Məhkəmə qərarları › İş №2(007)-3289/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3289/2021

23.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3289/2021 23.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Hüseynova Bəturə Xaqani qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Hacırza oğlunun cavabdehlər Cavabdeh1 və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “iddiaçının adından bağlanmış müqavilələrin, qəbzlərin, yanacaq daşıyan avtomaşınların və sürücülərin siyahısının cəmiyyətə və Dövlət Vergi Xidməti yanında Vergi Cinayətləri Baş İdarəsinə təqdim edilməsi və sənədlər təqdim edilmədiyi təqdirdə ümumilikdə 2.826.966,78 manat hesablanmış vergi borcunun cavabdehlərdən tutularaq cəmiyyətin adından Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin hesablaşma hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 Hacırza oğlu iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının adından bağlanmış müqavilələrin, qəbzlərin, yanacaq daşıyan avtomaşınların və sürücülərin siyahısının cəmiyyətə və Dövlət Vergi Xidməti yanında Vergi Cinayətləri Baş İdarəsinə təqdim edilməsi və göstərilən sənədlər təqdim edilmədiyi təqdirdə 2 saylı vergilər Baş İdarəsi tərəfindən Səyyar Vergi yoxlaması aparıldığı tarixlərdə (01.01.2016-01.01.2019) neft məhsullarının satış sənədlərinin təqdim olunmadığına görə yoxlayıcı X1 tərəfindən tərtib olunmuş aktın (Akt № **********98795) 11/18-12/18 səhifələrində göstərildiyi kimi tələbnamədə tələb olunan yanacağın satışına dair zəruri olan sənədlər, yoxlamaya təqdim edilmədiyindən müəssisədə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ƏDVnin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 1.888.644,52 manat azaldılmasına, 50% məbləğində, yəni 942.322,26 manat maliyyə sanksiyası tətbiq etməklə, ümumilikdə 2.826.966,78 manat hesablanmış vergi borcunun cavabdehlərdən tutularaq cəmiyyətin adından Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin hesablaşma hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı qeyd edilən ərizə ilə məhkəməyə müraciət edərkən qanunvericiliyin müvafiq tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iddia ərizəsinin məzmunundan və tələbin mahiyyətindən aydın olur ki, iddiaçıların müvafiq sənədlərin götürülməsini tələb etməkdə məqsədləri məhz həmin sənədləri Dövlət Vergi Xidməti yanında Vergi Cinayətləri Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi ilə bağlı həmin idarəyə təqdim etməklə bağlıdır. İddiaçılar qeyd olunan iddia ərizəsində, Azərbaycan Respublikası Dövlət Vergi Xidməti yanında Vergi cinayətlərinin araşdırılması Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə ********* saylı cinayət işi üzrə istintaqın davam etdiyini göstərsələr də, bununla bağlı, yəni sözügedən sübutların götürülməsi barədə vəsatətlə ibtidai istintaqı aparan müstəntiqə deyil, məhkəməyə müraciət etmişlər. Hansı ki, qeyd edildiyi kimi, iddia ərizəsinə nəzər yetirərkən müəyyən olunur ki, iddiaçıların məhkəməyə müraciət etmələrinə səbəb, məhz cavabdehlərdən dəfələrlə iddia ərizələrində qeyd etdikləri sənədləri təqdim etmələrini tələb etmələrinə baxmayaraq, sonuncuların həmin sənədləri təqdim etməmələri olmuşdur. Cinayət prosessual qanunvericiliyinin tələbinə əsasən, işdə iştirak edən şəxslərin sübut əhəmiyyətinə malik olan sənədlərin götürülməsi, sübutların toplanılması ilə bağlı cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiqə vəsatətlə müraciət etmək hüquqları vardır və müstəntiq həmin vəsatətin təmin edilməsini zəruri hesab etdiyi halda, məhkəmə qərarı əsasında həmin sübutların götürülməsinə (o cümlədən, yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin aparılmasına) dair vəsatətlə ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edə bilər. Bununla əlaqədar, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Vergi Xidməti yanında Vergi cinayətlərinin araşdırılması Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə ********* saylı cinayət işi üzrə istintaq davam etdiyi halda, sözügedən sənədlərin məhz iddia icraatı qaydasında işə baxılması yolu ilə götürülərək, Dövlət Vergi Xidməti yanında Vergi Cinayətləri Baş İdarəsinə, o cümlədən iddiaçılara təqdim edilməsi yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən, yəni ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin məhkəmə icraatı mümkün deyil və yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 Hacırza oğlunun cavabdehlər Cavabdeh1 və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “iddiaçının adından bağlanmış müqavilələrin, qəbzlərin, yanacaq daşıyan avtomaşınların və sürücülərin siyahısının cəmiyyətə və Dövlət Vergi Xidməti yanında Vergi Cinayətləri Baş İdarəsinə təqdim edilməsi və sənədlər təqdim edilmədiyi təqdirdə ümumilikdə 2.826.966,78 manat hesablanmış vergi borcunun cavabdehlərdən tutularaq cəmiyyətin adından Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin hesablaşma hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsində qeyd olunan sənədlərin götürülməsi barədə ibtidai istintaqı aparan müstəntiqə vəsatətlə müraciət etmək hüquqlarının olması iddiaçılara izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar