Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2976/2025 22.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “əmək haqqı və dəymiş ziyan” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :
1. İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “əmək haqqı və dəymiş ziyan” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən 10 dekabr 2024-cü ildən 15 mav 2025-ci il tarixinə kimi Cavabdeh1 MMC-də işləyib almadığı 5634.30 manat əmək haqqının, əmək haqqının verilməsinin gecikdirildiyi 127 gün üçün əlavə ödənc olaraq 1431.11 manat pulun, həmin müddət ərzində ona dəymiş mənəvi ziyanın əvəzi olaraq 2000 manat və mediasiyaya ödədiyi 60 manat pulun iş üzrə cavabdehdən tutularaq ona, yəni - İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı 10 dekabr 2024-cü ildən etibarən Cavabdeh1 MMC-də menecer vəzifəsini tutmuş, əmək müqaviləsinə əsasən şirkət ona aylıq 1126.86 manat məbləğində əmək haqqı ödəməli idi. Lakin işə başladığı gündən 2025-ci ilin may ayının 15-dək işlədiyi müddət ərzində almalı olduğu əmək haqqı şirkət tərəfindən ona ödənilməmişdir. Həmin müddət ərzində bir dəfə belə olsun işdən yayınmamışdır. Əmək haqqını ala bilmədiyi üçün də ailəni dolandırmaqda bir xeyli çətinlik çəkmişdir. Nəticədə, məcburiyyət qarşısında qalaraq qohumlardan borc alaraq ailəsini dolandırmağa çalışmışdır. Hər dəfə ayın əvvəlində bu ay bütün gecikdirilmiş əmək haqqın ödəniləcək deyilsə də, sonda dəyişən bir şey olmurdu. Bu ümidlə o, düz 5 ay boyunca, hər gün işə gedəsi olmuşdur. Yalnız may ayının 15-dən sonra vəziyyətin düzəlməyəcəyini anlayıb işə getməkdən imtina eləmişdir. Hal- hazırda adı işdə getsə də, sırf bu səbəbdən dolayı artıq iki aydır ki, işə getmir. Amma adı hələ də rəsmi olaraq Cavabdeh1 ММС-də işçi olaraq getdiyi üçün başqa bir işə də düzələ bilmir. Bu müddət ərzində ona xeyli maddi və mənəvi ziyan dəymişdir.
Tərəflərin izahatları :
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və cavabdehlər Cavabdeh1 MMC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir.
4. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında barışıq əldə edildiyini, buna görə də iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq :
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.
7. “Dövlət rüsumu haqqında” Qanun :
9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar;
8. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı 2-ci bənd :
Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Məhkəmənin mövqeyi :
9. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
10. Belə ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında barışıq əldə olunduğunu, buna görə də iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
11. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar).
12. Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır.
13. Mülki prosessual qanunvericiliyə əsasən hazırlıq icraatında iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər.
14. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarına əsasən hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Nəticə :
15. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırlıq icraatı mərhələsində iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “əmək haqqı və dəymiş ziyan” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini və “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarını rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “əmək haqqı və dəymiş ziyan” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva