Məhkəmə qərarları › İş №2(007)-2756/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2756/2025

02.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2756/2025 02.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Açar sözlər: “pul” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona ödənilməli olan 800 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin tərtibatına 100 manat və məhkəmə xərci üçün tərəfimdən ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 930 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh “Xəzər” restoranını icarayə götürmüş və icarə haqqını ödəmək üçün təqribən 2024-cü ilin oktyabrında ondan 300 (üç yüz) manat nağd pul borc almışdır. Təqribən 2024-cü ilin noyabrında qaytaracağını bildirərək daha 1000 (bir min) manat da nağd pul borc alaraq ümumilikdə 1300 (bir min üç yüz) manat məbləğində borcu yaranmışdır. Qeyd etmək istəyir ki, cavabdehdən dəfələrlə borcunu qaytarmağı tələb etdikdən sonra, nəhayət, Cavabdeh tərəfindən 2025-ci ilin mart ayında 1300 (bir min üç yüz) manat məbləğində nağd borc puldan 500 (beş yüz) manat məbləğində pulu qaytarılmış, ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində borc qalmışdır. Bildirilməsi zəruridir ki, iddia ərizəsinə əlavə edilmiş Cavabdeh ilə watsap yazışmalarından görünür ki, cavabdeh borcunun olduğunu, pulu qaytaracağını etiraf etmişdir. Lakin cavabdeh pulu qaytarmaqdan boyun qaçırmışdır. Qanunvericiliyin tələblərindən də görünür ki, onun cavabdehə qarşı iddia tələbi tam təmin edilməlidir və bunun üçün kifayət qədər əsaslar mövcuddur. Həmçinin, nəzərə çatdırmaq istəyir ki, tərəfindən Xətai Rayon Polis İdarəsinin 36-cı PB-yə müraciət olunmuş və sözügedən orqanın xx.xx.2025-ci il tarixli, H-2828 №-li cavab məktubuna əsasən mübahisənin məhkəmə qaydasında həll edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bütün bunlara əsasən, o, Cavabdeh tərəfindən ona ödənilməli olan 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin tərtibatına 100 (bir yüz) manat və məhkəmə xərci üçün tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 930 (doqquz yüz otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona geri qaytarılmasına dair son ümidi ilə ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, əvvəllər cavabdehi tanımamışdır. Onunla 2024-cü ilin oktyabr ayında tanışlığı olub. Öncə noyabr ayında ondan 300 manat istədi, o da verdi, 10 gün sonra isə 1000 manat istədi, yenə verdi. Ondan pulu alanda tez qaytaracağını demişdi. Borcdan 500 manatı 2025-ci ilin mart ayında qaytardı. İndi isə 800 manat borcu qalıb. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qəbul edir. O, həmin vaxt başqa restoranda direktor işləyirdi. Obyektdə icarə ilə bağlı problemi var idi, sonra həmin obyekt ziyana getdi və bağlandı. İndi başqa restoranda işləyir. Borc aldığı 800 manatı qaytaracaq.

İş materialları:

5. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 30.60 manat dövlət rüsumu ödəmişdir.

6. 03.07.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin tətbiqinə görə Bakı Şəhəri 34 saylı Vəkil Bürosuna 100 manat ödəniş etmişdir.

7. Xətai Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, mövcud məsələ ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur.

8. “Watsap” yazışmalarından görünür ki, Cavabdeh borcunu etiraf etmiş və ödəyəcəyini bildirmişdir.

İşin faktiki halları:

9. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh ümumilikdə 1300 manat məbləğində borc pul vermişdir. Cavabdeh həmin puldan 500 manat qaytarmışdır. Məhkəmə iclasında cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul edir və iddiaçıya olan borcunu qaytaracaq.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Məhkəmənin mövqeyi:

11. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

12. Göründüyü kimi cavabdeh iddia tələbini qəbul edir və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

Məhkəmə baxışının hədləri:

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

14. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

Nəticə:

15. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 800 manat məbləğində pul, iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 100 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.

16. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia təmin edilsin. Cavabdeh 800 manat məbləğində pul, iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 100 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar