Məhkəmə qərarları › İş №2(007)-2835/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2835/2025

17.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2835/2025 17.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “podrat müqaviləsi üzrə pul tələbi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 8500 manat pul vəsaiti və ödənilmiş 105 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə ev alqı-satqısı zamanı tanış olmuş və ona mənzil alıb satmaqda köməklik etmişdir. Sonra mənzili təmir etmək niyyətində olan zaman, tanışının vasitəsi ilə prorab kimi evin tam təmrini üzərinə götürmüşdür. 2021-ci ilin mart ayında Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçvani küçəsi 3068 saylı məhəllədə yerləşən 4 saylı, ümumi sahəsi 48 kv metr olan 2 otaqlı 45C saylı mənzilə dəvət olunmuş və həmin mənzilin təmir edilməsini, qaz və işığın çəkilməsini ona sifariş etmişdir. Cavabdeh evi təmir etdirmək, işıq sayğacı qoyulmasına kömək etmək adı ilə 1100 manat, 8000 manat və 1200 manat olmaqla, ümumilikdə 10300 manat pulu almış, evin təmirinə başlamışdir. Evdə elektrik, tavan alçipan vurma və divarlarda suvaq işləri gördürmüş və hazıradək qalan işləri yarımçıq qoymuşdur. Dəfələrlə cavabdehdən işi bitirməsini və ya pulun geri qaytarılmasını tələb etsə də, cavabdeh müxtəlif yalan səbəblər gətirərək, üzərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırmışdır. O,məcbur qalıb ərizə ilə polisə müraciət etmişdir. Cavabdeh Polis İdarəsinə dəvət olunmuş, orada izahat verərək, həqiqətən də hissə-hissə olmaqla 10300 manat aldığını və pulun bir hissəsini, 2000 manatını evin təmirinə xərclədiyini, qalan 8500 manatı isə öz şəxsi maddi ehtiyaclarının qarşılanmasına sərf etdiyini bildirmişdir. Lakin tərəfindən sifariş edilmiş ekpertiza rəyində mənzilin təmirinə 1800 manat xərc çəkildiyi müəyyən edilmişdir. Odur ki, hazırda cavabdehin ona 8500 manat borcu qalmışdır (10300- 1800=8500).

İş materialları :

3. Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Elnur Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin icraatına xitam verilməsi haqqında” qərardan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* saylı cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə xitam verilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittihamda özünü təqsirli bilmiş və ifadəsində İddiaçı ərizəsi ilə tanış olduğunu, İddiaçı 2021-ci ildə təsadüfən tanıdığını, onunla tanışlığı onun vasitəsi ilə mənzil alması olduğunu bildirmişdir. Belə ki, İddiaçı hazırda təmir etdirdiyi mənzili onun vasitəsi ilə aldığını demişdir. İddiaçı mənzili alan zaman mənzilini təmir etdirməsini ondan soruşmuş, o, mənzili təmir edə biləcəyini demişdir. Sonradan aralarında olan şifahi razılaşmaya əsasən İddiaçı mənzilin tam təmir olunub təhvil verilməsi üçün ona 11.000 (on bir min) manat pul verməli olduğunu, o, da bunun əvəzində mənzili tam təmir etdirib ona təhvil verməli olduğunu demişdir. Beləliklə 2021-ci ilin yay aylarından başlayaraq İddiaçı hissə-hissə olmaqla ona tanışı Rəşad Zaidovun vasitəsi ilə ümumilikdə 10.300 manat pul verdiyini, o, da onun mənzilinin təmiri üçün 2000 manat dəyərində təmir işləri etdirdiyini və avadanlıqlar aldığını bildirmişdir. Mənzilin təmiri üçün 2000 manat xərclədikdən sonra onun maddi çətinliyi olduğuna görə mənzilin təmirini davam etdirə bilmədiyini, ona görə də hazırkı vaxtadək İddiaçınm mənzilinin təmir işlərini dayandığını bildirmişdir. Hazırkı vaxtadək İddiaçı mənzilində elektrik işləri, divarların və tavanın üzlüklərlə cilalanması işləri və kanalizasiya sistemi işləri görüldüyünü bildirmişdir. Belə ki, həqiqətdə hissə-hissə olmaqla 10.300 manat aldığını və onun 2000 manatını evin təmirinə xərclədiyini, qalan 8300 manatı isə öz şəxsi maddi ehtiyaclarının qarşılanmasına sərf etdiyini bildirmişdir. O, etdiyi əməldən peşman olduğunu və yaxın vaxtlarda Sevda xanımdan aldığı pulu ona 3 ay ərzində qaytarmağa söz verdiyini bildirmişdir.

4. “Yeni Dövr qiymətləndirmə mərkəzi” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli S- 045/2023 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçvani küçəsi 3068 saylı məhəllədə yerləşən 4 saylı, ümumi sahəsi 48 kv metr olan 1 otaqlı 45C saylı mənzilin əvvəlki vəziyyətini nəzərə alaraq sonradan aparılmış təmir- tikinti işlərinin ümumi dəyəri 1840 manat təşkil edir.

5. İş materiallarına “Whatsapp” yazışmaları əlavə edilmişdir. 6.xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 104.6 manat dövlət rüsumu ödənilmişdir.

7. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 1 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

8. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, cavabdeh onunla əlaqə saxlayaraq məhkəmə iclası barədə məlumatlı olduğunu, hazırda Qarabağ bölgəsində işlədiyi üçün məhkəmə iclasında iştirak edə bilmədiyini və məhkəməyə ərizə göndərəcəyini bildirmişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

10. İddiaçı ilə Cavabdeh arasında iddiaçıya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 3068 saylı məhəllədə yerləşən 4 saylı, 35C saylı mənzilin təmiri ilə bağlı şifahi razılaşma əldə edilmişdir.

11. Tərəflər arasında müqavilənin dəyəri 11000 manat olaraq müəyyən edilmiş, iddiaçı tərəfindən cavabdehə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 3068 saylı məhəllədə yerləşən 4 saylı, 35C saylı mənzilin təmiri üçün 10300 manat məbləğində pul vəsaiti verilmişdir.

12. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 3068 saylı məhəllədə yerləşən 4 saylı, 35C saylı mənzilin təmiri ilə bağlı üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçı tərəfindən verilən pul vəsaitinin müəyyən hissəsini mənzilin təmiri üçün, müəyyən hissəsini isə şəxsi ehtiyacları üçün sərf etmişdir.

13. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 3068 saylı məhəllədə yerləşən 4 saylı, 35C saylı mənzilində görülən təmir işlərinin dəyəri mütəxəssis rəyinə əsasən 1840 manat müəyyən edilmişdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1 öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

Məhkəmənin mövqeyi :

16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən tələbi təmin edilməlidir.

17. İddiaçı tərəfindən Cavabdeh qarşı “8500 manat məbləğində pul vəsaitinin tutulması” tələbi cavabdeh tərəfindən ona məxsus olan mənzilin təmiri ilə bağlı üzərinə götürülən öhdəliyin lazımi qaydada icra edilməməsi ilə əsaslandırılmışdır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir.

19. Tələbin qanuni əsası dedikdə isə qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

20. Müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında iddiaçıya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 3068 saylı məhəllədə yerləşən 4 saylı, 35C saylı mənzilin cavabdeh tərəfindən təmiri ilə bağlı razılaşma əldə edilmişdir.

21. Belə olan halda iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsi nəzərdən keçirilə bilər.

22. Həmin normaya əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

23. Müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 3068 saylı məhəllədə yerləşən 4 saylı, 35C saylı mənzilin təmiri üçün cavabdehə 10300 manat məbləğində pul vəsaiti verilmişdir. Cavabdeh isə həmin mənzili tam təmir edib iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçı tərəfindən verilən pul vəsaitinin müəyyən hissəsini mənzilin təmiri üçün sərf etsə də, qalan hissəsini şəxsi ehtiyacları üçün sərf etmişdir.

24. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş Nərimanov rayon polis idarəsi istintaq şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərara əsasən müəyyən edilmişdir ki, İddiaçı müraciəti əsasında Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış və Cavabdeh təqsirləndirilən şəxs qismində izahatı alınmışdır. Cavabdeh izahatında İddiaçı onun evinin təmiri üçün 10300 manat məbləğində pul vəsaiti aldığını, həmin pul vəsaitinin 2000 manat hissəsini evin təmiri üçün sərf etdiyini, qalan hissəsini isə şəxsi ehtiyacları üçün sərf etdiyini bildirmişdir.

25. Cavabdeh ibtidai istintaqda verdiyi izahatında evin təmiri üçün 2000 manat məbləğində pul vəsaiti sərf etdiyini bildirsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə əsasən evin təmiri üçün 1840 manat xərc çəkildiyi müəyyən edilmişdir.

26. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən mütəxəssis rəyinin mötəbərsizliyi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Ümumiyyətlə cavabdeh iddiaçı tərəfindən ona qarşı irəli sürülən iddia tələbi barədə məlumatlı olsa da (iddiaçı ilə aralarında aparılan “whtasapp yazışmaları”na əsasən), iddia tələbinə, tələb edilən məbləğə etirazını bildirməmişdir.

27. Həmçinin məhkəmə qeyd edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 3068 saylı məhəllədə yerləşən 4 saylı, 35C saylı mənzilin təmiri üçün çəkilmiş xərclərin mütəxəssis rəyi ilə müəyyən edilən dəyəri ilə, cavabdehin ibtidai istintaqda verdiyi izahatında bildirdiyi məbləğ arasında əhəmiyyətli fərq olmadığından məhkəmə tərəfindən yenidən qiymətləndirilmə aparılaraq çəkilmiş xərclərin dəyəri müəyyən edilməmişdir.

28. Məhkəmə qeyd edir ki, işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürülən öhdəlik yerinə yetirilərək ona məxsus olan mənzilin təmiri üçün cavabdehə 10300 manat məbləğində pul vəsaiti versə də, cavabdeh müqavilə üzrə üzərinə götürülən öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Yəni iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icrası ilə bağlı dəfələrlə tələb irəli sürülməsinə baxmayaraq, müqavilə şərtlərinə uyğun olaraq mənzili tam təmir edərək iddiaçıya təhvil verməmişdir.

29. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdeh X1 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi işin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edildiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri :

30. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 104.6 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

31. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 8460 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 104.6 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 8460 (səkkiz min dörd yüz altmış) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 104.60 (bir yüz dörd manat 60 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar