Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3097/2024 19.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı olan “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 9, mənzil 11, yeni qaydalarla ünvan 1 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3, yeni qaydalarla: AZ 1002, ünvan 1 ünvanda yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzili o 17 avqust 2024cü il tarixdə AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 almışdır. Həmin mənzilə dair Əmlak Məsələləri Dövlət Xidmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən onun adına 21 avqust 2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə çıxarış almışdır. X4 mənzili ona satandan sonra söz vermişdir ki, dərhal ailə üzvləri ilə birlikdə mənzildə qeydiyyatdan çıxacaqlar. O, bu günə kimi düşünmüşdür ki, onlar qeydiyyatdan çıxıbdır, lakin Asan 5 Xidmət Mərkəzindən əldə etdiyi arayışdan aydın olmuşdur ki, Cavabdeh qeydiyyatda qalıbdır. Cavabdehin onun mülkiyyətimdə olan mənzildə pasport qeydiyyatında qalmaları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılmışdır.
İş materialları :
3. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3, yeni qaydalarla: AZ 1002, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, giriş 17, M5,M2 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir.
4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 9 saylı evin 11 saylı, yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 17 saylı evin, 5 mərtəbə 2 saylı mənzildə qeydiyyatdadır.
5. İddiaçı ilə X4 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Firuddin Ramazanov küçəsi, H.Aslanov qəsəbəsi, ev 5, mənzil 25-də qeydiyyatda olan X4 Bakı şəhəri Nizami rayonu, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 9 saylı evin 11 saylı, yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 17 saylı evin, 5 mərtəbə 2-də yerləşən mənzili 98500 min manata satmışdır. Həmin müqavilənin 13-cü bəndinə əsasən satıcı xx.xx.2024-cü il tarixədək satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.
6. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən xx.xx.2024-cü il tarixli Çıxarışdan görünür ki, Cavabdeh qeydiyyatda olduğu, X3 məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilin satılmasına, bağışlanmasına etiraz etməyərək, müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.
7. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
8. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir.
10. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
11. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi bağlanılmış və həmin alqı-satqı müqaviləsinə əsasən iddiaçı Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 9, mənzil 11, yeni qaydalarla ünvan 1 saylı mənzilə mülkiyyət hüququ əldə etmişdir.
12. Cavabdeh notarial qaydada təsdiq edilmiş “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə üzərinə öhdəlik götürməsinə baxmayaraq mübahisəli mənzildən qeydiyyatdan çıxmadığı üçün iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Məhkəmə baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
14. Azərbaycan Respublikası Konstitusiyasının :
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1.Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun :
9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;
18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolu :
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Məhkəmənin mövqeyi :
19. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
20. Hazırda İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbini Cavabdeh ilə bağlanmış xx.xx.2024-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək həmin mənzildən qeydiyyatdan çıxmaması ilə əsaslandırmışdır.
21. Məhkəmə cavabdehlərin mübahisəli mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi məsələsinə qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun yaranıb-yaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olmayan hüququn itirilməsindən söhbət gedə bilməz.
22. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 9, mənzil 11 (yeni qaydalarla ünvan 1) saylı mənzil xx.xx.2024-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi əsasında X4 tərəfindən İddiaçı satılmışdır.
23. Məhkəmə qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququnun yaranmasının bir neçə əsası var ki, onlardan biri də əşya hüququdur. Bu mənada Cavabdeh həmin mənzilin əvvəlki mülkiyyətçisi X2 ailə üzvü olaraq mübahisəli mənzildə istifadə hüququ mövcud olmuşdur.
24. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
25. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
26. Maddənin məzmunu ona əsas verir ki, mənzil ilə bağlı istifadə hüququ olan şəxs mülkiyyət hüququndan imtina edərək mülkiyyət hüquqlarını digər şəxsə keçməsi ilə əlaqədar notarial qaydada təsdiq olunmuş müqavilədən irəli gələn öhdəliyi olduğu halda həmin yaşayış yerinə istifadə hüququda itirilmiş sayılır.
27. İşin müəyyən edilmiş halı odur ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə ilə notariat ofisinə müraciət edərək ünvan 3 ünvanında yerləşən mənzilin satılmasına, bağışlanmasına etiraz etməmiş və müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür
28. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
29. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir.
30. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.
31. Bu mənada vurğulamaq lazımdır ki, cavabdehin Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 9, mənzil 11, yeni qaydalarla ünvan 1 saylı mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını, həmçinin mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam və istifadə hüququnu məhdudlaşdırır. İddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehin mənzildə formal olaraq qeydiyyatda qalması mülkiyyətçi kimi onun iradəsinə ziddir.
32. Yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehlərin mülkiyyət hüququna xitam verilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ yaranmışdır.
33. Həmçinin məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir.
Nəticə :
34. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 9, 11 (yeni qaydalarla ünvan 1) saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 3 (Yeni qaydalarla: AZ1002, ünvan 4 ünvanından istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh ünvan 3 (Yeni qaydalarla: AZ1002, ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva