Məhkəmə qərarları › İş №2(007)-3012/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3012/2025

09.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3012/2025 09.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibib Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı Rəcəbova (İsmiyeva) Aminə Nazim qızının və Cavabdeh iştirakları ilə, İddiaçı Rəcəbova (İsmiyeva) Aminə Nazim qızının Cavabdeh qarşı “paylı mülkiyyətin hərracda satılması və satışından əldə olunan pul vəsaitinin paylara mütənasib surətdə bölünməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətin hərracda satılması və satışından əldə olunan pul vəsaitinin paylara mütənasib surətdə bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mercedes Benz-E220” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılaraq, satışından əldə olunan pul vəsaitinin paylara mütənasib surətdə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh qarşı "müqavilənin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlaka pay hüququnun tanınması” tələbi ilə bağlı iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-660/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh ilə X1 arasında "Mercedes Benz-E220” markalı **-UJ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanmış 15.05 2024-cü il tarixli müqavilə etibarsız hesab edilmiş, "Mercedes Benz-E220" markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə onun, digər ½ hissəsinə Cavabdeh pay hüququ tanınmışdır. Məhkəmə qətnaməsi öz qanuni qüvvəsini almışdır. Bundan sonra o dəfələrlə cavabdehə avtomobilin dəyərinin yarısının ona ödənilməsini bildirsə də, cavabdeh avtomobilin qəza keçirdiyini, yararsız halda olduğunu ona bildirmişdir. Qətnamə qəbul edilərkən avtomobil saz və işlək vəziyyətdə olmuşdur. Hesab edir ki, avtomobilin saz və işlək vəziyyətdə olduğu vaxtdaki dəyərinin yarısı hərracda müəyyən edilərək ona ödənilməlidir. 13 saylı Mediasıya Təşkilatında xx.xx.2025-ci ti tarixdə İlkin mediasıya prosessi keçirilmiş, cavabdehlə aralarında razılıq olmadığı üçün sözügedən təskilat tərəfindən ilkin medasiya sessiyasından sonra prasessin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Belə olan şəraitdə "Mercedes Benz-E220” markalı 90-10-263 dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılaraq, satışından əldə olunan pul vəsaitinin pay hüququna uyğun olaraq bölünməsi zərurəti yaranmışdır. Bu səbəbdən də mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı Rəcəbova (İsmiyeva) Aminə Nazim qızı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, avtomobilin qiymətləndirilməsi barədə qiymətləndirmə hesabatı ilə razıdır. Onlar cavabdeh ilə ayrılanda avtomobil vurulmamış, işlək vəziyyətdə olmuşdur. Nikah vaxtı avtomobili birlikdə istifadə etmişlər. Cavabdeh bildirmişdir ki, qışda avtomobil sürüşüb, vurulub, ona görə sığorta pul vermir, ancaq ona görə cavabdeh bunu qəsdən edib ki, ya ona maşından az pay düşsün, ya da cavabdehin başqa bir fikri olub. Cavabdeh bildirmişdir ki, avtomobil sürülməz vəziyyətdədir. Uşağın xərcləri çoxdur, onların aralarında mübahisələri başlayandan uşaqlarında travma yaranıb. O, avtomobildəki payının əvəzində cavabdehin ona 1000 manat məbləğ ödəməsinə razı deyildir. Cavabdeh məhkəməyə gəlməmişdən öncə ona 2000 manat verə biləcəyini bildirmiş, ancaq o, hər şeyin məhkəmə qaydasında olmasını və qiymətləndirmədə göstərilən məbləğin yarısının verməsini, avtomobilin qapalı hərraca getməsini istəyir. Cavabdeh lap avtomobili özü satsın, lakin pulu versin. O, 350 manat da qiymətləndirmə rəyi üçün ödəmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini, qiymətləndirmə rəyinə etiraz etmədiyini, avtomobil hərraca getsə dəyərinin düşəcəyini, qapalı həracın keçirilməsini istədiyini bildirərək əlavə olaraq qeyd etdi ki, avtomobil vurulmuş avtomobil deyil, buzda avtomobil sürüşüb dəmirə dəymişdi. Avtomobilin icbari sığortası vardır. Avtomobilin ödənişlərini özü etmiş, ona görə avtomobilin onda qalmasını istəyir. O, avtomobili qardaşına vermiş, qardaşı da pulun yarısını ona vermişdir. Onun əmək haqqısının 1/3 hissəsi, 700-800 manat məbləğində aliment kimi kəsilir, 350 manat kirayə ödəyir. O, əvvəl iddiaçıya avtomobilə görə 2000 manat təklif etsə də, artıq 1000 manat verə bilər. O, pul olsa elə özü verərdi. Avtomobilin texniki baxışı, xərcləri, sığorta ödənişi, onun saxlanması onun tərəfindən qarşılanmışdır. Lakin bununla bağlı məhkəməyə sübut təqdim edə bilmir. Qarşı tərəf heç bir maddi ödənişdə iştirak etməyib. Hərrac zamanı borclunun vəziyyəti, qarşı tərəfin avtomobil ilə bağlı maddi cəhətdən iştirak etməməsi nəzərə alınmalıdır. Ona görə də avtomobil hərracda satılarkən iddiaçıya hərrac məbləğindən minimum tutulma tətbiq edilməli, ona çox pay düşməlidir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-660/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, Cavabdeh ilə X1 arasında “Mercedes Benz E220” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, “Mercedes Benz E220" markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh paylarının müəyyən edilməsi, qətnamənin icrasının Azərbaycan Respublikası Baş X3 İdarəsinə həvalə edilməsi qət edilmişdir. - Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli, MEB-375-1025 saylı qiymətləndirmə hesabatında qeyd edilmişdir ki, “Mercedes Benz E220” minik markalı, **- UJ-*** dövlət qeydiyyat nişanlı, 1997-ci il buraxılışlı avtomobilin bazar dəyəri 4100 manat, likvid dəyəri 3700 manat olaraq müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, “Mercedes Benz E220” minik markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ½ hissədə olmaqla iddiaçı Rəcəbova (İsmiyeva) Aminə Nazim qızının və Cavabdeh paylı mülkiyyətindədir. İddiaçı həmin avtomobilin hərracdan satılaraq əldə olunan pul vəsaitinin ona düşən hissəsinin verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmənin hesabatı ilə mübahisəli avtomobil qiymətləndirilərək 4100 manat bazar qiyməti təyin olunmuşdur. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə № 02/2024, 06 dekabr 2024-cü il tarixli qərardadında qeyd olunur ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221ci maddəsi ilə tənzimlənir. Həmin qərarda qeyd olunur ki, məhkəmələr bu kateqoriyadan olan işlərə baxarkən bütün payçıların qanunla qorunan hüquq və mənafelərinin bərabər müdafiəsi məqsədilə ilk növbədə tərəflər arasındakı mübahisəli vəziyyətin nədən irəli gəldiyini, iddiaçının hazırkı iddia ilə əldə etmək istədiyi hüquqi nəticənin nədən ibarət olduğunu, çatmaq istədiyi hüquqi mənafeyə uyğun düzgün hüquqi mexanizm seçibseçmədiyini aydınlaşdırmalı, uyğunsuzluq halında qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi müdafiə vasitələrindən istifadənin mümkünlüyünü tərəflərlə müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə paylı mülkiyyətdə olan əmlakın iki mülkiyyətçisi olduğundan və onlardan birinin payının bölünməsi əşya üzərində ümumi paylı mülkiyyətə xitam verilməsi ilə nəticələndiyindən bu iddianın qanuni əsasını Mülki Məcəllənin 221-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə № 02/2024, 06 dekabr 2024-cü il tarixli qərardadında qeyd olunur ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Məhkəmə bununla bağlı bildirir ki, qanunvericiliyə əsasən əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçının tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçının əşyanın hərracdan satılmasını tələb etmədiyi halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. Hazırki mülki iş üzrə iddiaçı avtomobilin hərracdan satılaraq satış pulunun payına uyğun hissəsinin ödənilməsi tələbini irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının yuxarıda istinad olunan Qərardadında ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh avtomobilə görə iddiaçıya əvvəl 2000 manat təklif etsə də hazırda xərclərinin çox olmasına görə 1000 manat ödəyə biləcəyini bildirməsini məhkəmə onun avtomobilə tam mülkiyyət hüququnun olması niyyəti kimi qiymətləndirir və hesab edir ki, tərəflərin paylı mülkiyyətində olan avtomobil ilkin olaraq yalnız onların iştirakı ilə qapalı hərracda, əmlak həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılmalıdır. Bundan başqa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər. Belə ki, ümumi paylı mülkiyyət ilə əlaqədar yaranan hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarında əmlakın ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməsinə dair imperativ göstəriş olmasa da, yuxarıda qeyd olunan qərarda qeyd olunur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməlidir. Məhkəmə tərəfindən əmlakın qiymətləndirilməsi həyata keçirilməklə, mütəxəssis rəyi alınmış və mübahisəli avtomobilin hazırki dəyəri 4100 manat müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Bürosu tərəfindən avtomobil ilə bağlı təqdim edilmiş mütəxəssis hesabatı ilə müəyyən edilmiş dəyərinə tərəflər etiraz etməmişdir. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə paylı mülkiyyətdə olan əşyanın hərracdan ilkin satış qiyməti mütəxəssis hesabatına uyğun olaraq, 4100 manat məbləğində müəyyən edilməlidir. Həmin avtomobil qapalı hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda avtomobil açıq hərracda satılmalı və satışından əldə edilən pul vəsaiti tərəflərin paylarına uyğun bölünməlidir. Məhkəmə cavabdehin avtomobilin hərracda satılarkən satış pulunun iddiaçıya az məbləğdə, ona isə onun maddi durumu, aliment ödəməsi və avtomobilin xərclərini qarşılaması nəzərə alınaraq çox məbləğdə müəyyən edilməsi dəlili ilə bağlı bildirir ki, qanuni qüvvəsini almış Məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə “Mercedes Benz E220” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh paylarının müəyyən olunması qət edilmişdir. Digər tərəfdən cavabdeh avtomobilə çəkilən xərclərə dair məhkəməyə sübutlarda təqdim edə bilməmişdir. Hazırda avtomobilin hərracda satılarkən satış pulu tərəflərin paylarına uyğun olaraq, yəni ½ hissədə bölünməli olduğundan həmin dəlil əsassız hesab edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, iddiaçı Rəcəbova (İsmiyeva) Aminə Nazim qızı və Cavabdeh paylı mülkiyyətində olan “Mercedes Benz E-220” markalı **-UJ- *** dövlət qeydiyyat nişanlı avtomobil ilkin olaraq yalnız tərəflərin iştirakı ilə qapalı hərracda, əmlak həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılsın, satış pulu tərəflərin paylarına uyğun olaraq ½ hissədə bölünməli, avtomobilin ilkin satış qiyməti 4100 (dörd min yüz) manat müəyyən edilməlidir. Məhkəmə eyni zamanda tərəflərə izah edir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətlərində olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişəcəyi halında onlar MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, avtomobilin ilkin satış qiymətini yenidən müəyyənləşdirmək hüququna malikdirlər. Məhkəmə xərcləri: İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunvericiliyin tələbinə əməl edərək 50 manat məbləğində mediasiya xərci çəkmiş, 51 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddiaçı tərəfindən çəkilmiş 50 manat mediasiya xərci ona aid edilməli, iddiaçı tərəfindən ödənilmiş 51 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq ona ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. İddiaçı Rəcəbova (İsmiyeva) Aminə Nazim qızı və Cavabdeh paylı mülkiyyətində olan “Mercedes Benz E-220” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin olaraq yalnız tərəflərin iştirakı ilə qapalı hərracda, əmlak həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılsın, satış pulu tərəflərin paylarına uyğun olaraq ½ hissədə bölünsün. Avtomobilin ilkin satış qiyməti 4100 (dörd min yüz) manat müəyyən edilsin. İddiaçı Rəcəbova (İsmiyeva) Aminə Nazim qızı tərəfindən ödənilmiş 51 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilsin. İddiaçı Rəcəbova (İsmiyeva) Aminə Nazim qızı tərəfindən çəkilmiş 50 manat mediasiya xərci ona aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar