Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3198/2021 20.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Cavabdeh, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, 2017-cı il tarixdə atasının rəhmətə getməsi ilə bağlı tez-tez rayona gedib-gəlməli olmuş. Hər dəfə rayona gedib gələndə avtobusla getməli olurdu. Avtobus şoferi olan Cavabdeh Bəhmən oğlu ilə tanışlığı yarandı. Tanışlıqları biraz da dərinləşmiş və daha da səmimi olmuşlar. Bundan sonra cavabdeh ondan iş qurmaq adı ilə 2017-ci il tarixdən 2019-cu il tarixə kimi 100000 manat borc pul götürmüş. Həmin pul ona rəhmətlik valideynindən qalmışdı. Tez bir müddətdə işini qurduqdan sonra verilmiş 100000 manat pulu və üzərində xeyir də verəcəyini bildirərək qaytarmasına dair öhdəlik götürdü. Lakin üzərinə götürdüyü öhdəliyi icra etmədi və 2019cu il tarixdə onunla münasibətini kəsdi və pulun qaytarılmasını bildirdikdə isə tezliklə qaytarması barədə öhdəlik götürdü. Lakin hər dəfə bir bəhanə gətirərək pulunun başqa bir adamda olmasını və ondan alan kimi qaytaracağını və hətta üzərində əlavə olaraq iş qurduqları üçün pul qaytaracağına vəd verərək onu bu günə kimi aldatmışdır. Bununla bağlı Binəqədi rayon 43-cü Polis Bölməsinə şikayəti əsasında Cavabdeh Bəhmən oğlu dəvət edildi, lakin 26.06.2021-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən cavab olaraq bildirilmişdir ki, şikayəti mülki xarakterli olduğu üçün rayon məhkəməsinə müraciət etməyi məqsədə müvafiqdir. Cavabdehdən ona olan borcunun qaytarmasını tələb etsə də borcu qaytarmaqdan bu günə kimi boyun qaçırır. Artıq məcbur olmuşdur ki, məhkəməyə müraciət etsin və pozulmuş hüquqları məhkəmə tərəfindən bərpa edilsin. Qeyd olunanlara əsasən Cavabdeh Bəhmən oğlundan 100000 manat məbləğində borc verilmiş pulun, dəymiş mənəvi zərərin əvəzi olaraq 20000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Lakin 09.08.2021-ci il tarixdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin baxış iclasında iştirak edən Cavabdeh mülki işin baxılmamış saxlanmasına etiraz edərək işin mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Cavabdeh izahatinda bildirdi ki, iddianı qəbul etmir. O, sürücü işləyəndə iddiaçı ilə tanış olmuşdur. Təxminən 2017-ci ildə olub tanışlıqları. Sonra tanışlıqları biraz da dərinləşmiş və bir-biri ilə daha da səmimi olmuşlar. Müəyyən vaxt keçdikdən sonra daha dəqiq 2018-ci ildə münasibətləri soyumuşdur. Bundan sonra bu cür problemlər başlamışdır. O, heç vaxt iddiaçıdan pul götürməmişdir. Münasibətdə olduğu dövrdə ona hədiyyə olaraq iki köynək almışdı. İddiaçının barəsində dedikləri böhtandı. Odur ki, iddianı qəbul etmədiyini və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsinin Vəkil Cavabdeh dedikləri ilə razılaşdı, mülki işin baxılmamış saxlanmasına etiraz etdi və işin mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. O, Cavabdeh izahatına uyğun izahat verdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verdikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi cavabdeh və onun vəkili-nümayəndəsi işin mahiyyəti üzrə həll olunmasını təkidlə məhkəmədən xahiş etmişlər. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilə bilməz. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı Şəhər BPİ-nin Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin 26.06.2021-ci il tarixli ərizəyə cavab məktubundan görünür ki, Cavabdeh Bəhmən oğlu ilə İddiaçı arasında yaranan mübahisənin mülki xarakterli olması müəyyən edilmişdir. Mülki mübahisənin həlli üçün aidiyyəti üzrə məhkəmə orqanına müraciət edilməsi tövsiyyə olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin 100000 manat məbləğində borc verilmiş hissəsində mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Həmçinin, məhkəmə hesab edir ki, mənəvi zərərin tələb olunması hissəsində də iddia əsassızdır. Belə ki, iddiaçı ona mənəvi zərərin dəyməsini təsdiq edən hər-hansı bir sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin Cavabdeh mənəvi ziyana görə 20000 manatın tutulması ilə bağlı hissələri təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair iddiası rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli olmadığından, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-3198/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3198/2021
20.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver