Məhkəmə qərarları › İş №2(007)-2847/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2847/2025

09.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2847/2025 09.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibib Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı Səlı̇ mov Alcan Doluxan oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7713,75 manat pulun və ödədiyi 97,14 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" ASC-nin "Səbail” filialı arasında bağlanmış 26 yanvar 2015-ci il tarixli, 127-xx.xx.2015-SM28 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən kredit üzrə əsas borc və istifadə olunmuş vəsaitə 22%-lə hesablanmış illik faiz borcu, müəyyənləşdirilmiş qrafik üzrə hər ay iddiaçıya ödənilməli idi. Eyni zamanda, o, 26 yanvar 2015-ci il tarixdə bankla zaminlik müqaviləsi bağlayaraq 26 yanvar 2015-ci il tarixli, 127-xx.xx.2015-SM28 saylı kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. Lakin Cavabdeh kredit vəsaitindən istifadə etsə də, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Nəticədə Cavabdeh iddiaçıya əsas borc qismində 6.751 manat 35 qəpik, faiz borcu qismində isə 429 manat 73 qəpik məbləğində borcu yaranmışdır. Bundan sonra "xxxx" ASC Cavabdeh və İddiaçı qarşı əsas borc qismində 6.751 manat 35 qəpik, faiz borcu qismində isə 429 manat 73 qəpik, cəmi 7.181 manat 08 qəpik məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)- 985/2016 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh və İddiaçı "xxxx" ASCnin xeyrinə əsas borc qismində 6.751 (altı min yeddi yüz əlli bir) manat 35 (otuz beş) qəpik, faiz borcu qismində 429 (dörd yüz iyirmi doqquz) manat 73 (yetmiş üç) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 7.211 (yeddi min iki yüz on bir) manat 08 (səkkiz qəpik) məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Qətnamə xx.xx.2016-cı il tarixdə qanuni qüvvəsini aldıqdan sonra icra vərəqəsi verilmişdir. O, SOCAR-da işlədiyi üçün Cavabdeh kredit borcu tam olaraq onun əmək haqqısından tutulmuşdur. Cavabdeh banka olan 7181,08 manat kredit borcunun 2423,38 manatı məhkəmə qərarı olmadan əmək haqqımdan tutulmuş, qalan 4757,70 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və 7 faiz icra ödənişi olan 502,67 manat da tam olaraq icra sənədinə əsasən onun əmək haqqısından tutulmuşdur. Ümumilikdə ondan Cavabdeh banka olan kredit borcuna görə 7713,75 manat pul tutulmuşdur. O, dəfələrlə cavabdehdən pulunu istıəsə də hal-hazıra kimi pulunu geri qaytarmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh icra sənədi üzrə bir dəfə 285 manat olaraq ödəniş etmişdir. Ona Cavabdeh hələ qərar çıxmamışdan öncə Naxçıvandan pulu ödəyəcəyini bildirib. Ancaq ödəməmişdir. Ondan tutulan məbləğləri cavabdeh ona ödəməlidir. İcra sənədi üzrə 2360 manat kartından tutulmuş, qalan məbləği də icra məmuru əmək haqqısından tutmuşdur. Faiqin qəbul etdiyi 2300 manat onun kartından tutulan vəsaitdir. Qalan məbləğ də Şamaxı Rayon İcra Şöbəsi tərəfindən iş yerinə göndərilmiş məktub əsasında əmək haqqısından tutulmuş və 7 faiz də əlavə icra ödənişini etmişdir. Faiq ödəniş etməsi barədə bildirdikləri ilə bağlı ona sübut təqdim etməmiş və ödənişlərini ona göstərməmişdir. Onun əlavə, yəni vəkilə, gediş-gəlişinə xərcləri çıxmışdır. Lakin bununla bağlı məhkəməyə sübut təqdim edə bilmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarix iclasında “WhatsApp” proqramı vasitəsilə ***-***-**- ** nömrə ilə əlaqə saxlanılaraq izahatı alınmış Cavabdeh iddia tələbinə münasibətdə bildirmişdir ki, onun iddiaçıya verəcəyi məbləğ 2360 manatdır, çünki iddiaçıdan həmin məbləğ tutulmuşdur. Həmin məbləği isə vaxt verilsə, qərar çıxarılsa 4 aya ödəyə bilər. O, icra sənədi üzrə ödənişləri etmişdir. İddiaçı gedib özündən 1000-2000 manat kiməsə pul veribsə bu onun problemi deyil. O, elə böyük məbləğ götürməmişdir ki, onun ödəyəcəyi məbləği Alcanın əmək haqqısından tutsunlar. Nə qədər kredit götürdüyünü xatırlamır. 7000 manat kredit götürmüşdürsə onun ödədikləri hara gedib. Orada təxminən 3000-4000 manat pul qalmalı idi, O, bu yaxınlarda da ürək əməliyyatı olmuş, bir neçə dəfə narkoz almışdır. O, Naxçıvanda Məhkəmə Tibbi Ekspertizasında işləyir. Dekabr ayında məzuniyyətdə olacaqdır, ona görə də xx.xx.2025-ci ildə məhkəmə iclasına gələ bilər. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 26 yanvar 2015-ci il tarixli, 127-xx.xx.2015-SM28 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə 22% faiz dərəcəsi olmaqla 7000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Bu kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq İddiaçı ilə Bank arasında bağlanılmış 26 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən İddiaçı zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuş, razılaşmadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, bununla bağlı xəbərdarlıqları yerinə yetirməmişdir. Buna görə də bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)- 985/2016 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh və İddiaçı "xxxx" ASCnin xeyrinə əsas borc qismində 6.751 (altı min yeddi yüz əlli bir) manat 35 (otuz beş) qəpik, faiz borcu qismində 429 (dörd yüz iyirmi doqquz) manat 73 (yetmiş üç) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 7.211 (yeddi min iki yüz on bir) manat 08 (səkkiz qəpik) məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün aidiyyəti icra orqanına göndərilmişdir. Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin İddiaçı işlədiyi Azneft İB-nə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)-985/2016 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu İddiaçı aldığı əmək haqqından 50 faizini tutaraq 4757,70 manat borcu və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə, tutulacaq məbləğin 7 faizi icra ödənişi olan 502,67 manat isə icra şöbəsinin depozit hesabına keçirilməlidir. İddiaçının təqdim etdiyi ona məxsus xx.xx.2015-xx.xx.2015-ci il və xx.xx.2016-xx.xx.2016cı il tarixli hesabdan çıxarışlar ilə iddiaçıdan zamin olaraq xx.xx.2015-ci il tarixdə 330 manat, xx.xx.2015-ci il tarixdə 412 manat, xx.xx.2015-ci il tarixdə 438 manat, xx.xx.2016-cı il tarixdə 285 manat, xx.xx.2016-cı il tarixdə 236,20 manat, xx.xx.2016-cı il tarixdə 268 manat, xx.xx.2016-cı il tarixdə 195,50 manat pul tutulması, xx.xx.2015-ci il tarixdə isə artıq ödənilmiş 165 manat vəsaitin geri qaytarılması müəyyən olunmuşdur. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh "xxxx" ASC-nin "Səbail” filialı ilə bağladığı 26 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməmiş, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur. Lakin kredit müqaviləsinə əsasən zaminlik daşıyan İddiaçı zamin olaraq öz üzərinə düşən öhdəliyi icra edərək borc məbləğini ödəmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında borcu yaranmış və zamin olaraq İddiaçı borclu Cavabdeh kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb etmək hüququ yaranmışdır. Məhkəmə iddia tələbinə münasibətdə bildirir ki, iddiaçı cavabdehdən 7713,75 manat vəsait tələb etsə də, iş materiallarına əlavə edilmiş sübutlar əsasında 26 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə zamin olaraq iddiaçının kart hesabından 2015-2016-cı il tarixlər üzrə 1999,70 manat pul tutulması, icra şöbəsinin xx.xx.2021-ci il tarixdə iddiaçının iş yerinə ünvanladığı məktub ilə də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli 2(007)-985/2016 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu İddiaçı aldığı əmək haqqından 50 faizi tutaraq 4757,70 manat borcu və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə, tutulacaq məbləğin 7 faizi icra ödənişi olan 502,67 manat isə icra şöbəsinin depozit hesabına keçirilməsi öz təsdiqini tapmışdır. Bununla da məhkəmə hesab edir ki, cavabdehdən ümumilikdə 7290,07 manat pul vəsait iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində onun əmək haqqısından məhkəmə qərarı olmadan 2423,38 manat pul çıxılmasını göstərmiş, məhkəmə iclasında verdiyi izahatında isə 423,68 manat (7713,75-7290,07) fərqin onun tərəfindən vəkilə və gediş-gəliş üçün yol xərcinə çəkilməsini bildirmiş, lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən, yəni 7290,07 manat həcmində təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 97,14 manat məbləğində dövlət rüsumunun 92,90 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 4,24 manat dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 7290,07 manat məbləğ pul vəsaiti və ödənilmiş 92,90 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar