Məhkəmə qərarları › İş №2(007)-2782/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2782/2021

11.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2782/2021 11.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı İddiaçı Hasan Alı X2 cavabdeh Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı “nikahın qeydə alınması” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Hasan Alı X2 cavabdeh Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı “nikahın qeydə alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bəhreyn vətəndaşı İddiaçı Alnesaif ilə X1 arasında rəsmi nikahın qeydə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalı və iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında nikahın bağlanmasının forma və qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində əcnəbi şəxs üçün nikahın bağlanma şərtləri onun ölkəsinin qanunvericiliyi ilə və bu Məcəllənin 12-ci maddəsindəki tələblərə əməl olunmaqla müəyyən edilir. Belə ki, iddia ərizəsindən görünür ki, uzun müddətdir ki, iddiaçı X1 ilə faktiki nikahda yaşayırlar. Faktiki nikahdan iki övladları olmuşdur. Hazırda rəsmi nikaha daxil olmaq zərurəti yarandığından, aralarında rəsmi nikahın bağlanması qənaətinə gəlmişlər. Bununla bağlı, Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmişlər, lakin qeydiyyat şöbəsi tərəfindən ərizəyə imtina cavabı verilmişdir. İmtina məktubu onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə olunmuş sənədə əsasən Bəhreyn vətəndaşı Hasan Alı X2 evli olduğu faktı qeyd olunan qanunvericilik normaları ilə ziddiyyət təşkil etdiyindən nikahın qeydə alınmasından imtina olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12.0.3-cü maddəsinə əsasən ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. İddia ərizəsinə əlavə olunmuş iddiaçıya aid Behreyn krallığının pasportunun tərcüməsindən iddiaçı barədə şəxsi məlumatlar qeyd olunsa da evli və ya subay olması qeyd olunmamışdır. Qanunvericiliyin tələbindən də aydın görünür ki, tərəflərdən hər hansı biri və ya hər ikisi başqası ilə nikahdadırsa, həmin şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Belə olan halda, Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi də qanunvericiliyin tələbinə riayət edərək, haqlı olaraq Bəhreyn vətəndaşı Hasan Alı X2 evli olmadığını müəyyən etmək mümkün olmadığı üçün qeyd olunan qanunvericilik normaları ilə ziddiyyət təşkil etdiyindən nikahın qeydə alınmasından imtina etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2 və 2.2.5-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, iddiaçı inzibati orqanının hərəkət (hərəkətsizliyindən) inzibati orqana müraciət etməli olduğu halda, Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət etmişdir. İnzibati orqan müraciətə cavab vermədikdə və ya imtina cavabı verdikdə qeyd olunan iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Həmçinin də onu qeyd etmək lazımdır ki, məhkəmə nikahı qeydə alan orqan deyildir. Nikahın qeydə alınması Qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Beləliklə məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsi hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyət qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyilsə hakim ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, hazırki ərizə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, həmin müraciətə cavab almadıqda və ya imtina cavabını aldıqda mübahisə ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququna malikdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Hasan Alı X2 cavabdeh Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı “nikahın qeydə alınması” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya hazırkı iddia ərizəsində göstərilən məsələ ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar