Məhkəmə qərarları › İş №2(007)-3120/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3120/2022

14.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3120/2022 14.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçı, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edib, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 17 saylı evin, 30 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 17 saylı evin, 30 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Həmin mənzilli o, 19 avqust 2020-ci il tarixdə AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasında Cavabdeh3 almışdır. Sonra isə həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 21 avqust 2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə çıxarış almışdır. Cavabdeh3 mənzili satandan sonra öhdəsinə götürmüşdür ki, bir ay ərzində ailə üzvləri ilə birlikdə mənzildən qeydiyyatdan çıxacaqlar. O, bu günə kimi düşünmüşdür ki, cavabdehlər qeydiyyatdan çıxmışlar, lakin Asan 6 Xidmət Mərkəzindən əldə etdiyi arayışdan aydın olmuşdur ki, cavabdehlər qeydiyyatda qalmışlar. Cavabdehlərin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaqları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul edərək, iddianın təmin edilməsinə etiraz etmədi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə digər cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilmiş, lakin zərflər üzərində “köçüb” və “bu ünvanda yaşamır” məzmununda qeyd edilərək məhkəməyə geri qaytarılmışdır. Belə olan halda, məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Satıcılar Cavabdeh3 və Cavabdeh2 ilə alıcı İddiaçı arasında 19 avqust 2020-ci il tarixdə Bakı şəhəri 30 saylı notariat ofisində bağlanaraq reyestrdə 4Ə-86 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alğı-satqısına dair AN-İ № ******* saylı müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzilini İddiaçı sataraq, onun mülkiyyətinə vermişlər; Müqavilənin 4-cü bəndinə əsasən satıcılar mənzili 69700 manata satmış, alıcı isə həmin qiymətə almışdır; Müqavilənin 13-cü bəndinə əsasən satıcılar xx.xx.2020-ci il tarixinədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşlər; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına qeydiyyatına alınmışdır; - 6 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı arayışdan görünür ki, İddiaçı, X1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qızı ünvan 1 ünvanında yerləşən mənzilində qeydiyyatdadırlar; - Notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh6 ünvan 2 ünvanında yerləşən 30 saylı mənzilin satılmasına etiraz etmir. Alğı-satqı müqaviləsində göstərilən müddətdə qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür. Gələcəkdə həmin mənzilə dair heç bir iddiası olmayacaqdır; - Notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən 30 saylı mənzilin satılmasına etiraz etmir. Alğı-satqı müqaviləsində göstərilən müddətdə qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür. Gələcəkdə həmin mənzilə dair heç bir iddiası olmayacaqdır; - Notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh4 ünvan 2 ünvanında yerləşən 30 saylı mənzilin satılmasına etiraz etmir. Alğı-satqı müqaviləsində göstərilən müddətdə qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür. Gələcəkdə həmin mənzilə dair heç bir iddiası olmayacaqdır; - Notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh5 ünvan 2 ünvanında yerləşən 30 saylı mənzilin satılmasına etiraz etmir. Alğı-satqı müqaviləsində göstərilən müddətdə qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür. Gələcəkdə həmin mənzilə dair heç bir iddiası olmayacaqdır. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh3 və Cavabdeh2 mülkiyyətində olmuşdur. Cavabdeh3 və Cavabdeh2 19 avqust 2020-ci il tarixdə İddiaçı ilə daşınmaz əmlakın alğı-satqısına dair AN-İ № ******* saylı müqavilə bağlayıb, mülkiyyətlərində olan həmin mənzili İddiaçı sataraq onun mülkiyyətinə vermişlər. Alğı-satqı müqaviləsinin bağlanmasından sonra həmin mənzilə İddiaçı mülkiyyət hüququ tanınmış və mənzil üzərində bu mülkiyyət hüququ 21 avqust 2020-ci il tarixdə qeydiyyata alınmışdır. Mənzilin köhnə sakini olan cavabdehlər mənzildən köçsələr də, formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmışlar, bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh3 və Cavabdeh2 19 avqust 2020-ci il tarixdə bağladığı daşınmaz əmlakın alğı-satqısına dair müqaviləyə əsasən mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən mənzilini İddiaçı sataraq onun mülkiyyətinə vermişlər. Hazırda mənzil iddiaçının xüsusi mülkiyyətində olsa da, keçmiş mülkiyyətçilər və onların ailə üzvü alğı-satqı müqaviləsi əsasında öhdəlik götürmələrinə baxmayaraq, mənzildən qeydiyyatdan çıxmamışlar. Bununla yanaşı, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 mənzilin satılmasına etiraz etməməsi barədə notarial qaydada ərizə vermişdir. Hansı ki, alğı-satqı müqaviləsinin bağlanmasından dərhal sonra mənzil iddiaçıya təhvil verilmişdir, cavabdehlər həmin vaxtdan mənzildə yaşamamışlar. Cavabdehlərin hal-hazıradək mənzildə qeydiyyatda qalmaları mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozur. Məhkəmə hesab edir ki, qeyd olunan mənzil üzərində mülkiyyət hüququ həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığı andan ona keçmiş və cavabdehlər mülkiyyət hüququnun tərkib hissəsi olan mənzildən istifadə hüquqlarını itirmişlər. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar