Məhkəmə qərarları › İş №2(007)-300/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-300/2022

08.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-300/2022 08.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “öhdəliklərin tam icra edilməməsinə görə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, öhdəliklərin tam icra edilməməsinə görə "xxxx" MMC-dən mənzilin sahəsinin müqavilədə göstərilən 54.6 kv.m faktiki ölçü olan 40.4 kv.m fərq üçün, yəni 14 kv.m əksik olan fərq üçün 12874 manat hesablanılması, dəymiş maddi və mənəvi ziyana görə 6000 manat, cavabdeh "xxxx" MMC vəzifəli şəxslərinin üzərinə qonşu mənzillərdə olan ortaq divarların və soba (buxarı) yerlərin tikinti normalarına uyğun olaraq yenidən tikilməsi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müfaviq olaraq cavabdeh "xxxx" MMC-nin vəzifəli şəxsləri haqda xüsusi qərardad çıxarmaqla prokurorluq orqanlarına göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 153001 nömrəli müqaviləyə əsasən, Yasamal rayonu İ.Zülalov küçəsi 19 ünvanda inşa olunan yaşayış binasının ümumi sahəsi 54.6 kv.m olan 1 otaqdan ibarət 153 saylı mənzil ona verilmişdir. Müqavilə üzrə mənzilin dəyəri bir kvadrat metr sahə üçün 916 manat olmaqla 50000 (əlli min) manat cavabdeh "xxxx" MMC-yə ödəmişdir. Bu barədə xx.xx.2019-ci il tarixdə ona maliyyə arayışı də təqdim edilmişdir. Təmir zamanı məlum olmuşdur ki, müqavilədə və layihədə göstərilən ümumi sahənin (54.6 kv.m) ölçüləri mənzilin faktiki ölçüləri ilə uyğun gəlmir. Mənzildə iş görən ustaların hesabına görə mənzilin faktiki sahəsi 49 kv.m-dir. Təqribən, 5.6 kv.m fərq edir. Məbləğ ilə 5.6 kv.m x 916=5129,6 manat edir. Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin, həmçinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 04 dekabr 2012-ci il tarixli 07 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları"ın 3.8 bəndinin tələblərinə baxmayaraq, müqavilənin predmeti olan mənzil soba (buxarı) yerləri, iki kolon, bunlarla yanaşı, qapının girişi, iki mənzil arasında olan divar, divar altı sahələr və s. sahələr ona ümumi sahə kimi satılıb.Göründüyü kimi nəinki, sahələr azaltma əmsallarına vurulmaqla hesablanmayıb, əksinə aşağı mərtəbədən yuxarı mərtəbəyə kimi olan içi boş sobalar (buxari), içi dolu kalonlar mənzilin umumi sahəsi kimi, çöldən çölə hesablanıb. Həmçinin, mənzili alan zaman satış təmsilçisi bu haqda ona heç bir məlumat verməmiş, bağlanmış müqavilədə də bununla bağlı heç bir bənd yoxdur. Müqavilənin ümumi qaydalarına əsasən, cavabdeh "İnşaat konstruksiyaları” MMC-yə müraciət edib xahiş etmişdir ki, müqavilədə və layihədə göstərilən ümumi sahənin (54.6 kv.m) ölçüləri mənzilin faktiki ölçüləri ilə uyğun olmamasına və hesablanmasına aydınlıq gətirsinlər. Müraciətə cavab verilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyin tələblərinə əsasən, belə halda mənzil sahibi evinin sahəsini hesablayaraq yaranan fərqə görə dəyən maddi və mənəvi ziyanı şirkətdən tələb edə bilər. Ona görə də, "xxxx" MMC müqavilə öhdəliklərini tam yerinə yetirmədiyinə və mühüm qüsurla yerinə yetirdiyinə görə və bu səbəbdən ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və digər tələblər barədə məhkəməyə müraciət edir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanuna görə, istehlakçı icraçıdan işin keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş) haqqında icraçının təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. O hesab edir ki, "xxxx" MMC bütün bunları məqsədli edib, çünki, mənzil sahəsinin müqavilədə göstərilən sahə ilə eyni olmadığını əvvəlcədən bilirdi. Deməli, məqsədi həm də alıcını aldatmaq olub. Həmçinin hazırkı halda 1 otaqlı mənzilin dəyərinin ödənilməklə müqavilə üzrə öhdəliyinin tam şəkildə icra etməsinə baxmayaraq, 'İnşaat konstruksiyaları” MMC müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh "xxxx" MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməllərindən onun əsas hüquqları xeyli dərəcədə sıxışdırılmış və nəticədə ona mənəvi ziyan, maddi zərər dəymişdir. Eyni zamanda özünü aldadılmış, təhqir olunmuş hesab etmiş və indi də emosional əzab çəkir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Eyni zamanda hələ də mənzildə qeydiyyatsız yaşayır, bu səbəbdən bütün sosial hüquqlardan istifadə edə bilmir, digər hüquqları da pozulmuşdur. Kommunal ödənişləri qeyri-əhali qrupuna ödəyir. Müəyyən edilmiş limitlərdən istifadə edə bilmir, artıq ödənişlər etməyə məcbur olmuşdur. Pasport qeydiyyatı əvvəllər yaşadığı və satdığı mənzilədir. Mənzilin alıcısı vaxtında qeydiyyatdan çıxmağı üçün ona verməli olduğu puldan 1000 manat pulu özündə saxlamış və cavabdeh tərəfin günahı üzündən vaxtında qeydiyyatdan çıxa bilmədiyi üçün həmin məbləğ ona verilməyəcək. Gələcəkdə belə halların yaranmaması üçün o hesab edir ki, məhkəmə "xxxx" MMC-nin vəzifəli şəxsləri barədə xüsusi qərardad da qəbul etməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. O, həmçinin qeyd etdi ki, ekspert rəyi ilə razıdır. "xxxx" MMC ilə bağlanmiş xx.xx.2019-ci il tarixli 153001 nömrəli müqaviləyə əsasən, Yasamal rayonu İ.Zülalov küçəsi 19 ünvanda inşa olunan yaşayış binasının ümumi sahəsi 54.6 kv.m olan 1 otaqdan ibarət 153 saylı mənzil ona verilmişdir. Müqavilə üzrə mənzilin dəyəri bir kvadrat metr sahə üçün 916 manat olmaqla 50000 (əlli min) manat cavabdeh "xxxx" MMC-yə ödəmişdir. Bu barədə ona maliyyə arayışı da təqdim edilmişdir.Təmir zamanı məlum olmuşdur ki, müqavilədə və layihədə göstərilən ümumi sahənin (54.6 kv.m) ölçüləri mənzilin faktiki ölçüləri ilə uyğun gəlmir. MMC tərəfindən mənizil müqavilədə 54.6 m2 göstərilmiş, lakin faktiki mənzilin sahəsi 40.04 kv.m ekspert rəyi ilə təşkil etmiş, MMC ondan 54.6 kv.m pulunu almış və onu aldatmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 153001 saylı müqavilədən görünür ki, “İnşaat Konstruksiya MMC ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə ümumi sahəsi 54.6 kv.m olan 1 otaqdan ibarət 153 saylı mənzili İddiaçı pay kimi verimiş, İddiaçı mənzilin dəyəri üzrə hər kv.m sahəsi 916 manat olmaqla 50000 (əlli min) manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə ümumi sahəsi 54.6 kv.m olan 1 otaqdan ibarət 153 saylı mənzilin dəyərini tam ödəmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarımın tələblərinə əsasən, ünvan 2 ünvanında yerləşən 153 saylı mənzilin ümumi sahəsi 40.04 m2 təşkil etmiş, mübahisə predmeti olan mənzildə baxış keçirilən zaman mənzilin qonşu mənzillərlə olan otaq divarlarında hər hansı bir qüsur aşkar edilməmişdir. Mənzilin soba (buxarı) yerlərinin daxilinə baxış keçirilməsi və eksperiment aparılması mümkün olmadığından soba (buxarı) yerlərinin tikinti normalarına uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə araşdırılması ilə müəyyən olunur ki, cavabdeh "xxxx" MMC İddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, iddiaçıya 54,6 kv.m mənzil sahəsi verməli olduğu halda cəmi 40,4 kv.m mənzil sahəsi vermişdir. Belə ki, iş materiallarında olan tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli rəyi ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarımın tələblərinə əsasən, ünvan 2 ünvanında yerləşən 153 saylı mənzilin ümumi sahəsi 40.04 m2 təşkil etdiyi müəyyən edilmiş və həmin sahə xx.xx.2019-cu il tarixli müqavilədə göstərilən 54,6 kv.m sahədən 14 kv.m az təşkil edir. Göründüyü kimi, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az tikinti tikməklə iddiaçıya təhvil vermiş, və nəticədə iddiaçı tərəfindən cavabdehə mənzilin dəyərindən artıq məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iş üzrə iddia üzrə İddiaçı oğlunun artıq ödənilmiş pul vəsaitinin ona qaytarılmasına dair pul tələbi Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşür və həmin şəxsin "mülkiyyəti” hesab olunur. Bundan baqa iddiaçı tərəfindən ona təqdim olunmuş mənzilin sahəsinin müqavilədə nəzərdə tutulan sahədən az olması faktı ekspert rəyi ilə müəyyən olunmuşdur. Bu hal isə iddiaçının iddia tələbində bununla bağlı bildirdiklərini təsdiq edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin artıq ödənilmiş vəsaitin ona cavabdeh tərəfindən ödənilməsi hissəsi əsaslı olduğundan həmin hissə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Məhkəmə iddia tələbinin “dəymiş maddi və mənəvi ziyana görə 6000 manat” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, İddiaçı mənəvi zərərin ödənilməsi barədə iddia qaldırsa da, özünə mənəvi zərər vurmaya, habelə bu mənəvi zərərin məhz Cavabdehin təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən mülki hüquq pozuntusu nəticəsində ona digər maddi ziyan vurulduğunu iddia etsə də, ona cavabdeh tərəfindən müqavilə üzrə mənzilin sahəsinə görə fərqindən əlavə daha hansı maddi ziyanın vurulduğunu sübut edilə bilinməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi “dəymiş maddi və mənəvi ziyana görə 6000 manat” hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “cavabdeh "xxxx" MMC vəzifəli şəxslərinin üzərinə qonşu mənzillərdə olan ortaq divarların və soba (buxarı) yerlərin tikinti normalarına uyğun olaraq yenidən tikilməsi” hissəsinə münasibətdə bildirir ki, tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli rəyi ilə mübahisə predmeti olan mənzildə baxış keçirilən zaman mənzilin qonşu mənzillərlə olan otaq divarlarında hər hansı bir qüsur aşkar edilmədiyindən, mənzilin soba (buxarı) yerlərinin daxilinə baxış keçirilməsi və eksperiment aparılması mümkün olmadığından soba (buxarı) yerlərinin tikinti normalarına uyğun olub olmamasını müəyyən etmək mümkün olmadığından iddia tələbi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə İddiaçı iddia tələbinin “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müfaviq olaraq cavabdeh "xxxx" MMC-nin vəzifəli şəxsləri haqda xüsusi qərardad çıxarmaqla prokurorluq orqanlarına göndərilməsi” barədə hissəsi ilə bağlı bildirir ki, hazırki mübahisə mülki xarakterli mübahisə olduğundan, habelə "xxxx" MMC-nin əməlində cinayət tərkibi olmadığından, onlar barəsində xüsusi qərardad çıxarılması üçün hər hansı əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC-dən İddiaçı Sı̇ yasət oğlunun xeyrinə mənzil sahəsinin müqavilədə göstərilən 54,6 kv.m ölçüdən faktiki ölçü olan 40,4 kv.m sahədən 14 kv.m fərq üçün kvm 916 manat hesablanmaqla 12824 manat vəsait tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş 151 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tikinti texniki ekspertizasına sərf olunmuş 50,00 manat məbləğində vəsait "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253- cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. "xxxx" MMC-dən İddiaçı Sı̇ yasət oğlunun xeyrinə mənzil sahəsinin müqavilədə göstərilən 54,6 kv.m ölçüdən faktiki ölçü olan 40,4 kv.m sahədən 14 kv.m fərq üçün kv.m 916 manat hesablanmaqla 12824 manat vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. "xxxx" MMC-dən ödənilmiş 151 manat dövlət dövlət rüsumunun əvəzi İddiaçı Sı̇ yasət oğlunun xeyrinə tutulsun. Məhkəmə tikinti-texniki ekspertizalarına sərf olunmuş 50 manat məbləğində vəsaitin "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE000000 **********8501) köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar