Məhkəmə qərarları › İş №2(007)-3125/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3125/2025

20.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3125/2025 20.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi, razılaşma, alqı-satqı və s.) X1 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.000 (bir min) manat pulun və dövlət rüsumu əvəzi olaraq ödənilmiş 30 (otuz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2024-cü ilin dekabr ayında o, özünə məxsus olan bir otaqlı evi satıb üç otaqlı ev almaq istəmişdir. İnternet (sosial şəbəkə) vasitəsi ilə satışa çıxarılmış Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev prospekti, 121 saylı evin, 32 saylı 3 otaqlı mənzilinin mülkiyyətçisi Cavabdeh ilə evi almaq barədə danışığa getmişdir. Əvvəlcədən razılığa gəlmişlər ki, ödənişi hissə-hissə etsin, çünki onun pulu çatmamışdır. Onlar razılığa gəlmişlər ki, bəzi əşyaları çıxmaq şərli ilə evi 225.000 (iki yüz iyirmi beş min) manata alsın. Şərtləri belə olmuşdur ki, Cavabdeh .Muxtar oğlu ilə 50.000 manatla ilkin alqı-satqı müqaviləsi bağlasınlar. 15-20 gündən sonra 100.000 (yüz min) manat versin və alqı-satqı müqaviləsi bağlasınlar. Yerdə qalan pulu da Cavabdeh evi təhvil verəndə versin. Cavabdeh özü də ondan may ayına qədər möhlət istəmişdir. O da fikirləşmişdir ki, 75.000 manal pulun 25.000 manatını mülkiyyətində olan avtomaşınını satar, qalan 50.000 manatı isə evi banka ipotekaya qoyub bankdan pul götürər. O, bu razılığın müqabilində ona 1.000 (min) manat pul vermişdir. Səhəri isə onlar danışdıqları kimi ilkin alqı-satqı müqaviləsi bağlamaq üçün notariusa getmişlər. Notarius onlara sual vermişdir ki, şərtlərini desinlər. O, qeyd etdiyi kimi danışmışdır. Notarius ev sahibinə yəni Cavabdeh demişdir ki, 225.000 manat müqavilədə göstərilməyəcək o buna razıdır?. Cavabdeh da bildirmişdir ki, o, 225.000 manatın müqavilədə göstərilməməsinə razı deyil, həmin məbləğ müqavilədə göstərilsin. Notarius isə bildirmişdir ki, 225.000 manat nağd şəkildə olmasa, o, alqı-satqı müqaviləsini təsdiq edə bilməz. Belə olduğu halda onların şərtləri pozulmuşdur. O, həmin vaxtdan bir neçə dəfə demişdir ki, belə isə onların alqısatqısı baş tutmamışdır, verdiyi 1000 manatı qaytarsın. Cavabdeh isə ona bildirmişdir ki, o gözləyir, pulunu düzəltsin alqı-satqı etsinlər. Təxminən söhbətdən bir neçə həftədən sonra o, maşınını da behləşmişdir, demişdir ki, qalır 50.000 manat, onu da bankla mümkün olsa, edəcək, mümkün olmasa yox. Bir neçə banka müraciət etsə də, heç bir bank mənzilin çıxarışı əlində olmadığına görə 50.000 manal pulu verməmişdir. Bundan sonra Cavabdeh bildirmişdir ki, o, evi satışa çıxardır, o da ona bildirmişdir ki, necə istəyir elə də et və onun 1.000 (bir min) manatını qaytarsın. Cavabdeh hal-hazırda evini satıb. O da ona zəng edərək bildirmişdir ki, evini satmışdır, onun verdiyi 1.000 manalt pulunu qaytarsın. Cavabdeh isə telefonda onu təhqir etməklə, söyüş söyməklə, hədə-qorxu gəlməklə pulunu qaytarmaqdan imtina etmişdir. Bundan sonra o, başa düşmüşdür ki, Cavabdeh onun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edərək onu aldatmışdır. O da Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü PŞ-nə şikayət ərizəsi ilə müraciət edərək Cavabdeh barəsində AR CM-nin 178-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü PŞ-nin təhqiqatçısı polis leytenantı Ruslan Əhmədov tərəfindən xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24cü PŞ-nin təhqiqatçısı polis leytenantı Ruslan Əhmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərar Bakı şəhəri Nizami rayon Prokurorluğu tərəfindən 8 iyul 2025-ci il tarixli qərarla ləğv edilmişdir. Yenidən Bakı şəhəri Nizami raven Polis İdarəsinin 24-cü PŞ-nin təhqiqatçısı polis baş leytenantı Xanlar Xankişiyev tərəfindən xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və ona pulun qaytarılması tələbi ilə mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət elmək hüququ izah edilmişdir. Onu da bildirmək istəyir ki, dəfələrlə Cavabdeh 1000 manat məbləğində pulumun qaytarılması barədə müraciət etməyinə baxmayaraq cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. O da hüquqlarının müdafiəsi ilə bağlı məcburiyyət qarşısında qalaraq Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BPQMİnin MAPS şöbəsinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev prospekti, 121 saylı evin, 32 saylı mənzilində pasport qeydiyyatındadır. Cavabdeh 1.000 (min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi 30 ( otuz) manat pul tutularaq ona ödənilməlidir. İş materialları: xx.xx.2025 və xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Daxilində 06 ədəd audio yazı olan 01 ədəd CD disk və daxilində 09 ədəd audio yazı olan 01 ədəd flaş yaddaş iş materiallarına sübut qismində əlavə edilmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, ərizənin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, qarşı tərəfin evini elanda görüb bəyənmiş, almaq istəmişdir. 225000 manata razılaşmışlar. 50000 manat ilkin alqı-satqı zamanı, 100.000 manat sonra, təhvil verəndə isə 75000 manat veriləcəkdi. Evdəki bütün əşyalar isə qalacaqdı. Sonra demişdir ki, qab yuyan və soyuducunu götürəcək. O da demişdir ki, nə etsələr, notarial qaydada edəcəklər. 50000 manat ilkin veriləcək, 2 həftə sonra 100000 manat ilə alqı-satqıya gedəcəklər. Notariata getmişlər, notarius demişdir ki, 75000 manat ortada qalır, buna razı olub-olmadıqlarını soruşmuşlar. Namiq razılaşmadığı üçün, notarius çıxıb çöldə mübahisələrini həll etmələrini demişdir. Çöldə danışmışlar, Namiq təzədən razılaşmışdır. Yenidən notariusun yanına girmişlər, onlara mübahisəli olduqları üçün gedin demişdir. Qiyməti razılaşandan sonra ondan 30000 manat istəmişdir. Namiqin ev almaq istədiyi şəxsin xəstəsi olmuşdur. O demişdir ki, 1000 manat verə bilər, artıq verə bilməz. Evin həyətində, çardaqda 1000 manat beh vermişdir. Onu da Namiq başqasına vermişdir, o pul da batmışdır. Onlar qiymətlə razılaşmırlar. Cavabdeh, 230000 manat demiş, o isə 220000 manat demişdir. İlkin 50000 manat verirdi, 100000 manat verdikdən sonra ev adına keçirdi. 75000 manatı isə evi ona təhvil verəndə verirdi. Çıxarış notariusda qalırdı. Evi alacağı şəxsin xəstəsi olduğunu demişdir, ondan 30000-40000 manat pul istəmişdir. O demişdir ki, 225000 manat verəndən sonra pencəyini götürüb çıxacaq. Sonra gəlmişdir ki, filan əşyaları da götürəcək. Görmüşdür ki, sözü üst-üstə düşmür. Demişdir ki, nə edəcəksə, qanuni formada, notarius vasitəsilə edəcəl. İlkin 50000 manat verib, sonra 100000 manat ilə alqı-satqıya gedəcəkdi. O ilk gündən nağd pulunun bu olduğunu demişdir, razıdırsa, getsinlər. Dilindən iltizam verəcək. Notarius demişdir ki, bank çağırsın. Amma bankın qaydaları var. Gəlib evi çəkməlidir, onun iş yerini öyrənməlidir. Axşam razılaşmış, səhər gəlib notariusda razılaşmamışdır. O, ilkin müqavilə üçün 50000 manat ilə notariusa getmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, evini ehtiyacdan satırmış. Anası xəstə olmuşdur, ölmədən uşağı evləndirmək istəmişdir ki, anası görsün. Elanda gördüyünü deməyi yalandır. Binanın həyətindəki makler ilə evinə gəlmişdir, evə baxıb bəyənmişdir. Təxmini 2023-cü ilin axırı olmuşdur. Onun da xəstəsi var, əlində biraz pul var, təbii ki o da özünə ev almaq istəyir. Atçılıqda 75000 manata ev tapmışdır. O da beh verməyə çalışmışdır. İddiaçı onu 1-2 həftə gözlətmişdir. O biri evi almaq istədiyi də zəng etmişdir, o almır deyə evi satacağını demişdir. 5-6 ay vaxt keçmiş, o da satmağı dayandırmışdır. Sonra görmüşdür ki, yenə maddi çatdırmır. Evi təkrar satmağa qoymuşdur. Bu dəfə təkrar gəlmişdir, amma tək olmuşdur. Evdə gözünün qaldığını demişdir. Demişdir ki, iş gücdən edəcəksə, gəlməsin. Dedi ki, hərşey qaydasındadır. 1-2 gün uşağı, yoldaşı, qaynı, dostu ilə gəlib-getmişdir. Evi əşyalarla birlikdə satmağı danışmışlar. Amma evdə 2 soyuducu olmuşdur, biri mebelin içində olmuş, birini oğlu anasına hədiyyə almışdır. Bir də qızı anasına qabyuyan almışdır. Soyuducu və qabyuyandan başqa hərşeyin qalmasını danışmışdır. Çox qapısına gəlmişdir, yalvarmışdır, evdə gözü qaldığını demişdir. 10 günə hərşeyi tamamlayacağını demişdir. O da demişdir ki, bu dəfə normal beh gətirsin. O da öz problemlərini həll edə bilsin. Alacağı evin də behini verə bilsin. Bu dəfə də gecikdirmişdir. Axırı 5000 manat pulu var, gəlirəm demişdir, yenə gəlməmişdir. Gah yas var demişdir, gah başqa problemlər. Sonra bir də qaynı ilə gəlmişdir. Səhər notariusa gedək demişdir. O da də yoldaşı ilə getmişdir. Müdirin otağına getmişlər, notarius əlindəki kağıza baxmışdır, sonra ona baxmışdır. Evi neçəyə satdığını soruşmuş, o da 225000 manat demişdir. Demişdir ki, burda 175000 manat görsənir, sonra necə sübut edə bilər? Onun təəccübləndiyini görüb, çölə çıxın demişdir. Çölə çıxmışlar, demişdir ki, evi ilkin 50000 manata alıb, çıxarışı götürüb, banka ipotekaya qoyub pulu ona verəcəkmiş. Aramızda hissə-hissə söhbəti olmamışdır. Gətirib ona 1000 manat beh vermişdir. Bir həftə sonra getmişlər notariusda bu məsələ açılmışdır. Notarius da demişdir ki, olan pulu versin, qalan pulu bank onun əvəzindən versin, sonra özü banka ödəsin. Yəni qanuna uyğun yol bu olmuşdur. Lakin iddiaçı buna razı olmamışdır. İddiaçıya kredit vermələri üçün neçə dostuna müraciət etmişdir. Yalandan VÖEN-nin olduğunu demişdir, amma yoxdur. Ona görə kredit də verməmişlər. Özünə almaq üçün ev bəyənmişdir. İddiaçı ona 1000 manat beh vermişdir, o da aparıb evini alacağı adama 1000 manat beh vermişdir. O da aparıb öz növbəsində Xırdalanda bir otaqlı evə beh vermişdir. Evi alacağı şəxs zəng etmişdir ki, “Namiq dayı mən hazıram, bütün əşyaları toplamışıq koridordadır.” Ona video çəkib göndərmişdir, o da həmin videonu buna göndərmişdir. Üzərindən düz 3 ay keçmiş, ona demişdir ki, heç cür alınmır. Vüsal da ona zəng etmiş, o da alınmadığını demişdir. Vüsal da Xırdalanda evə beh verib, mətbəx mebeli yığdırıb, evə 5000 manat xərc çəkmişdir. O da bunları Şükürana demişdir. Demişdir ki, heç alınmır. Vüsal demişdir ki, onun behi batmışdır, onun behi də Vüsalda batmışdır. Şükürana zəng edib demişdir ki, Şüküranın behi də onda batmışdır. Beh notariusa getməmişdən 3-4 gün qabaq verilmişdir, 2024-cü ilin son ayları olmuşdur. Onların arasında hissə-hissə ödəniş etmək söhbəti olmamışdır. Demişdir ki, evini satır, qalan pulu bankdan çıxarıb alqı-satqıya gətirəcək. Ona zəng edib onu oğlu ilə hədəlmişdir. O da iddiaçını hədələmişdir. Aparıb bu səs yazılarını 24-cü PB-nə vermişdir. Guya o şantaj edir. Söyüşlərə görə səs yazılarını silmişdir. Bir də proqram vasitəsilə geri yükləmişdir. Notariata gedən günün səhəri ona zəng edir, onu günahkar çıxarır. O, dostu olan bank müdirlərinə xahiş etmişdir ki, ona kredit versinlər. Ona demişdir ki, evinə 180000 manat pul vermişlər, əlindədir. Qalanın bankdan kredit götürəcək. Demişdir ki, notariata gələndə qalan pulu kredit götürüb gələcək. Notarius demişdir ki, burda 175000 manat var, razı olub-olmadığını soruşmuşdur, yox demişdir. Demişdir ki, yerdə qalan pul nolacaq? İddiaçı demişdir ki, evin çıxarışını götürüb banka qoyub, qalan pulu verəcək. Notarius demişdir ki, çatışmayan pul sənəddə göstərilməlidir. Kənan bəy demişdir ki, bu dəqiqə bankın nümayəndəsini çağırsınlar, qanuni yol budur. Şüküran razılaşmamışdır ki, özünün tanışı var, aşağı faizlə kredit verəcək. Notariusa getməmişdən bir gün əvvəl söz vermişdir ki, 15000 manat beh gətirəcək. Evini alacağı şəxsin arvadı xəstə olmuşdur, təcili pul lazım olmuşdur. O da demişdir ki, 30000-50000 manat beh olaraq versin, sonra evin satıb qalanın gətirsin. 50000 manat ilə beh müqaviləsi üçün getmişlər. Yanındakı vəkil nə edibsə, guya onlar ilkin alqı-satqı müqaviləsi bağlayırlar. Bank müdiri dostları baxmışlar ki, onun vöen-i yox, heç yerdə adı yox, bank kredit verməmişdir. 4 ay onu süründürmüşdür, axırı dili ilə demişdir ki, onda alınmır. Oturub gözləmişdir ki, o evi satsın sonra gəlib ondan beh istəsin. Göstərdiklərinə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında cavabdehə məxsus mənilin alqı-satqı edilməsi ilə bağlı müvafiq razılaşma əldə edilmiş, iddiaçı tərəfindən cavabdehə bu razılaşmanın təminatı qismində 1000 manat məbləğində pul vəsaiti verilmiş, lakin sonradan aralarında olan anlaşılmazlıq nəticəsində alqı-satqının rəsmiləşdirilməsi baş tutmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, qanunun tələbinə uyğun olaraq behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçı sözügedən 1000 manat məbləğini beh qismində cavabdehə verdiyini, cavabdeh də öz növbəsində həmin məbləği beh qismində qəbul etdiyini bildirsə də, tərəflər arasında bu barədə yazılı müqavilə bağlanmamış, habelə belə müqavilə notarial qaydada təsdiq edilməmişdir. Belə olan halda məhkəmə tərəflər arasında olan hüquq münasibətinə qanunda nəzərdə tutulmuş öhdəlik institutu baxımından qiymət verməyi məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından, eləcə də tərəflərin izahatlarından məlum olmuşdur ki, onların arasında evin alqı-satqısına dair hüquq münasibətləri yaranmış, bunun təminatı qismində 1000 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə verilmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh bu faktı təsdiq edərək göstərmişdir ki, o, iddiaçıdan 1000 manat pul almış və öz növbəsində başqa şəxsdən almağı düşündüyü evin alqı-satqısı üçün həmin şəxsə təminat qismində vermişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmlakın alqı-satqısı baş tutmamışdır. Belə ki, tərəflərin izahatından görünür ki, onlar aralarında müvafiq şərtlərlə alqı-satqı etmək məqsədilə notariat ofisinə getmiş, lakin cavabdeh notariat ofisində olarkən həmin şərtləri qəbul etməyərək aralarındakı razılaşmanı pozmuşdur. Belə olan halda cavabdeh məhz evin alqı-satqısı üçün nəzərdə tutulmuş və məhz gələcəkdə baş tutacaq alqı-satqının təminatı qismində verilmiş 1000 manat məbləğində pulu özündə saxlamaqla əsassız varlanmışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehin iddia tələbi ilə bağlı qəbul etmədiyi nüans ondan ibarətdir ki, o qəbul etdiyi pul məbləğini özü də başqa şəxsə vermiş və onun “behi batmışdır”. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh pulu almaqla əsassız varlandığından, aldığı pulu eyni qaydada verənə qaytarmalı olduğundan iddia tələbi təmin edilməlidir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı öz tələbində istinad etdiyi halları məhkəmə araşdırması zamanı sübuta yetirmişdir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən və iddiaçı tələb etdiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1000 (min) manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1000 (min) manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar