Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2825/2022 26.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Aydabekoviçin Cavabdeh ASC-yə qarşı “deposit hesabındakı pul vəsaitinin əvvəlki dövrün dollara olan məzənnəsi ilə indeksasiya edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Aydabekoviç Cavabdeh ASC-yə qarşı “deposit hesabındakı pul vəsaitinin əvvəlki dövrün dollara olan məzənnəsi ilə indeksasiya edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək, hesab edirəm ki, ərizə baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. 8.3-cü maddəsinə əsasən bu Məcəllənin 8.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə işdə iştirak edən şəxslərə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. 11-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində- Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. İşdə iştirak edən, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərə işin bütün materialları ilə tanış olmaq, izahat, ifadə və rəy vermək, məhkəmədə çıxış etmək, vəsatət qaldırmaq, ana dilində şikayət etmək, həmçinin bu Məcəlləyə uyğun olaraq pulsuz tərcüməçi xidmətindən istifadə etmək hüququ izah və təmin olunur. Məhkəmə sənədləri işdə iştirak edən şəxslərə məhkəmə icraatının aparıldığı dildə verilir. 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin X hissəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. İşin iştirakçısı olub məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin işin materialları ilə tam tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsi ilə iştirak etmək və məhkəmədə ana dilində çıxış etmək hüququ təmin edilir. Hazırki halda müəyyən edildi ki, iddia ərizəsi məhkəmə icraatının aparıldığı dildə - Azərbaycan dilində tərtib edilməmişdir ki, bu da, dili bilməyən şəxslərin hüquqlarının təmin edilməsi və icraatın dövlət dilində aparılması barədə konstitusion prinsipə ziddir, işdə iştirak edən digər şəxslərin hüquqlarını məhdudlaşdırır, həmin məsələ bir tərəfə imtiyaz (güzəşt) edilməklə bərabərlik hüququnu pozur və mülki prosessual qanunvericiliyin prinsipləri ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinin tələbinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməlidir. Göründüyü kimi, qanunverici hüquqi şəxsə qarşı iddianın verilməsini hüquqi şəxsin ünvanının olduğu yeri nəzərə alaraq müəyyənləşdirmişdir. İddia ərizəsindən isə görünür ki, Cavabdeh ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1ə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməli olduğu halda, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunan nöqsanlara əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə, yəni Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Aydabekoviçin Cavabdeh ASC-yə qarşı “deposit hesabındakı pul vəsaitinin əvvəlki dövrün dollara olan məzənnəsi ilə indeksasiya edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılsın. Qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə, yəni Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2825/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2825/2022
26.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver