Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3088/2025 03.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Vaqif qızının, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5800 (beş min səkkiz yüz) manat borcun, 78 manat ödədiyi dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qızının keçmiş həyat yoldaşıdır. O, ondan 2023-cü ilin iyul-avqust ayında 2000 (iki min) manat, daha sonra 2023-cü ilin dekabr ayının sonlarında 5000 (beş min) manat borc almışdı. Əvəllər o, borcunu hissə-hissə ödəyirdi. Ona həmin borcdan 1200 manat qaytarsa da borcun qalan hissəsini ümumilikdə 5800 (beş min səkkiz yüz) manatı geri qaytarmamışdır. Ona borc pul vəsaiti verməyi barədə qızı ilə aralarında watsap yazışmaları (səs yazmalar) da mövcuddur. Lakin o, hal-hazırda borcu ödəməkdən boyun qaçırır. Aralarında mübahisə yaranır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə Vaqif qızı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildir ki, cavabdeh 2023-cü ilin iyul-avqust ayında bildirdi ki, şirkətdə borcu yaranıb ödəməlidir anasından pul istəyib ona verməyini xahiş etmişdi. O, hamilə idi. Həmin ərəfədə uşaq dünyaya gəldi. Cavabdeh gəlib dedi ki, borcu ödəməsə onu işdən çıxardacaqlar. O, da anasından 2000 manat alıb ona verdi. Bir müddət sonra yenə dekabrın sonunda 5000 manat istədi. Həmiş ərəfədə o, avtomobilini satıb pulu anasına vermişdir. Çünki avtomobili anası öz pulu ilə ona almışdı. Anasından 5000 manat alıb ona verdi. Cavabdehin səs yazıları da var, etiraf edir. 2000 manatdan 1200 manat qaytarıb, 800 manat qalıb, 5000 manatdan isə heç ödəniş etməyib. Hazırda cəmi 5800 manat borcu var. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil bildirdi ki, iddia tələbini qəbul etmirlər. İddiaçı tərəfindən pretenziya qaydasına əməl edilməmişdir. Səs yazısı da onun razılığı olmadan qanunsuz yazılıb. Bundan başqa 3000 manatdan yuxarı olan borclar Mülki Məcəlləyə əsasən yazılı müqavilə bağlanılmaqla verilir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materialları:
5. “WhatsApp” yazışmalarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borc pul verilmişdir.
6. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 78 manat dövlət rüsumu ödəmişdir.
7. Məhkəməyə təqdim edilən CD diskdən görünür ki, cavabdeh iyul ayında 2000 manat, dekabrda 5000 manat borc aldığını etiraf etmişdir.
İşin faktiki halları:
8. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış şifahi borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh iyul ayında 2000 manat, dekabr ayında 5000 manat məbləğində borc pul vermişdir. Cavabdeh borcundan 1200 manat qaytarmış, qalan məbləği qaytarmamışdır. Hazırda iddiaçı, Cavabdeh 5800 (beş min səkkiz yüz) manat borcun və 78 manat ödədiyi dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş edir.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4091/2021 nömrəli Qərarı:
Şəxslər arasındakı telefon danışıqlarının bu söhbətdə iştirak edən (tərəf müqabili olan) biri tərəfindən yazılması və mübahisə halında onlardan məhkəmədə sübut kimi istifadə olunması müvafiq şərtlər daxilində mümkündür. Belə ki, gizli yolla əldə edilmiş səs yazısından sübut kimi istifadənin yolverilməzliyi, əslində şəxsi həyatın gizliliyini qorumaq ehtiyacından irəli gələn birqaydadır. Bu qayda, əsas etibarı ilə şəxsi həyata müdaxilə edilməklə, sirr təşkil edən məlumatların başqaları tərəfindən qanunsuz şəkildə ələ keçirilməsinin və istifadəsinin qarşısının alınmasına xidmət edir. Bununla belə, qeydə alınan məlumatlar, səsi yazılan tərəfin şəxsi həyatının gizli bir sahəsi olmayıb, bu danışığı qeydə alan biri ilə mübahisəli münasibətləri (borc və s.) barədə ifadə etdiyi fikirlərdirsə, həmin bəyanların sonradan təkzib olunacağı ehtimalı ilə yazılması özü-özlüyündə qanunsuz hərəkət hesab edilə bilməz. Çünki, bu halda şəxs başqasını gizli şəkildə dinləmiş və ya onun sirr xarakterli danışıqlarını yazmaqla şəxsi həyatı haqqında məlumat toplamış sayılmır. Bu zaman səsi yazıya alan, məhz özü ilə əlaqəli olan bir hadisədə qarşı tərəfin şifahi şəkildə ona etdiyi etirafı və ya digər bəyanı (məsələn, borcunu qaytaracağını) fiksə etmiş olur. Söhbətin bir tərəfi də elə yazını aparan şəxs olduğu üçün o, həm də mübahisəli məsələ ilə bağlı öz şəxsi həyatına dair bir məqamı qeydə almış sayılır. Bu baxımdan şəxsin iştirak etdiyi söhbəti mübahisə halında sübuta yetirə bilməsi üçün yazması və bu yazıdan məqsədi xaricində deyil, məqsədinə uyğun bir şəkildə istifadə etməsi (məsələn, qarşı tərəf təklikdə etdiyi borc etirafını sonradan təkzib etdikdə yazını məhkəməyə təqdim etməsi), sözügedən qeydlərin qanunsuz sübut sayılmasını istisna edir. Beləliklə, başqa şəxs(lər)lə olan telefon danışığının deyil, tərəflərin özləri arasında, özü də mübahisəli hüquqi münasibətlə bağlı söhbətin yazısının həmin mübahisənin həllində istifadə olunması MPM-nin 76.3-cü maddəsindəki qadağanın məqsədi xaricindədir. Bu şərtlər çərçivəsində səs yazılarının sübut kimi qəbul olunmaması, əsas hədəfi insan hüquq və azadlıqlarının qorunması olan bir qaydadan məqsədinə zidd, yəni insan hüquqlarının pozulması ilə nəticələnəcək şəkildə istifadə edilməsi anlamına gəlir. Belə ki, bəzi hallarda qarşı tərəfin etirafını gələcəkdə danması ehtimalına qarşı şəxsin yeganə sübutetmə vasitəsi olan səs yazısından istifadə edə bilməməsi maddi həqiqətin nəzərə alınmamasına səbəb olur. Halbuki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir (Azərbaycan Respublikasının Konstitusiyası, maddə 125, hissə Vİİ).
Məhkəmənin mövqeyi:
11. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
12. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini ödəməlidir.
13. Qeyd edilənlərdən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında yazılı müqavilə bağlanmamışdır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
14. Lakin məhkəməyə təqdim edilmiş və məhkəmə baxışında tərəflərin iştirakı ilə dinlənilmiş CD diskdən görünür ki, Cavabdeh keçmiş qaynanası İddiaçı iyul ayında 2000 manat borc götürüb yeni ilə kimi qaytarmağı, dekabr ayında isə 5000 manat borc götürüb iyul ayında qaytarmağı öhdəsinə götürdüyünü etiraf etmişdir. Həmin borcdan 1200 manat qaytarmışdır.
15. Belə olan halda məhkəmə, iddiaçının cavabdehə verdiyi borcdan 5800 manat məbləğində borcun qaldığı qənaətinə gəlir.
16. Göründüyü kimi tərəflər arasında Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə əsasən bağlanmış şifahi borc müqaviləsinin predmeti olan 5000 manat məbləğində pul vəsaitini (2000 manat ayrı verilib) iddiaçı cavabdehə olan etibarı və vicdanlılıq prinsipi əsasında cavabdehlə qohum olduğu üçün razılığa gələrək yazılı müqavilə bağlamadan borc vermişdir.
17. Göründüyü kimi tərəflər arasında yazılı borc müqaviləsinin olmaması tərəflər arasında yaranmış faktiki borc münasibətlərini istisna etmir və tərəflər arasında mülki hüquq münasibətləri yaranmışdır.
18. Beləliklə, Cavabdeh bağladığı şifahi borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməyərək, borcu ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur.
19. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5800 manat məbləğində pul tutulmalıdır.
Məhkəmə baxışının hədləri:
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri:
21. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 78 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.
Nəticə:
22. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5800 manat məbləğində pul və 78 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.
23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia təmin edilsin. Cavabdeh 5800 manat məbləğində pul və 78 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova