Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2762/2025 11.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızı sədrliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “məhkəmənin qanuni qüvvəyə minməmiş qətnaməsi üzrə cavabdehin özbaşına hərəkətinin dayandırılması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh MTK-ya qarşı “məhkəmənin qanuni qüvvəyə minməmiş qətnaməsi üzrə cavabdehin özbaşına hərəkətinin dayandırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh MTK-nın ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış obyektinin söküntüsünün dayandırılması və dövlət rüsumunun Cavabdeh MTK tərəfindən ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.
3. “Dövlət rüsumu haqqında” Qanun :
8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir.
Məhkəmənin mövqeyi :
4. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
5. Belə ki, mülki prossesual qanunvericiliyə əsasən iddia ərizəsi ilə müraciət olunan zaman qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməli və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməlidir.
6. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
7. Halbuki, “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir.
8. Belə olan halda, məhkəmə qeyd edir ki, ərizə ona əlavə edilmiş sənədlər ilə birlikdə iddiaçıya geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir.
9. Həmçinin iddia ərizəsindən görünür ki, hazırda iddiaçının məqsədi müstəqil iddia ərizəsi ilə məhkəməyə müraciət etmək deyil də, yekun məhkəmə aktı çıxarılmış, lakin qanuni qüvvəsini almamış məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək, yəni müvəqqəti zaman kəsiyində cavabdehə müəyyən hərəkətlərin edilməsinin qadağan edilməsindən ibarətdir.
10. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı söküntünün dayandırılmasının cavabdehə qadağan edilməsi ilə bağlı iddia ərizəsi ilə deyil də, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edilməsinə dair müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edə bilər.
Nəticə :
11. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu (Ödəyici:İddiaçı, FİN: xxxxxxx; qəbzin nömrəsi:**********; tarix:xx.xx.2025, saat:15:12:00) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
12. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264,268 maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Cavabdeh MTK-ya qarşı “məhkəmənin qanuni qüvvəyə minməmiş qətnaməsi üzrə cavabdehin özbaşına hərəkətinin dayandırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu (Ödəyici:İddiaçı, FİN: xxxxxxx; qəbzin nömrəsi:**********; tarix:xx.xx.2025, saat:15:12:00) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva