Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3397/2024 23.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı olan “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 15/9 A saylı evin, 74 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 15/9 A saylı evin, 74 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Həmin mənzilli o, Bakı şəhəri 52 saylı notariat ofisinin 16 iyul 2014-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 almışdır. Sonra isə həmin mənzilə dair Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 18 iyul 2014-cü il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə çıxarış almışdır. Alqı-satqı müqaviləsi bağlanarkən cavabdeh öhdəsinə götürmüşdür ki, ailə üzvləri ilə birlikdə 1 ay ərzində mənzildən qeydiyyatdan çıxacaqdır. O, bu günə kimi düşünürmüş ki, onlar qeydiyyatdan çıxmışlar, lakin Asan Sumqayıt Xidmət Mərkəzindən əldə etdiyi arayışdan aydın olmuşdur ki, cavabdehlər qeydiyyatda qalmışlar. Onların onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılmışdır.
İş materialları :
3. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 15/9 A saylı evin, 74 saylı mənzil İddiaçı mülkiyyətindədir.
4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1995ci il təvəllüdlü Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 15/9 A saylı evin, 74 saylı mənzilində qeydiyyatdadırlar.
5. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli, xx.xx.2014cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 15/9 A saylı evin, 74 saylı mənzilində qeydiyyatda olan Məmmədzadə X1 Respublikası (Türkmənistan TKM 0295452, xx/xx/2013-SMST) yaşayan İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 15/9 A saylı evin, 74-də yerləşən mənzili 70.470 min manata satmışdır. Həmin müqavilənin 13-cü bəndinə əsasən satıcı X3 xx.xx.2014-cü il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.
6. İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 52 saylı notariat ofisində bağlanmış AN-İ seriyalı ******* nömrəli, xx.xx.2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə dair 4Ə-604 nömrəli reyestrlə qeydə alınmış notariat işi iş materiallarına əlavə edilmişdir.
7. Notariat işinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli, notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatda olduqları Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 15/9 A saylı evin, 74-də yerləşən mənzilin satılmasına etiraz etməmişlər.
8. xx.xx.2024-cü il tarixli, 15231 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçının nümayəndəsi Mamedov İsa tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
9. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin həmin bildirişin ona rəsmən təqdim olunması barədə məlumat olmadığından məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halı :
11. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014-ci il tarixində mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi bağlanılmış və həmin alqı-satqı müqaviləsi əsasən iddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 15/9 A saylı evin, 74 saylı mənzilə mülkiyyət hüququ əldə etmişdir.
12. Cavabdehlər notarial qaydada təsdiq edilmiş ərizə ilə üzərlərinə öhdəlik götürmələrinə baxmayaraq mübahisəli mənzildən qeydiyyatdan çıxmadıqları üçün iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Məhkəmə baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
14. Azərbaycan Respublikası Konstitusiyasının :
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1.Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun :
9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;
18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolu :
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Məhkəmənin mövqeyi :
19. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
20. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbini Cavabdeh1 ilə bağlanmış xx.xx.2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi üzrə cavabdehlərin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək həmin mənzildən qeydiyyatdan çıxmamaları ilə əsaslandırmışdır.
21. Məhkəmə cavabdehlərin mübahisəli mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi məsələsinə qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun yaranıb-yaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olmayan hüququn itirilməsindən söhbət gedə bilməz.
22. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 15/9a saylı evin, 74 saylı mənzil xx.xx.2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 tərəfindən İddiaçı satılmışdır. Həmin müqavilənin 13-cü bəndinə əsasən Cavabdeh1 xx.xx.2014-cü il tarixədək mübahisəli mənzildən qeydiyyatdan çıxacağına dair öhdəlik götürmüşdür. Həmçinin alqı-satqı müqaviləsi bağlanan zaman həmin mənzildə qeydiyyatda olan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 xx.xx.2014-cü il tarixli notarial ərizə ilə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 15/9a saylı evin, 74 saylı mənzilin satılmasına etiraz etmədiklərini bildirmişlər.
23. Məhkəmə qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququnun yaranmasının bir neçə əsası var ki, onlardan biri də əşya hüququdur. Bu mənada Cavabdeh1 həmin mənzilin mülkiyyətçisi olaraq mübahisəli mənzilə istifadə hüququ mövcud olmuşdur. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə mülkiyyətçinin ailə üzvü olaraq mübahisəli mənzilə istifadə hüquqları mövcud olmuşdur.
24. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
25. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
26. Maddənin məzmunu ona əsas verir ki, mənzil ilə bağlı istifadə hüququ olan şəxs mülkiyyət hüququndan imtina edərək mülkiyyət hüquqlarını digər şəxsə keçməsi ilə əlaqədar notarial qaydada təsdiq olunmuş müqavilədən irəli gələn öhdəliyi olduğu halda həmin yaşayış yerinə istifadə hüququda itirilmiş sayılır.
27. İşin faktiki hallarından görünür ki, mübahisəli mənzil cavabdeh tərəfindən iddiaçıya satılmış və cavabdeh öz üzərinə həmin mənzildən qeydiyyatdan çıxacağına dair öhdəlik götürmüşdür. Həmçinin digər cavabdehlər də mənzilin satılmasına razılıq verməklə, istifadə hüququnun saxlanılmasına dair hər hansı qeyd şərt daxil etməməklə mənzilə olan hüquqlarını itirmişlər.
28. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi üçün məlumdur ki, yaşayış evində, mənzildə, bağda və bağ evində yaşayış yeri üzrə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı tələb edilir. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilin Cavabdeh1 tərəfindən alqı-satqısı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iradə ifadəsi əsasında həyata keçirilmişdir. 29 mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
30. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir.
31. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.
32. Bu mənada vurğulamaq lazımdır ki, cavabdehlərin Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 15/9a saylı evin, 74 saylı mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını, həmçinin mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam və istifadə hüququnu məhdudlaşdırır. İddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehlərin mənzildə formal olaraq qeydiyyatda qalması mülkiyyətçi kimi onun iradəsinə ziddir.
33. Yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehlərin mülkiyyət hüququna xitam verilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ yaranmışdır.
34. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mənzil iddiaçının mülkiyyətində olduğundan, cavabdehlər mənzil satıldıqdan sonra faktiki olaraq könüllü şəkildə mübahisəli mənzildən çıxaraq başqa ünvanda yaşamaqla və mənzilin satılması zamanı bununla bağlı iradə ifadəsinin mövcud olması və nəticədə formal olaraq qeydiyyatda qalmaları iddiaçının həmin mənzil üzərində həm sərəncam vermək, həm də əmlakdan maneəsiz istifadə etmək hüququnu məhdudlaşdırır və bu səbəbdən cavabdehlərin mübahisəli mənzildə istifadə hüququ qala bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər sözügedən mənzili satarkən qeydiyatda qalmaqları barədə yeni mülkiyyətçi qarşısında hər hansı şərt göstərməmişdir. Bu isə ona deməyə əsas verir ki, cavabdehlər əmlak satılarkən bütünlükdə buna razılıq vermişlər (hüquqların itirilməsi).
35. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mənzilə mülkiyyət hüququ iddiaçıya keçdiyindən, cavabdehlərin də alqı-satqı müqaviləsi üzrə həmin mənzilə ilə bağlı qeydiyyatdan çıxacağına dair müqavilə öhdəliyi götürdüyündən, həmçinin cavabdehlərin uzun müddətdir ki başqa yaşayış yerində yaşadıqlarından, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığından, cavabdehlərin mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir.
36. Həmçinin məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir.
Nəticə :
37. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 15/9a saylı evin, 74 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 15/9a saylı evin, 74 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 15/9a saylı evin, 74 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva