Məhkəmə qərarları › İş №2(007)-278/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-278/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-278/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı Sığorta şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasına qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasına qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasından müştərək qaydada “Audi A6” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 2882 manat pulun və ödənilmiş 49,22 manat dövlət rüsumunun İddiaçı Sığorta şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 tərəfindən idarə olunan “Karsan Atak" markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “Audi A6" markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilləri ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində “Atəşgah" Sığorta Şirkətində könüllü sığortalı olan “Audi A6" markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7982 manat maddi ziyan dəymişdir. Həmçinin Cavabdeh1 sürücü kimi “General-Auto-Company" Firmasında işləyir və “Karsan Atak" markalı, **-JT- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini yol vərəqəsinə uyğun olaraq idarə etmişdir. O, xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh1 təqsirli olduğuna görə Cavabdeh1 və "xxxx" Firmasına qarşı subroqasiya hüquqları yaranmışdır. "xxxx" Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış "Audi A6" markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 100 manat franşiza (azadolma) çıxılmaqla, 7882 manat sığorta ödənişi həyata keçirmişdir. "xxxx" şirkəti ASC “Karsan Atak" markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta şirkəti olaraq subroqasiya qaydasında dəymiş zərərin 5000 manat pulu əvəzləşdirmişdir. Beləliklə, 2882 manat pul Cavabdeh1 və "xxxx" Firmasından iddiaçı "Atəşgah” Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmiş, İddiaçı Sığorta şirkəti ASC məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştiraklarının mümkün olmayacağını bildirmiş və məhkəmə iclaslarını iştirakları olmadan keçirməklə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı Sığorta şirkəti ASC-nin İdarə Heyətinin sədri X1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, dəyişdirilən detalların üzərinə ƏDV-nin məbləği gəlinməmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh2 Firmasının nümayəndəsi X2 iddiaya münasibətdə bildirmişdir ki, hadisə vaxtı orada olmuş, avtomobilin yol şüşəsi çıxmışdır. Sığorta şirkəti hazırda dəyişdiyi detalların ƏDV-ni məbləğin üzərinə gəlir. Onlar məbləğlə razı deyillər, onların avtobuslarının qiyməti elə 370000 manatdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh2 Firmasının mülkiyyətində olan Cavabdeh1 idarə etdiyi Karsan Atak" markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Cavabdeh1 yol-nəqliyyat hadisəsi törədərək İddiaçı Sığorta şirkəti ASC tərəfindən sığortalanmış “Audi A6” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında Protokola və xx.xx.2020-ci il tarixli TP 344236 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməsi müəyyən edilmişdir. “European Cars” LTD tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktı ilə “Audi A6” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 8630 manat, endirim ilə 7982 manat müəyyən edilmiş və ASC tərəfindən tərtib edilmiş sığorta aktı ilə zərər məbləği və sığorta ödənişi 7982 manat olaraq zərərvurulmuş avtomobilin sahibinə ödənilmişdir. Atəşgah sığorta" şirkəti ASC “Karsan Atak" markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta şirkəti olaraq subroqasiya qaydasında dəymiş zərərin 5000 manat pulu əvəzləşdirmişdir. Hazırda iddiaçı tərəfindən 2882 manat pulun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə “European Cars” LTD-nin xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Audi A6” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6983,0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə isə qeyd edilmişdir ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Yolnəqliyyat hadisələrinin ekspertizası hadisənin baş verməsinə səbəb ola bilən sükan və tormoz sistemində nasazlıqlar aşkar olunması və həmin nasazlıqların hadisənin baş verməsinə səbəb olub-olmaması məsələlərini həll edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, hazırda iş materialları ilə Cavabdeh1 Cavabdeh2 Firmasında işlədiyi və yol vərəqəsinə uyğun idarə etdiyi “Karsan Atak" markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə “Audi A6" markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə zərər vurduğu, avtomobilə 100 manat franşiza (azadolma) çıxılmaqla, 7882 manat sığorta ödənişi etməsi, "xxxx" şirkəti ASC “Karsan Atak" markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta şirkəti olaraq subroqasiya qaydasında dəymiş zərərin 5000 manat pulunun əvəzləşdirilməsi müəyyən edilmişdir. İddiaçıya subroqasiya qaydasında dəymiş zərərin məbləği müəyyənləşdirilərkən xx.xx.2023-cü il tarixli ekspert rəyi nəzərə alınaraq 6983 manat məbləğdən 5000 manat əvəzləşdirilmə və 100 manat franşiza (azadolma) məbləği çıxılmaqla 1883 manat müəyyən edilməli və həmin məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı Sığorta şirkəti ASC tərəfindən dövlət rüsumuna görə ödənilmiş 49,22 manat cavabdehlərdən müştərək qaydadA tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehlərdən müştərək qaydada məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100,0 manat və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat vəsait Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" Fı̇ rmasından və Qulı̇ yev Elvı̇ n Fazı̇ l oğlundan "xxxx" Siğorta Şı̇ rkətı̇ ASC-nin xeyrinə müştərək qaydada 1883 manat və dövlət rüsumuna görə 49,22 manat vəsaitin əvəzi tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" Fı̇ rmasından və Qulı̇ yev Elvı̇ n Fazı̇ l oğlundan "xxxx" Siğorta Şı̇ rkətı̇ ASC-nin xeyrinə müştərək qaydada 1883 manat və dövlət rüsumuna görə 49,22 manat vəsaitin əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100,0 manat və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 50,0 manat manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasından müştərək qaydada tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar