayaraq cavabdeh mənzili boşaldaraq ona təhvil verməmiş, həmçinin cavabdeh tərəfindən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə müxtəlif maneələr törədilmişdir. Cavabdeh tərəfindən dəfələrlə xəbardar edilməsinə baxmayaraq, qanunsuz hərəkətlərinə davam etmiş və mənzili tam şəkildə boşaldaraq ona təhvil verməmişdir. Göründüyü kimi cavabdeh müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməmiş, nəticədə onun qanunla qorunan və tanınan həmçinin konstitusion və konvension hüququm olan mülkiyyət hüquqlarım kobud şəkildə pozulmuşdur. Qeyd edilənlərdən də göründüyü kimi mübahisəli mənzilə dair mülkiyyət hüququ tam şəkildə ona məxsus olmuş, lakin o, mülkiyyət hüququnun tərkib hissələri olan istifadə və sahiblik hüquqlarımın həyata keçirilməsindən məhrum edilmişdir. Göstərilən mənzilə dair cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmalı və həmin mənzil cavabdehə məxsus əşyaların çıxarılması ilə tam şəkildə boşaldılaraq ona təhvil verilməlidir. Qeyd edilənlərə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 40,2 kv.m olan mənzilində Cavabdeh istifadə hüquqlarına xitam verilməsi, cavabdehin həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflə arasınd ailk dəfə xx.xx.2020-ci ildə alğı-satqı müqaviləsi bağlanılıb, bundan sonra cavabdeh maddi vəziyyətinin düzəldiyini qeyd etmiş, 1000 və ya 2000 manat artıq ödəməklə mənzil qaytarılıb və həmin müqavilə ləğv edilmişdir. İş materiallarında buna dair sübut olmasa da, belə bir hal varkı, alğı-satqı olan zaman cavabdehin yanında özünü onun əri kimi təqdim edən şəxs olub. Lakin indi məlum olur ki, həmin şəxs cavabdehi aldadıb, onun bütün əmlaklarını ələ keçirib. İndi cavabdeh bu səbəbdən hesab edir ki, əlində qalan son əmlakından çıxmamalıdır. Məhkəmə iclasnda cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış müqavilə borc münasibətlərini pərdələmək üçün bağlanmışdır. İddiaçı faizə pul veriri. İddiaçı hazırda mübahisələndirilən əmlakla yanaşı, cavabdehin digər əmlaklarını, yəni “Mazda” markalı, “Land Cruiser” markalı avtomobillərini, Novxanıda yerləşən torpaq sahəsini özünün və qohumlarının adına rəsmiləşdirməklə almışdır. İddiaçı ilə Teymur adlı şəxs əvvəlcədən bir-birini tanıyıblar. Cavabdehin bütün daşınar və daşınmaz əmlakları əldən çıxmışdır. Cavabdehin başqa əmlakı yoxdur, o, mübahisəli əmlakdan çıxarılsa məcbur qalıb sığınacağa getməlidir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, o, faizlə borc pul götürmüşdür, buna görədə evini satmışdır. Borc pul ödəniləndən sonra mənzilini ona qaytardılar. Alğı-satqı müqaviləsi bağlanarkən 30000 manat pul almışdır, amma 50000 manatı almağı imza atdırıblar. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanaraq reyestrdə 4Ə-1228 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alğısatqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzilini İddiaçı sataraq, onun mülkiyyətinə vermişdir. Müqavilənin 4-cü bəndinə əsasən satıcı mənzili 50000 manata satmış, alıcı isə həmin qiymətə almışdır; - Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanaraq reyestrdə 3M-2762 nömrə ilə qeyd edilmiş müqavilənin ləğvinə dair sazişinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər xx.xx.2020-ci daşınmaz əmlakın alğı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqaviləsinə xitam verirlər. Tərəflərin razılığına əsasən İddiaçı, Cavabdeh verdiyi 50000 manat pul məbləğini notariusun depozit hesabı vasitəsi ilə geri aldıqdan sonra qeyd olunan daşınmaz əmlakın alğı-satqı müqaviləsinə xitam verilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzili xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda Cavabdeh adına qeydiyyata alınmışdır; - Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanaraq reyestrdə 4Ə-112 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alğısatqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzilini İddiaçı sataraq, onun mülkiyyətinə vermişdir; Müqavilənin 4-cü bəndinə əsasən satıcı mənzili 50000 manata satmış, alıcı isə həmin qiymətə almışdır; Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür; Müqavilənin 11-ci bəndinə əsasən satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2021-ci il tarixədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür; Müqavilənin 13-cü bəndinə əsasən satıcı xx.xx.2021-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzili xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Əmlakınızın Rəhimov Təyyar və qeyriləri tərəfindən ələ keçirilməsi barədə Respublika Baş Prokurorluğuna daxil olmuş müraciətinə baxılmışdır. Həmin müraciəti qanunamüvafıq qaydada baxılaraq tədbir görülməsi və nəticəsi barədə sizə məlumat verilməsi üçün 02 avqust 2023-cü il tarixdə aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə göndərilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh mülkiyyətində olmuşdur. Cavabdeh xx.xx.2021-ci tarixdə İddiaçı ilə daşınmaz əmlakın alğı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilə bağlayıb, mülkiyyətində olan həmin mənzili İddiaçı sataraq onun mülkiyyətinə vermişdir. İddiaçı 50000 manat məbləğində pulu notariusun depozit hesabına köçürərək, həmin mənzili almışdır. Alğısatqı müqaviləsinin bağlanmasından sonra həmin mənzilə İddiaçı mülkiyyət hüququ tanınmış və mənzil üzərində bu mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixədək mənzili alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürsə də, bu öhdəliklərinin icrasında yayınmış, mənzili tərk etməmişdir. Cavabdeh mənzildən köçməmiş, mənzildə qeydiyyatda qalmış və əmlakı iddiaçıya təhvil verməmişdir. Bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1)mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2)mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, cavabdeh mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozur. Qeyd olunan mənzil üzərində mülkiyyət hüququ həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığı andan ona keçmiş və cavabdeh mülkiyyət hüququnun tərkib hissəsi olan mənzildən istifadə hüquqlarını itirmişdir. Ona görə də, məhkəmə hesba edir ki, iddia tələbi “cavabdehin mənzilindən istifadə hüququna xitam verilməsi” hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, tərələr arasında bağlanmış alğı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2021-ci il tarixədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçının hazırda mülkiyyətçi olmasını nəzərə alaraq bildirir ki, cavabdeh mübahisəli mənzildən çıxarılmalıdır. Məhkəmə vurğulayır ki, yuxarıda da qeyd olunduğu kimi, MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, mülkiyyət hüququ özündə həm də subyektin ona mənsub əmlakdan (əşyadan) öz istədiyi kimi istifadə etmək və sahib olmaq imkanını da nəzərdə tutur. Bu baxımdan, iddiaçı mənzilin boşaldılmış vəziyyətdə ona təhvil verilməsi tələbi onun Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və MM-nin 152-ci maddəsindən irəli gələn istifadə və sahiblik səlahiyyətinin realizəsi kimi qəbul edilməlidir. Qeyd edilən səlahiyyətlərə hər hansı ağlabatan və obyektiv səbəb olmadan müdaxilə isə mülkiyyət hüququnun əsassız məhdudlaşdırılması ilə nəticələnə bilər. Hazırkı mübahisədə isə iddiaçının konstitusion səviyyədə təminat verilən həmin hüquqlarına müdaxilə üçün əsas yoxdur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbinin əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzilindən istifadə hüququna xitam verilməli, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzilindən çıxarılmalı, ünvan 2 ünvanında yerləşən mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzilindən istifadə hüququna xitam verilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzilindən çıxarılsın. ünvan 2 ünvanında yerləşən mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2748/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2748/2023
23.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver