Məhkəmə qərarları › İş №2(007)-2978/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2978/2024

02.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2978/2024 02.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “tikilinin onun tərəfindən tikilməsi faktının müəyyən edilməsi və tikilidən istifadəsinə törədilən maneçiliyin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “tikilinin onun tərəfindən tikilməsi faktının müəyyən edilməsi və tikilidən istifadəsinə törədilən maneçiliyin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən məhkəmə araşdırması apararaq Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsinin ərazisində sarı qaz xəttinin yaxınlığında inşa etdirdiyi zirzəmidən, iki mərtəbədən və 7 otaqdan ibarət ümumi sahəsi 110 kv.m olan tikilinin onun tərəfindən tikilməsi faktının müəyyən edilməsi və Cavabdeh onun həmin tikilidən istifadə etməsinə törətməkdə davam etdiyi maneçiliyin ona qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq :

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

37. Tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.4. iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.

3. “Dövlət rüsumu haqqında” Qanun :

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.

Məhkəmənin mövqeyi :

5. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq qeyd edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

6. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.7-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrin nəzərinə çatdırılmışdır ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər.

7. Həmin Qərarın 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

8. Həmin qərarın 7.2-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır.

9. Məhkəmə qeyd edir ki, məhkəmə ilk növbədə işə baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını araşdırlmalı, işə baxılmasında səlahiyyətli məhkəmə olduğunu hesab etdiyi halda həmin iddia tələbinə mahiyyəti üzrə baxılmalı olub-olmadığına qiymət verməlidir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə baxılmasında səlahiyyətli məhkəmə deyil.

10. Belə ki, iddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ərazi aidiyyətina dair mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla məhkəməyə müraciət edilmişdir. Hansı ki mülki prosessual qanunvericiliyin tələbinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.

11. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır.

12. Hazırkı iddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə məqsədi Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsinin ərazisində sarı qaz xəttinin yaxınlığında inşa edilmiş tikilinin onun tərəfindən tikilməsi faktının müəyyən edilməsi ilə faktiki olaraq tikintiyə sahiblik faktının müəyyən edilməsini istəyir. Mülki prosessual qanunvericiliyə əsasən isə tikintiyə sahiblik faktının müəyyən edilməsi ilə bağlı tələblərə tikintinin olduğu yerdə baxılır.

13. Həmçinin iddia tələbinin ikinci hissəsindən görünür ki, iddiaçı mübahisəli tikintiyə sahiblik hüququnun müəyyən edilməsi ilə bərabər Cavabdeh tərəfindən həmin tikilidən istifadə etməyinə törədilən maneçiliyin qadağan edilməsini istəyir.

14. Məhkəmə qeyd edir ki, iddia tələbinin ikinci hissəsi tələbin birinci hissəsi ilə bağlıdır. Belə ki, iddia tələbinin birinci hissəsi təmin ediləcəyi halda, ikinci tələbə mülki prosessual qanunvericiliyin 39-cu maddəsinin tələblərinə uyğun olaraq həmin tikintinin olduğu yerdə baxılmalıdır.

15. İşin məhkəmə tərəfindən tədqiq edilən hallarından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olduğundan iddiaçı hazırki “tikilinin onun tərəfindən tikilməsi faktının müəyyən edilməsi və tikilidən istifadəsinə törədilən maneçiliyin cavabdehə qadağan edilməsi”nə dair tələblə cavabdehin qeydiyyat ünvanı üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmişdir.

16. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia tikilinin olduğu yer üzrə, yəni Binəqədi Rayon Məhkəməsinə verilməli olduğu halda, iddiaçı tərəfindən ərazi aidiyyətinə dair mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla hazırkı iddia ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edilmişdir.

Nəticə :

17. Beləliklə, məhkəmə qeyd edir ki, ərazi aidiyyətinə dair mülki prosessual qanunvericiliyin tələbinə əməl olunmadığı üçün İddiaçı Cavabdeh qarşı “tikilinin onun tərəfindən tikilməsi faktının müəyyən edilməsi və tikilidən istifadəsinə törədilən maneçiliyin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.

18. İddiaçı hazırki iddia tələbi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.

19. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (Ödənişi qəbul edən təşkilat: "xxxx" ASC, VÖEN:**********; büdcə səviyyə kodu: 142213; GPP qəbz nömrəsi:**********2; tarix: xx.xx.2024; saat:12:25) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı Cavabdeh qarşı “tikilinin onun tərəfindən tikilməsi faktının müəyyən edilməsi və tikilidən istifadəsinə törədilən maneçiliyin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (Ödənişi qəbul edən təşkilat: "xxxx" ASC, VÖEN:**********; büdcə səviyyə kodu: 142213; GPP qəbz nömrəsi:**********2; tarix: xx.xx.2024; saat:12:25) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırki iddia tələbi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar