Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-290/2024 11.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “maddi zərərin ödənilməsi”) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X1, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat dəymiş maddi ziyanın, 70 manat dövlət rüsumunun, ümumilikdə 5070 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yaşayır. Cavabdeh isə qonşu olmaqla Bakı şəhəri, Nizami rayonu, ünvan 1 saylı mənzilin sahibidir. Cavabdeh həmin mənzilə köçən gündən o, problemlərlə üzləşir. Belə ki, cavabdehin qanunsuz hərəkətləri və səhlənkarlığına görə yaşadığı mənzil sahəsi artıq neçə illərdir ki, mütəmadi şəkildə suyla daşqın edilir. Cavabdehin özünə məxsus olan mənzildən yaşadığı mənzilə su ilə daşqın edilmiş və ona böyük məbləğdə maddi ziyan dəymişdir. Son iki ay ərzində su axıntısının ardı kəsilmir, mənzildə mətbəxdə hər yerə qablar qoymuşlar ki, su ora axsın. Mətbəxinə 2000 manatlıq mebel sifariş etmişdir, lakin su axıntısı nəticəsində həmin mebel bərbad hala düşmüşdür. Dəymiş ziyanla bağlı ustalar tərəfindən mənzilə ilkin baxış keçirilərək, mənzil sahəsinin yenidən qurma və bərpa işləri hazırki vaxta qədər 3000 manat müəyyən edilmişdir. Hadisədən sonra cavabdehə onun mənzilinə ciddi ziyan dəydiyini bildirsə də o, dəymiş ziyanın ödənilməsindən imtina edir. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin qeyri-qanunsuz və səhlənkar hərəkətlərinə görə ona dəymiş maddi ziyan ödənilməlidir.
Cavabdehin etirazı:
3. Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə etiraz edərək İddiaçı Cavabdeh qarşı Bakı Şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldıraraq cavabdehdən 5000 manat dəymiş maddi ziyanın, 70 manat dövlət rüsumunun, ümumilikdə 5070 (beş min yetmiş) manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbində cavabdehin qanunsuz hərəkətləri və səhlənkarlıq nəticəsində ona məxsus mənzildən su daşqın etdiyini və nəticədə iddiaçıya ziyan dəydiyini bildirir. Aşağıda göstərilənlərə görə iddia tələbi əsassızdır və rədd edilməlidir. Təxminən sentyabr ayının əvvəlində iddiaçı cavabdehə xəbərdarlıq etmişdir ki, cavabdehin mənzilindən onun mənzilinin mətbəx hissəsinə su axır. Həmin vaxt cavabdeh Rusiya Federasiyasında olduğundan qayınatası Ağası Hüseynovdan axıntının qarşısının alınması üçün dərhal müvafiq tədbir görülməsini xahiş etmişdir. Ağasi Hüseynov cavabdehin mənzilindən su axıdılmadığına əmin olduqdan sonra 12 saylı Mənzil İstismar sahəsinin əməkdaşlarına cavabdehin mənzilinə baxış keçirilməsini xahiş etmişdir və həmin əməkdaşlar da suyun iddiaçının mənzilinə haradan axmasını müəyyən edə bilməmişlər. X10 iddiaçının mənzilinə suyun haradan axdığını müəyyən etmək üçün mütəxəssis dəvət etmiş və həmin mütəxəssis sızma aparatı ilə mənzilin bütün sahələrini yoxlamış və cavabdehin mənzilindən su sızıntısı olmadığını bildirmişdir. Bundan X10 cavabdehin ailəsini bir həftəlik öz evinə aparmış və cavabdehin mənzilində yaşayış olmadığı bir həftəlik müddətdə də iddiaçı onun mənzilinə su axdığını təkrar bildirmişdir. Ağasi Hüseynov cavabdehin xahişi ilə məcbur olaraq suyun iddiaçının mənzilinə haradan axmasını müəyyən etmək üçün cavabdehin mənzilinin hamam, ayaqyolu və mətbəx hissəsinin döşəmə və divarlarını tamamilə sökmüşdür. Sonda müəyyən olunmuşdur ki, binanın əsas su xəttindən iddiaçının mənzilinin tavan arasına su damcıldayır, həmin damcılar isə özünə yol taparaq iddiaçının mənzilinə gedən qaz boru xətti vasitəsilə iddiaçının mətbəxinə axır. Göründüyü kimi iddiaçının mənzilinə cavabdehin mənzilindən su axıdılmamışdır, su axını şaxtada olmuşdur, borudan axan su həmin borunun cavabdehin mənzilinə daxil olmayan hissəsində baş vermişdir, suyun axmasına görə cavabdehin hər hansı bir təqsiri yoxdur və heç bir məsuliyyət daşımır. Su axınını müəyyən etmək üçün cavabdehin mənzilinin hamam, ayaqyolu və mətbəx hissəsinin döşəmə və divarları tamamilə sökülmüşdür və bununla da cavabdehə xeyli miqdarda maddi ziyan dəymişdir. Borudan axan su axıntısının həmin borunun cavabdehin mənzilinə daxil olmayan hissəsində baş verməsi ilə bağlı video görüntülər var. Həmin video görüntülər məhkəməyə tərəflərindən təqdim ediləcəkdir. İddiaçı cavabdehə dəymiş ziyanı öz üzərinə götürmək, cavabdehə maddi dəstək göstərmək əvəzinə, cavabdehdən pul tələb etməyi hesab edir ki, tamamilə əsassızdır.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir, su onun mənzilindən axmırdı. Usta da gəlib baxıb, jekin işçiləri də baxıb müəyyən etmişdilər ki, problem şaxtada idi. Su şaxtadan sızırdı amma yenə də düzəltdiriblər.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil bildirdi ki, iddia tələbini qəbul etmir. Bildirdi ki, həmin vaxt cavabdeh Rusiyada olub. Usta gəlib aparatla baxıb müəyyən etmişdir ki, problem şaxtadadır. Sızıntı ordan verib mənzildən yox. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi.
8. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, o, cavabdehin qayınatasıdır. Sözügedən mənzildə o, yox, qızı yaşayırdı. Bir gün qızı ona zəng vurub bildirdi ki, qonşu qapını döyürdü evlərinə su axır. O, da qızıgilə gələndən sonra qonşugilə getdi və evlərinə baxdı. Qonşunun mətbəxinə doğurdan da su axırdı. Qonşuya da bildirdi ki, Mənzil-Kommunal İstismar İdarəsinin əməkdaşı gəlsin evə baxış keçirsin, xərcini də özü ödəyəcəkdir. Əməkdaşlar gəlib baxdılar, lakin suyun haradan sızmasını müəyyən edə bilmədilər. Beləliklə, əməkdaşlar iki dəfə gəlib-getmələrinə baxmayaraq, heç nə müəyyən edə bilmədilər. Daha sonra ayrıca mütəxəssislə getdi, lakin qonşu bu dəfə onları evə buraxmadı. Bir müddət sonra məcbur qalaraq usta çağırdılar və sanitar qovşağını sökdürdülər. Söküntüdən sonra suyun şaxtadan sızdığı müəyyən olundu. Xarab olan yer onların mənzilinin divarının arxasında şaxtadan keçən boru idi onu da düzəltdilər.
9. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, cavabdehi tanıyır. Evində işlədiyi şəxsin dostudur. O, cavabdehin də evində işləmişdir. Özü santexnik ustasıdır. Problem şaxtada idi, yəni kanalizasiyanın ana xəttində. Boru çuqun idi və boruda çat vardı. Həmin borunun betonun içində olması səbəbindən suyun haradan axması müəyyən olunmurdu. Həmin boru yerləşən sahə şaxtanın sahəsidir, ora isə tam panelin üstünə düşür. Bunu müəyyən etmək üçün sanitar qovşağının bir divarını sökmüşdür.
10. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, Mənzil-Kommunal İstismar İdarəsində sahə nəzarətçisi işləyir. Azər onun işlədiyi 12 saylı Mənzil-Kommunal İstismar İdarəsinin sakinidir. İdarəyə zəng olunmuşdur ki, evi su basıb. Gedib görüblər ki, evi su aparır. Lakin yuxarı mərtəbədə qapı bağlı idi. Azərin müraciətinə əsasən baxış keçirdilər. Mətbəxin mebelinin arxa hissəsini açıb baxdılar ki, su haradan axır. Hamamın aşağısından su boruları gedir. Suyun 46 nömrəli mənzildən axdığı müəyyən olundu.
11. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, Azərin ögəy qardaşıdır. Usta işləyirdi. 2 dəfə Azərin evini təmir etmişdir. Yuxarı mərtəbədə yerləşən mənzil təmir olunandan sonra su axadı. 4 gün qonşular evdə olmadılar su sızmadı. Su mətbəx, hamam tualet və dəhlizdən gəlirdi.
İş materialları:
12. 30 avqust 2023-cü il tarixli aktdan görünür ki, Nizami rayonu, Babək prospekti, ev 103, mənzil 44-ün sahibi İddiaçı şikayət ərizəsinə əsasən onun yaşadığı mənzilə baxış keçirilmişdir. Baxış zamanı aşkar edildi ki, Cavabdeh məxsus 46 nömrəli mənzildən 44 nömrəli mənzilə uzun müddətdir su axıdılır. Suaxma əvvəlcə tualetdən və dəhlizdən başlamış, hal-hazırda hamam-mətbəx otaqlarında davam etməkdədir. Dəhlizin divar kağızları, mətbəx mebelləri, hamam və tualet otaqları yararsız vəziyyətə düşdüyündən mənzilə maddi ziyan dəymişdir. İddiaçı dediyinə görə suaxma faktı ilə bağlı 46 nömrəli mənzilə dəfələrlə müraciət edilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə alınmamışdır.
13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9433 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 44 saylı mənzilin mətbəx, tikilisinin konstruktiv elementlərində (tavan, döşəmə və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 103 saylı evin 44 saylı mənzilinə, həmin mənzil ilə eyni proeksiyada yerləşən 46 saylı mənzildən su axıdıldığı, nəticədə 44 saylı mənzilin mətbəx tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 46 saylı mənzilin sanitar qovşağı təmirli olduğundan, su kanalizasiya xətləri gizli şəkildə olduğundan, 44 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 44 saylı mənzilə su sızması 46 saylı mənzilin su-kanalizasiya xətlərinin gözlə görünməyən hissələrində yaranmış nasazlıq və ya mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 103 saylı evin 44 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyər təqribən 637,0 manat məbləğində müəyyən olunmuşdur.
14. 18.09.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 70 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
15. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı məxsus olan 103 saylı evin, 44 nömrəli mənzilinə həmin evin Cavabdeh məxsus olan 46 nömrəli mənzilindən su sızması baş vermiş, bunun nəticəsində iddiaçının mənzilinə maddi zərər vurulmuşdur. Lakin cavabdeh həmin maddi zərəri iddiaçıya ödəməmişdir. Ekspert rəyində iddiaçıya məxsus 44 saylı mənzilə su sızması 46 saylı mənzilin su-kanalizasiya xətlərinin gözlə görünməyən hissələrində yaranmış nasazlıq və ya mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə biləcəyi qeyd edilmişdir. Lakin su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün olmamışdır. Ekspert tərəfindən keçirilən baxış zamanı Bakı şəhəri, Nizami rayonu, ünvan 1 nömrəli mənzilinə su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 637 manat məbləğində müəyyən olunmuşdur.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
5-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
19. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi zərər vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Bu zaman cavabdeh qonşuya əlavə təsirdən çəkinməmişdir. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi zərərin əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi zərərin əvəzini ondan tələb etmək hüququ olan İddiaçı ödəməlidir.
20. Həmçinin qanunverilikdən görünür ki, mülkiyyətçinin istifadəsində olan avadanlıqların texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təmin etmək istehlakçıların vəzifəsidir. Yəni cavabdehə məxsus mənzilin şaxtasında olan kanalizasiya borusunun texniki cəhətdən saz vəziyyətdə saxlanılması onun vəzifəsidir və bu barədə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cavabdehə məxsus mənzilin şaxtasında yerləşən kanalizasiya borusunun çartlaması nəticəsində iddiaçıya məxsus mənzilə ziyan dəymişdir.
21. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi zərəri və iş üzrə digər xərcləri ödəməlidir.
22. Məhkəmə qeyd edir ki, İddiaçı məxsus mənzilə Cavabdeh məxsus mənzildən su sızmanın baş verməsi və bunun nəticəsində iddiaçının mənzilində qüsurlar yaranması və maddi zərər dəyməsi tədqiq edilmiş digər iş materialları ilə yanaşı, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə tam təsdiq olunur və sübuta yetirilir, maddi zərərin yetirilməsi ilə bağlı ekspertizanın qeyd edilən rəyinin şübhə altına alınması üçün hər hansı bir əsas yoxdur.
23. İddiaçı dəymiş maddi zərərin məbləği müəyyənləşdirilərkən qeyd edilməlidir ki, iddiaçı ona dəymiş maddi zərərin məbləğini 5000 manat kimi göstərmiş, lakin ekspertiza rəyi ilə iddiaçının mənzilinə dəymiş zərər 637 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi nəzərə alınmaqla iddiaçının mənzilinə dəymiş maddi zərərə görə cavabdehdən 637 manat vəsait tutulmalıdır.
Məhkəmə baxışının hədləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə:
25. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş maddi ziyanın əvəzi 637 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 8.90 manatı tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
26. İddiaçının tələbi qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 70 manat dövlət rüsumunun 8.90 manatı Cavabdeh alınaraq İddiaçı ödənilməlidir.
27. Bundan əlavə, işdə olan ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.
28. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 6.37 manatı Cavabdeh, 43.63 manatı İddiaçı tutularaq X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi 637 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 8.90 manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 6.37 manatı Cavabdeh, 43.63 manatı İddiaçı tutularaq X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova