Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2897/2021 21.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 5 Saylı "ASAN Xidmət" Mərkəzinin Notariat ofisinə qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 5 Saylı "ASAN Xidmət" Mərkəzinin Notariat ofisinə qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19.04.2019-cu ildə kredit verən “Bank Respublika" ASC ilə borcalan qismində olan İddiaçı arasında 19006-S059302/715311 saylı kredit xətti müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən kreditverən borcalana 200000 (iki yüz min) AZN məbləğində 120 (bir yüz iyirmi) ay müddətinə 19.04.2029-cu il tarixinədək kredit limiti ayırır və kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma imzalamaqla kredit verməyi öhdəsinə götürür. 26.04.2019-cu ildə kreditverənlə borcalan arasında №1 razılaşma bağlanmış, razılaşmanın 1-ci bəndinə əsasən kreditverən illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 25.04.2022-ci il tarixinədək 0 (sıfır) ay güzəşt olmaqla 40000 (qırx min) AZN məbləğində borc pul vəsaitini borcalanın mülkiyyətinə vermişdir. Razılaşmanın 3-cü bəndinə əsasən kredit dövriyyə vəsaitlərinin artırılması məqsədilə verilmişdir. 25 aprel 2019-cu ildə İddiaçı anası X1 mülkiyyətində olan, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ev 6, 61 saylı mənzil 19.04.2019-cu il tarixli kredit limiti müqaviləsi va bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin təmin edilməsi məqsədilə ipoteka saxlayanın (“Bank Respublika" ASC) qarşısında ipoteka ilə yüklü edilib (19006- S059302)/715345 saylı ipoteka müqaviləsi). 19.04.2019-cu il tarixli kredit limiti müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən iddiaçı aylıq ödəniş olaraq 1528.28 (bir min beş yüz iyirmi səkkiz manat iyirmi səkkiz qəpik) ödəməlidir. 28 oktyabr 2019-cu ildə iddiaçı 1 (bir) illik həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə çağırılıb. İddiaçı əsgərlikdə olsa da, onun ailə üzvləri müqavilə üzrə aylıq məbləği 2020-ci ilin mart ayına qədər vaxtı-vaxtında ödəyib. Ancaq həmin aydan etibarən, bütün dünyada, o cümlədən Azərbaycanda başlayan Covid-19 (koronavirus) pandemiyası ilə əlaqədar sərtləşdirilmiş karantin rejimində iddiaçının ailə üzvləri aylıq ödənişləri etmək imkanından məhrum olub. 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük 2-ci Qarabağ müharibəsi zamanı iddiaçı müharibənin ən qaynar nöqtələrində - Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətlərində gedən döyüşlərdə aktiv iştirak edib. Müharibə başa çatandan sonra da, iddiaçı hərbi xidmətini davam etdirib və 2021-ci ilin yanvar ayının əvvəlindən etibarən Dövlət Sərhəd Xidmətinə təhkim edilib və o, işğaldan azad edilmiş Zəngilan rayonundakı sərhəd xidməti zastavasında, Füzuli və Qubadlı rayonlarında hərbi xidmət göstərib. İddiaçı, baxmayaraq ki, 1 illik həqiqi hərbi xidmətə çağırılmışdı və onun hərbi xidmət dövrü 1 oktyabr 2020-ci ildə başa çatırdı, o, Vətən müharibəsi ilə əlaqədar yalnız 29 aprel 2021ci ildə hərbi xidmətdən təxris edilib. 2021-ci ilin may ayında iddiaçının və ailə üzvlərinin yaşadığı ünvan 1 ünvanına Nizami Rayon İcra Şöbəsinin əməkdaşları gəlib və onlar mənzilə qiymətləndiricinin dəvət ediləcəyini bildiriblər. Ancaq, bunun hüquqi əsası barədə heç bir məlumat verməyiblər. İddiaçının 07 iyun 2021-ci ildə banka şifahi müraciəti əsasında məlum olub ki, 26.04.2019-cu il tarixli 1 saylı Razılaşma üzrə bankın müraciəti əsasında 5 saylı Bakı ‘'Asan xidmət” Mərkəzində Notariat Ofisi 8326 nömrəli, 08.04.2021ci il tarixli icra sənədi verib. İddiaçı vəkil sorğusu əsasında yalnız 09 iyun 2021-ci ildə 5 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat Ofisinin 8326 nömrəli, 08.04.2021-ci il tarixli icra sənədi üzrə materialları əldə edə və onunla tanış ola bilib. 5 saylı Bakı "Asan xidmət” mərkəzində xüsusi notarius X5 tərəfindən verilmiş 08.04.2021-ci il tarixli “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında İcra Qeydinə” əsasən ipoteka saxlayan "xxxx" ASC-nin tələbi ilə ipoteka qoyan X2 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ev 6, mənzil 61 ünvanında yerləşən, ümumi sahəsi 60.3 kv.m olan mənzilə (öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş) 31366.56 manat əsas borc, 5461.95 manat faiz borcu olmaqla, cəmi 36828.51 manat üzrə tutma yönəldilib. İcra qeydinin verilməsi proseduru pozulub. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İcra qeydinə əlavə edilmiş sənədlərdən məlum olur ki, guya tələbkar "Bank Respublika” ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 04.03.2021-c il tarixdə icra qeydinin aparılacağı və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddiaçının və anasının ünvanına iki bildiriş göndərib. İcra qeydinin aparılacağı barədə bildirişdə qeyd edilir ki, borc 20 gün müddətində ödənilmədiyi halda "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. Halbuki, belə bir bildiriş iddiaçının qeydiyyatda olduğu və faktiki yaşadığı ünvana - ünvan 3yıb. İddiaçı 2-ci Qarabağ müharibəsinin iştirakçısı kimi yalnız 29 aprel 2021-ci il tarixdə hərbi xidmətdən tərxis olunub. Ona görə də o, bu bildirişdən tamamilə xəbərsiz olub və ona nə cavab münasibəti, etiraz bildirməyib, nə də notariat ofisinə hər hansı məlumat verə bilməyib. Tələbkar bankın icra qeydinə əlavə etdiyi “Mega Press” məktub və bağlamaların daşınması xidmətinin 05.03.2021-ci il tarixli qəbzində bildirişlərin guya borclu tərəfindər qəbul etməkdən imtina olunduğu qeyd edilsə də, imtina edənin məhz kim olduğu və onun imzası əks olunmayıb. Bir daha vurğulayaq ki, borclu olan iddiaçı bildirişin guya onun ünvanına göndərildiyinin iddia olunduğu tarixdə hələ də hərbi xidmətinə, Vətən qarşısında borcunu yetirməyə davam edirdi. Eyni zamanda onu da bildirək ki, iddiaçının ailə üzvləri də belə bildirişlərdən tamamilə xəbərsiz olublar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli, ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. 08.04.2021-ci il tarixli İcra qeydinə əsasən Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin böyük icra məmuru Zaur Həmzəyev tərəfindən 29.04.2021-ci il tarixli Qiymətləndiricinin dəvət edilməsi haqqında qərar qəbul edilib. Qərarda deyilir ki, 5 saylı Bakı “Asan xidmət" Mərkəzində Notariat Ofisinin 8326 nömrəli, 08.04.2021-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə “Bank Respublika" ASC-nin tələbi ilə ipoteka qoyan X2 məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60.3 kv.m olan mənzilə cəmi 36.828.51 manat borc üzrə tutma yönəldilməsi qərara alınıb. Qərarda "xxxx" MMC-dən nümayəndə dəvət edilməsi qərara alınıb. Zaur Həmzəyevin 01.06.2021-ci il tarixli eyni məzmunlu digər qərarı ilə qiymətləndirici kimi “Legal Prime" MMC-dən nümayəndə dəvət edilməsi qərara alınıb. Qeyd edək ki, hər iki qərarın surəti iddiaçının ünvanına o, yalnız icra qeydindən xəbər tutduğu və bununla bağlı banka və 5 saylı “Asan xidmət” mərkəzinə müraciət etdiyi gün - 07 iyun 2021 -ci il tarixdə poçt vasitəsilə daxil olub. ‘‘Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Sözügedən qanunun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Halbuki, 04.03.2021ci il tarixli sözügedən bildirişlərdə iddiaçının 09.02.2021-ci il tarixə banka olan olan borcunun məbləği 31366.56 manat əsas borc, 5461.95 manat faiz borcu və 229.86 manat cərimə olmaqla, cəmi 37058.37 manat məbləğində qeyd edilir. Tələbkar bankın icra qeydi üçün müraciətinə əlavə etdiyi 09.02.2021-ci il tarixli Borc haqqında Arayışda da borcun yekun məbləğinin 37058.37 manat təşkil etdiyi göstərilib. İcra qeydində isə bu məbləğ 36828.51 manat kimi qeyd edilib. İddiaçı isə tələbkar qarşısında borcunun əslində həm bildirişlərdə, həm də icra qeydində göstəriləndən az olduğunu bildirir və həmin məbləği kredit müqaviləsi üzrə ödədiyi ödəniş qəbzləri əsasında mübahisələndirir. 2-ci Qarabağ müharibəsi zamanı və ondan dərhal sonra Azərbaycan Respiblikası Prezidenti İlham Əliyev cənablarının göstərişi və tapşırığı, Azərbaycan Respublikası Mərkəzi Bankının tövsiyəsi ilə Azərbaycan Banklar Assosiasiyası tərəfindən şəhid ailələrinin, müharibədən zərər çəkmiş vətəndaşların və qazilərin dəstəklənməsi məqsədilə onların banka olan borclarının silinməsi, onlara güzəştlər edilməsi və s. barədə qərarlar qəbul edilmişdir. "xxxx" ASC isə nəinki cənab Prezidentin tapşırıq və göstərişlərinə, Assosiasiyanın qərarlarına riayət etmiş, əksinə 2-ci Qarabağ müharibəsi iştirakçısı olan iddiaçının xəbəri olmadan tamamilə məxfi şəkildə, cavabdeh notaiusla birlikdə “Notariat haqqında” Qanunun tələblərini kobud şəkildə pozaraq onun və uşaqlıq borusunun dəqiqləşdirilməmiş hissəsinin bədxassəli yeni törəməsi mərhələ İİ B G3 (xərçəng xəstəliyi)-dən əziyyət çəkən anası X1 yaşadığı yeganə mənzilə tutmanın yöndəldilməsinə dair qanunsuz və əsassız icra qeydi verib. Bununla da cənab Prezidentin tapşırıqlarının, onun elan etdiyi Vətən müharibəsi iştirakçılarına qayğısı və diqqətinin, Azərbaycan Banklar Assosiasiyasının qərarları gözdən salınmış və əhəmiyyət verilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirib, 5 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat Ofisinin 8326 nömrəli, 08.04.2021-ci il tarixli icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 5 Saylı "ASAN Xidmət" Mərkəzinin Notariat ofisinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Notariat ofisi məhkəmə iclasında nümayədəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclaslarında iştirak etmiş 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi X8 izahatında bildirdi ki, Əbilhəsənovun hərbi xidmətdə və Vətən müharibəsində olması ilə bağlı bankın məlumatı olmamışdır. O, hərbi xidmətdə olanda atası və qardaşı krediti ödəyirdi. Borc pandemiya dövrünü əhatə edir. Yenə də bankın səlahiyyətli şəxsləri ona güzəştlər olunması ilə bağlı atası və özü ilə görüşüblər. Məmməd 1500 manat ödəniş edib. Bu məsələ idarə heyətində müzakirə olunub, lakin qərar qəbul olunmayıb. İddiaçı iddiadan imtina edərsə bank güzəştlər edəcəkdir. İddiaçının 31366.56 manat əsas borcu və 5461.95 faiz borcu vardır. Əgər iddiaçı işin baxılmasına israr edirsə o, da öz növbəsində işin baxılmasına etiraz etmir və iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 19.04.2019-cu il tarixli “Kredit Limiti” müqaviləsindən görünür ki, kredit verən “Bank Respublika" ASC ilə borcalan qismində olan İddiaçı arasında 19006-S059302/715311 sayli kredit xətti müqaviləsi bağlanmış, müqavilənin 1.1ci bəndinə əsasən kreditverən borcalana 200000 (iki yüz min) AZN məbləğində 120 (bir yüz iyirmi) ay müddətinə 19.04.2029-cu il tarixinədək kredit limiti ayırır va kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razışlaşmanı imzalamaqla kredit verməyi öhdəsinə götürür. İş materiallarında olan 26.04.2019-cu il tarixli “Razılaşma №1”-dən görünür ki, kreditverənlə borcalan arasında razılaşma bağlanmış, razılaşmanın 1-ci bəndinə əsasən kreditverən illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 25.04.2022-ci il tarixinədək 0 (sıfir) ay güzəşt olmaqla 40000 (qırx min) AZN məbləğində borc pul vəsaitini borcalanın mülkiyyətinə vermişdir. Razılaşmanın 3-cü bəndinə əsasən kredit dövriyyə vəsaitlərinin artırılması məqsədilə verilmişdir. İş materiallarında olan 25 aprel 2019-cu il tarixli 19006-S059302/715345 saylı “İpoteka müqaviləsi”dən görünür ki, İddiaçı anası X1 mülkiyyətində olan, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ev 6, 61 saylı mənzili 19.04.2019-cu il tarixli kredit limiti müqaviləsi və müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin təmin edilməsi məqsədilə ipoteka saxlayan (“Bank Respublika" ASC) qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 09.02.2021-ci il tarixli “Borc haqqında arayış”dan görünür ki, İddiaçı "xxxx"ASC-yə 19.04.2019-cu il tarixli kredit limit müqaviləsi üzrə cəmi 37058.37 manat borcu vardır. İş materiallarında olan Bakı şəhər, Nizami rayon MKTB-nin 28 saylı MKİS-nin 10.06.2021-ci il tarixli, 368 nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 6, 61 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan SX ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı 28 oktyabr 2019-cu il tarixdə hərbi xidmətə getmiş, 27.09.2020-ci ildən 10.11.2020-ci ilədək Füzuli, Xocavəd, Cəbrayıl rayonları uğrunda döyüşlərdə iştirak etmiş, 29.04.2021-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan 04.03.2021-ci il tarixli “Bildiriş”lərin məzmunundan görünür ki, "xxxx" ASC tərəfindən ünvan 1ünvanına, İddiaçı və X3 məlumat verilərək banka ödənilməli olan kredit və faiz borclarının ödəmə müddətlərini pozduqları üçün icranı təmin etmək üçün tutmanın notariusun icra qeydi əsasında ipoteka predmetinə yönəldilməsi haqqında prosedur başlandığı bildirilmişdir. İş materiallarında olan 05.03.2021-ci il tarixli 231905 və 231906 nömrəli “Qaimə”lərdən görünür ki, icra qeydi və tutma yönəldilmə bidirişi ünvan 1ünvanında olan İddiaçı və X6 tərəfindən alınmaqdan imtina edilmişdir. İş materiallarında olan reyestrdə 8İ-8326 № ilə qeyd edilmiş 08 aprel 2021-ci il tarixli “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında İcra Qeydi”dən görünür ki, 5 saylı Bakı "Asan xidmət” mərkəzində xüsusi notarius X4 ipoteka saxlayan "xxxx" ASC-nin tələbi ilə ipoteka qoyan X2 məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60.3 kv.m olan mənzilə (öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş) 31 366.56 manat əsas borc, 5461.95 manat faiz borcu olmaqla, cəmi 36 828.51 manat üzrə tutma yönəldilmişdir. Məhkəmə, iddia tələbində qeyd olunan halları qanunvericiliyin tələbləri baxımından qiymətlədirərək yekun nəticəyə gəlməyi əsaslı hesab edir. Şərh olunan müqavilə və sənədlərdən aşkar şəkildə görünür ki, iddiaçı tərəfindən "xxxx" ASC-dən kredit pul məbləği götürülmüş və həmin öhdələyinin təminatı kimi anasının mülkiyyətində olan yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə müəyyən edilmiş ödəniş cədvəlində qeyd olunan məbləğ kredit alan, yəni iddiaçı tərəfidən müəyyən müddət ödənməmişdir. Bu hal məhkəmədə izahat vermiş iddiaçının dedikləri ilə də tam təsdiq olunmuş, iddiaçı kredit ödənişlərini o, hərbi xidmətdə olarkən valideyinin ödədiyini, pandemiya ilə əlaqədar ödənişlərin gecikdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, göstərilənlər işin mübahisəsiz hallarıdır. Bununla yanaşı məhkəmə, kredit borcunun gecikdirilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi haqqıda icra qeydinin proseduru və nəticəsinin işin mübahisəli halı olduğu qənaətinə gələrək hesab edir ki, həmin qeydin qanuniliyi mütləq şəkildə araşdırılmalıdır. İcra qeydinin qanuni əsasları qismində Azərbaycan Respublikası Mülki Məcəlləsi, “Notariat haqqında” qanun və Nazirlər Kabinetinin müvafiq qərarı çıxış edir. Azərbaycan Respublikası “Notariat haqqında” Qanununun 76-cı maddəsində göstərilir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-1-ci bəndinin b) yarımbəndində göstərilmişdir ki, icra qeydi almaq üçün ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli” təqdim olunur. Göründüyü kimi qanunvericilik bütün hallarda borclunun əmlakına yönəlmiş tutma barədə məlumatlandırılmasını əsas şərt kimi qoymuş, habelə müvafiq prosedur çərçivəsində bu şərti ətraflı şərh edərək imperativliyini müəyyən etmişdir. Qanuverici orqan tutmanın ipotekaya yönləndirilməsi barədə icra qeydi apararkən notariusa birbaşa olaraq vəzifə kimi müəyyən etmişdir ki, daxil olmuş ərizə barədə borclu məlumatlandırılmış və ya ona bu barədə sənəd təqdim edilmiş olması yoxlanılsın. Hazırkı işdən isə görünür ki, borclunun, yəni iddiaçının onun əmlakına tutmanın yönəldilməsi barədə icra qeydinin aparılmasından xəbəri olmamışdır. İş materiallarından bir daha aydın olur ki, bank tərəfindən müvafiq bildiriş göndərilsə də, həmin bildiriş ünvanlanmış şəxslərə çatmamışdır. Bu hal yuxarıda şərh olunan 05.03.2021-ci il tarixli 231905 və 231906 nömrəli qaimələrlə də tam təsdiq olunur. Həmin qaimələrdə aydın şəkildə yazılmışdır ki, ünvanlanan şəxs məktubu almaqdan imtina etmişdir. Başqa sözlə ifadə olunsa bildirişin ünvanlandığı şəxs zərfinin içərisində olan məktub və ya bildirişin məzmununda xəbərsiz olmuşdur. Məhkəmə, iddiaçının həmin bildirişdən xəbərsiz olmasını inandırıcı və əsaslı hesab edir ona görə ki, onun bu bildirişi almağa fiziki imkanı olmamışdır. Belə ki, yuxarıda şərh olunan hərbi biletdən görünür ki, bildiriş göndərildiyi tarixdə, yəni 05 mart 2021-ci ildə, iddiaçı hərbi xidmətdə olmuş və hərbi xidmətdən yalnız 29 aprel 2021-ci il tarixdə ehtiyata buraxılmışdır. Göründüyü kimi, 08 aprel 2021-ci il tarixli 5 saylı Bakı "Asan xidmət” mərkəzində xüsusi notarius X5 tərəfindən qəbul edilmiş “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında İcra qeydi” tərtib olunarkən borculunun bu qeyd aparılması prosedurundan xəbərinin olub-olmaması yoxlanılmamış, ərizəyə əlavə edilmiş bildirişin göndərilməsi barədə qaimənin olması ilə kifayətlənmiş, həmin qaimənin məzmununa baxmayaraq icra qeydi aparılmışdır. Halbuki yuxarıda da qeyd edildiyi kimi, həmin halın yoxlanılması qanunvericilikdə konkret müəyyən edilərək notariusa vəzifə kimi qoyulmuşdur. Məhkəmə hesab edir ki, 08 aprel 2021-ci il tarixli 5 saylı Bakı "Asan xidmət” mərkəzində xüsusi notarius X4 tərəfindən qəbul edilmiş “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında “İcra Qeydi” qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edilmişdir və buna görə də həmin icra qeydi ləğv edilməlidir. Məhkəmə gəldiyi bu nəticəni qanunvericiliyin tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri 5 saylı "ASAN Xidmət" Mərkəzinin Notariat ofisində təsdiq edilmiş 25 aprel 2019-cu il tarixli, 3M-304 reyestr nömrəli ipoteka müqaviləsi üzrə verilmiş 08 aprel 2021-ci il tarixli 8İ-8326 reyestr nömrəli icra qeydi ləğv edilməli, məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 5 saylı "ASAN Xidmət" Mərkəzinin Notariat ofisində təsdiq edilmiş 25 aprel 2019-cu il tarixli, 3M-304 reyestr nömrəli ipoteka müqaviləsi üzrə verilmiş 08 aprel 2021-ci il tarixli 8İ-8326 reyestr nömrəli icra qeydi ləğv edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2897/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2897/2021
21.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver