Məhkəmə qərarları › İş №2(007)-2972/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2972/2020

02.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2972/2020 02.12.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mersedes C180” markalı, ** EH *** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 150 manat sığorta ödənişini və məhkəmənin hesabına köçürülmüş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “KİA RİO” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Cavabdeh tərəfindən "xxxx" ASC-də PAZ ********** nömrəli şəhadətnamə ilə 03.09.2019-ci il tarixdən 03.09.2020-cu il tarixədək “Avtonəqliyya vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh sahibliyində olan “KİA RİO” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə 25.03.2020-ci il tarixdə saat 22:45 radələrində Z.Məmmədov küçəsi, “Neptun” marketin qarşısında avtomobilə arxaya verərək digər “Mersedes C180” markalı, ** EH *** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Bundan sonra cavabdeh hadisə verindən yayınmışdır. Hadisə ilə bağlı Xətai DYPŞ tərəfindən cavabdeh barəsində İXM-nin 327.6-cı maddəsi ilə AP ******* nömrəli, 01.04.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" ASC tərəfindən “Mersedes C180” markalı, 99 F H 159 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurulmuş ziyan 150 manat məbləğində müəyyən edilərək, həmin məbləğdə sığorta ödənişi kimi avtomobilin sahibinə ödənilmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə göndərərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini, hadisə yerindən yayınmadığını, bir ildən çox müddət keçdikdən sonra ona qarşı iddia qaldırılmasının əsassız olmasını, onun həmin vəsaiti ödəməyə imkanının olmamasını bildirmişdir. Ona görə də iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə olunmuş AB 994965 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mersedes C180” markalı, ** EH *** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. İşə əlavə olunmuş AP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “Mersedes C180” markalı, ** EH *** dövlət nömrə qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bununla da maddi zərər yetirilmişdir. İşə əlavə olunmuş "xxxx" ASC tərəfindən verilmiş 20 aprel 2020-ci il tarixli sığorta aktından görünür ki, 25 mart 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitələri zədələnmişdir. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 150 manat müəyyən olunmuş və müvafiq olaraq siğorta ödənişi həyata keçirilmişdir. İşə əlavə olunmuş 18 avqust 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 20,0 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə qeyd edir ki, “Mersedes C180” markalı, ** EH *** dövlət nömrə qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bununla da “KİA RİO” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər yetirilmişdir. "xxxx" ASC tərəfindən zərərlə bağlı maddi ziyanın ümumi məbləği 150 manat müəyyən olunmuş və müvafiq olaraq siğorta ödənişi həyata keçirilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" ASC tərəfindən həyata keçirilmiş sığorta ödənişinin əvəzini ödəməməklə və sığorta ödənişini ondan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə qanunvericiliyin qeyd edilən tələblərini pozmuşlar. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 150 manat sığorta ödənişinin və ödənilmiş 20,0 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 150 manat sığorta ödənişinin və ödənilmiş 20,0 manat dövlət rüsumunun əvəzi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar