Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2878/2025 22.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 5800 manat borcun və 78 manat ödədiyi dövlət rüsumunun tutularaq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Məhkəmənin mövqeyi :
3. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
4. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.
5. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı hazırki iddia tələbini cavabdehə ümumilikdə 7000 manat məbləğində borc pul verməsi, cavabdeh tərəfindən həmin borc məbləğindən 1200 manat qaytarılması, geri qalan 5800 manat məbləğində borc pul vəsaitinin qaytarılmaması ilə əsaslandırmışdır. Lakin iddiaçı tərəfindən iddia tələbinin faktiki əsasını təşkil edən cavabdehə borc pul verilməsini təsdiq edən sübutlar (qəbz, hesabdan çıxarış və s.) iş materiallarına əlavə edilməmişdir. Halbuki mülki prosesual qanunvericiliyə əsasən iddiaçının ilk vəzifəsi iddia tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməkdir.
6. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
Nəticə :
7. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
8. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva