Məhkəmə qərarları › İş №2(007)-2754/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2754/2021

16.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2754/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı, Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdehlər Nizami Rayon İcra və Probasiya Şöbəsinə, “Daşınar və Daşınmaz Əmlakların Satışı X1” MMC-yə və "xxxx"Azərbaycan ASC-yə qarşı qarşı protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Nizami Rayon İcra və Probasiya Şöbəsinə,Daşınar və Daşınmaz Əmlakların Satışı X1 MMC-yə və "xxxx"Azərbaycan ASC-yə qarşı qarşı protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı tələbini onunla əsaslandırdı ki, Nizami Rayon İcra və Probasiya şöbəsinin sifarişi ilə onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən 45 saylı evin 83-cü mənzili, qanunsuz olaraq,onun iştirakı təmin edilmədən,ona məlumat verilmədən hərraca çıxarılaraq satılıb və hərracın nəticələrinə uyğun olaraq həmin əmlak üzərində “Bank VТВ" Azərbaycan ASC-nin mülkiyyət hüquqları qeydiyyata alınıb. Hesab edir ki, belə olan halda Bakı şəhəri Nizami rayon İcra şöbəsinin sifarişi əsasında və “Daşınar və Daşınmaz Əmlakların Satışı X1" MMC-nin təşkilatçılığı ilə baş tutan hərracın yekunları barədə 27 noyabr 2020-ci il tarixli, 45/01 nömrəli protokol etibarsız hesab edilməli və Banka verilən 08.02.2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir.İş materiallarından görünür ki, hərracların keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır. Hərracın nəticələrinin mübahisələndirihnəsinə münasibətdə ilk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilən digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddəi göstərilməlidir. Bu Məcəllədə müəyyənləşdirilən qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.Qeyd olunanlara əsasən Bakı şəhəri Nizami rayon İcra şöbəsinin sifarişi əsasında və “Daşınar və Daşınmaz Əmlakların Satışı X1" MMC-nin təşkilatçılığı ilə baş tutan hərracın yekunları barədə 27 noyabr 2020-ci il tarixli, 45/01 nömrəli protokolun etibarsız hesab edilməsi, 08.02.2014cü il tarixli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, əvvəlcə onu qeyd etmək istəyir ki, tələbin əsası hərracın yekunları barədə protokolun etibarsız hesab olunmasından ibarətdir.Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19.09.2017-cı il tarixli 2(010)- 372/2017 saylı qətnaməsi üzrə tutmanın Bakı şəhəri Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən 45 nömrəli evin 83 saylı mənzilinə yönəldilməsi və həmin mənzilini açıq hərracdan ilkin satış qiyməti 110000 manat olmaqla satılması qət edilib. Bununla bağlı qeyd edir ki, iddiaçı Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19.09.2017-ci il tarixli qətnaməsinin qanuni qüvvəsini aldığını bilirdi və o, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 29-cu maddəsinə əsasən icra icraatının gedişatı ilə maraqlanmaqla digər hüquqlardan isifadə edib. Həmin qanunun 29-cu maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə, etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 72ci maddəsinə əsasən, qanunu bilməmək məsuliyyətdən azad etmir. Yuxarıda qeyd oluananlara əsasən İddiaçı icra icraatı zamanı Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qərarının ləğv edilməsi barədə şikayət verib və həmin şikayətdə əlaqə nömrələrini qeyd edib. Həmçinin “Açıq hərracın keçirilməsinə dair” bildirişlər iddiaçının iddia ərizəsində göstərdiyi, yəni məhkəmə qətnaməsində olan ünvana göndərilib və eyni zamanda hərracın təşkili haqqında “Birja yenilikləri” qəzetində elan verilib. O, cümlədən açıq hərracın keçirilməsinə dair bildirişlərin məzmununu əks etdirən məlumatlar “sms” göndərmə üsulu ilə İddiaçı göndərilib. Üstəlik məhkəmə baxışı zamanı iddiaçıya hərrac bildirişlərində olan nömrələr sizə məxsusdu deyə sual verilib, iddiaçı isə vəkilinin nömrəsidi cavabını bildirib. Göründüyü kimi iddiaçı icra icraatı ilə maraqlanıb və açıq hərracın keçirilməsinə dair onun kifayət qədər vaxtı olub ki, mübahisəli əmlakı hərracdan satın alsın. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında vurğulayır ki, bu (MM 415.2-ci) maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2, 406.1,407.1, 408.1, 408.2-ci və 409.1 -ci maddələrinin mənasına görə hərrac təşkilatı hərraca çıxarılan əmlak(lar)ı realizə etmək üçün qeyri-məhdud şəxslərə təklif edir, iddiaçının məqsədi isə mübahisəli əmlakı satın almaq deyil, hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsidir. Bu arada onu da bildirir ki, Mülki Məcəllənin 416.1-ci maddəsinin dispozisiyası imperativ deyil və hərracın yekunları barədə protokolun mütləq etibarsız hesab olunmasını nəzərdə tutmur.Həmçinin, iddiaçı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsinə çalışır və belə olan halda isə icra icraatının əsassız olaraq, sonsuzadək davam etməsi nəticəsində Bankın hüququnun bərpası təmin olunmayacaq. Avropa Məhkəməsinin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1 -ci bəndində tərəflərə verilən prosessual təminatlar məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına 3 məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılan qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır. Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən edir, Tarverdiyev Azərbaycana qarşı işi üzrə 26 iyul 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı iş üzrə 25 oktyabr 2007-ci il tarixli Qərar, Hacıyevə və başqaları Azərbaycana qarşı iş üzrə 08 iyul 2010-cu il tarixli Qərar və s. Digər tərəfdən onu da qeyd edir ki, Bank hərracın təşkilatçısı olmadığından hərracın keçirilməsini həyata keçirmir və vicdanlı satın alan şəxs olaraq, iddiaçının hansı hüququnu pozub ki, hərrac mərkəzi ilə onun arasında bağlanmış protokol etibarsız hesab olunsun. Belə bir əsas olmadığı üçün tələbin təmin edilməsinə rəvac verə biləcək əsas da mövcud deyil.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012- K il tarixli nəmrınm Azərbaycan Rəspublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il qərarında da KonstitusiyaMəhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranan əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilən konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olub ki,əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur.Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd edir ki, belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2018-ci il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlıqı prezumpsivası qəbul edilib.Bu prezumpsiyaya əsasən dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Beləliklə, aparılan araşdırmalar zamanı iddiaçının bildirdikləri öz təsdiqini tapmayıb. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edirəm iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılsın. Cavabdehlər Nizami Rayon İcra və Probasiya Şöbəsi,Daşınar və Daşınmaz Əmlakların Satışı X1 MMC məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsalar da məhkəməyə nümayəndələrini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Cavabdeh «Daşınar və Daşınmaz Əmlakların Satışı X1” MMC-nin məhkəməyə göndərdiyi sənədlərdən (bildirişlərdən) görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən 45 saylı evin 83-cü mənzilinə dair ilkin hərrac 10.11.2020-ci il tarixinə təkrar hərrac isə 23.2020-ci il tarixinə təyin olunmuşdur. İddiaçı göndərilən həmin bildirişlərdən heç birində qanunla müəyyən olunmuş ən azı 30 təqvim günü qabaqcadan xəbərdar etmə prinsipinə əməl olunmamışdır.Belə ki,01 saylı bildiriş 15.10.2020-ci il tarixdə,02 saylı bildiriş 11.11.2020-ci il tarixdə,təklif adlandırılan məktub isə 24.11.2020-ci il tarixdə,hərrac yekunlaşmazdan 3 gün əvvə göndərilmişdir. Hərracın yekunları barədə 27 noyabr 2020-ci il tarixli,45/01 saylı protokoldan görünür ki, Nizami Rayon İcra və Probasiya şöbəsinin sifarişi üzrə İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən 45 saylı evin 83-cü mənzilinin hərracdan satılması baş tutmadığına görə ipoteka saxlayan Cavabdeh3 ASC-yə təklif olunmuşdur. Hərracın qalibi ipotekasaxlayan Cavabdeh3 ASC elan olunmuşdur. Əmlakın qiyməti ilkin hərrac zamanı 110000 manat,təkrar hərrac zamanı isə 93000 manat müəyyən olunmuş,son olaraq 70125 manata Cavabdeh3 ASC-yə elan olunmuşdur. Cavabdeh «Daşınar və Daşınmaz Əmlakların Satışı X1” MMC-nin İddiaçı ünvanladığı 24.11.2020-ci il tarixli məktubda qeyd olunur ki təkrar hərracın baş tutmaması barədə “Cumhriyyət” qəzətində 24.11.2002-ci il tarixdə elan verilmişdir.Halbuki,işin hallarından görünür ki,ilk hərrac 10 noyabrda,təkrar hərrac 23 noyabrda keçirilmiş,27 noyabrda isə əmlak ipotekasaxlayan bankın adına sadəcə sənədləşdirilmişdir. Göründüyü kimi,kütləvi informasiya vasitəsində yerləşdirilməli elan qanuna müvafiq olaraq hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilməli olduğu halda hərrac keçirən təşkilat tərəfindən bu qaydaya da əməl edilməmişdir. Məhkəmə hesab edir ki, daşınmaz əmlakla bağlı hərrac keçirilərkən qanunvericiliyin müvafiq tələbləri pozulmuş, hərracın keçirilməsi faktiki olaraq formal xarakter daşımışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdı və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfındən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 141.1-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416-cı maddəsinə əsasən hərracın keçirilməsi qaydaları pozularsa maraqlı şəxslərin iddiası üzrə məhkəmə tərəfindən həmin hərrac etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı,habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, hərracın təşkilatçısı olan «Daşınar və Daşınmaz Əmlakların Satışı X1” MMC-nin vəzifəsi “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinin tələblərinə əməl etməmiş,hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, tərəflərə verilməsini təsdiq etmə üsulu ilə hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış birinci elanı vermək və bu barədə tərəflərə bildiriş göndərmək barədə öhdəlikləri yerinə yetirməmişdir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış isə ikinci elan verməli, elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı,habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumatlar göstərilməli olduğu halda bunları da etməmişdir. Göründüyü kimi, hərracın təşkilatçısı olan «Daşınar və Daşınmaz Əmlakların Satışı X1” MMC tərəfindən mübahisəli Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən 45 saylı evin 83-cü mənzilə dair hərracların keçirilməsi və qiymətləndirilməsi qaydaları “İpoteka haqqında” Qanunun yuxarıda istinad olunan 42-ci maddəsinin tələbləri pozulmaqla keçirilmişdir. Bu hərracın keçirilməsi barədə məlumatlara şəxslərin, xüsusən də, hazırkı iddiaçının əlçatımlığı olmamışdır. Hərracın keçirilməsi faktiki olaraq formal xarakter daşımışdır. Məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan hallar hərracın təşkilatçısı olan «Daşınar və Daşınmaz Əmlakların Satışı X1” MMC tərəfindən hərracın keçirilməsinin və təşkilinin pozulması kimi qiymətləndirilməli, bu səbəbdən də keçirilmiş hərrac etibarsız hesab edilməli,onun nəticələri ləğv edilməlidir. Məhkəmə xüsusilə qeyd edir ki, iş üzrə cavabdeh qismində cəlb edilmiş «Daşınar və Daşınmaz Əmlakların Satışı X1” MMC tərəfindən qeyd edilən halların əksini təsdiq edən hər hansı bir sübut, o cümlədən hərracın keçirilməsi və nəticələrindən irəli gələn hərəkətlərin həyata keçirilməsi zamanı həmin sahədə mövcud olan yuxarıda istinad edilən qanunvericilik normalarına əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan sübutlarla isə 1ci və 2-ci hərracların hansı səbəblərdən baş tutmamasını,həmin hərraclarda kimlərin iştirak etməsini və qanunda nəzərdə tutulan hərracların keçirilməsi üçün zəruri hesab edən halları müəyyən etmək mümkün olmamışdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, mübahisəli əmlaka dair hərracın keçirilməsi və qiymətləndirilməsi üzrə yol verilmiş pozuntular nəticə etibarı ilə mübahisəli əmlaka dair Cavabdeh3 ASC adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbinin qanuni əsası mövcuddur.Mübahisələndirilən əqdlərin etibarsız hesab olunması və onların yaratdığı hüquqi nəticələrinin aradan qaldırılması üçün kifayət qədər əsaslar vardır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin sifarişi əsasında və “Daşınar və Daşınmaz Əmlakların Satışı X1" MMC-nin təşkilatçılığı ilə baş tutan hərracın yekunları barədə 27 noyabr 2020-ci il tarixli, 45/01 nömrəli protokol etibarsız hesab edilməsi, 08.02.2014-cü il tarixli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin sifarişi əsasında və “Daşınar və Daşınmaz Əmlakların Satışı X1" MMC-nin təşkilatçılığı ilə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən 45 saylı evin 83-cü mənzili ilə əlaqədar hərracın yekunları barədə 27 noyabr 2020-ci il tarixli, 45/01 nömrəli protokol etibarsız hesab edilsin. Onun hüquqi nəticələri aradan qaldırılsın və Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən 45 saylı evin 83-cü mənzilinin Cavabdeh3 ASC-nin mülkiyyətinə keçməsinə dair 08.02.2014-cü il tarixli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar