Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-345/2024 21.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tanışı Cavabdeh ona vacib pul lazım olduğunu bildirərək ondan borca pul istəyib. O, cavabdehə hər ay 2000 manat qaytarmaq şərti ilə ümumilikdə 8200 manat borca pul verib. Lakin cavabdeh aralarındakı razılaşmanın şərtini pozaraq ümumi 8200 manat borcdan hər ay 2000 manat pul məbləğini ona qaytaracağını söz versə də, verdiyi vədi pozub. O, cavabdehdən dəfələrlə verdiyi pulu geri qaytarmasını tələb etsə də, cavabdeh həmin məbləği ona ödəməkdən yayınmağa başlayıb. Qeyd edir ki, əlində cavabdehə 8200 manat pulu verməyi barədə video çəkilişdən başqa onun öz xətti ilə yazdığı və imzaladığı əlyazması vardır. O, cavabdehin onu aldatdığını başa düşüb və ondan AR DİN Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə şikayət edib. Şöbədə aparılan araşdırma zamanı cavabdeh ona borcu olduğunu təsdiq etsə də, Polis Şöbəsində bu mülki iş olduğu üçün ona mülki qaydada məhkəməyə müraciət etməyim tövsiyyə edilib. Məhz buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göründüyü kimi, cavabdehlə onun arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-387-ci maddələrinin tələblərinə uyğun olaraq kreditor borclu münasibətləri yaranıb. Qeyd edilənlərə əsasən ona çatası 8200 manat borc məbləğini və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hesabına ödədiyi 102 (yüz iki) manat dövlət rüsumu məbləğin Cavabdeh onun xeyrinə tutulması barədə qətanamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etdiyini, iddiaçının tələb etdiyi borcu hissə-hissə ödəməyə razı olduğunu, iddianı etirafının nəticələrinin ona aydın olduğunu bildirdi. Məhkəmə iclasında şahid kimi dindirilmiş X2 ifadəsində göstərdi ki, o, tərəfləri tanıyır. Onlar “Sabunçu keçidi” adlanan yerdə işləyiblər. Cavabdehin iddiaçıdan 8200 manat pul götürdüyünü görməyib. Lakin cavabdeh dəfələrlə ona müraciət edib ki, iddiaçı ilə borcu hissə-hissə ödəməklə bağlı razılığa gəlməkdə ona köməklik etsin. Sonra işlədiyi mağazada tərəflərin iştirakı ilə iltizam yazılıb. Həmin iltizamda cavabdeh borcun ödəməsi qaydasını göstərib. O, iltizamın tərtibi zamanı iştirak edib. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadəsini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh tərəfindən tərtib edilmiş iltizamdan görünür ki, o, İddiaçı 8200 manat əl borcu alıb. Ayda 2000 qaytaracaq. Kimsə onu məcbur etmədən könüllü özü yazıb. Yazdıqlarını kamera çəkilişi ilə saat 10:40, xx.xx.2023-cü il tarixdə kameraya baxaraq təsdiq edir. - Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 1/2-1722 saylı məktubun surətindən görünür ki, onun Cavabdeh borca verdiyi 8200 manat pulu ala bilməməsi səbəbindən aralarında narazılıq yaranıb. Ona görə də, toplanmış faktlara əsasən ona izah edilmişdir ki, ərizədə göstərilən fakt ilə əlaqədar mülki qaydada məhkəmə orqanlarına müraciət edə bilər. Ərizədə göstərilən faktın araşdırılması məhkəmə orqanlarının səlahiyyətlərinə aiddir. - Cavabdeh Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində vermiş olduğu izahatından görünür ki, ona pul lazım olduğu üçün İddiaçı 8200 manat borca pul alıb və hissə-hissə verəcəyini bildirib. O, 2023-cü ilin avqust ayının 4-dən hər ay 2000 manat verməyə başlayacağına söz verir. - Məhkəməyə bir ədəd flaşkart təqdim edilmişdir. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 102 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı tərəfindən Cavabdeh oğluna 8200 manat borc vermiş, cavabdeh isə həmin pulu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyinə əməl etməyərək, borcu qaytarmamışdır. Bu səbəbdən iddiaçı 8200 manat borc məbləğinin və məhkəmənin hesabına ödədiyi 102 manat dövlət rüsumu məbləğin cavabdehdən onun xeyrinə tutulması tələbinə dair məhkəmədə iddia qaldırmış, cavabdeh isə buna etiraz etməyərək iddia tələbini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 8200 manat məbləğində borc iddiaçı X1 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8200 manat məbləğində borc və ödənilmiş 102 manat dövlət rüsumunun əvəzi iddiaçı X1 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-345/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-345/2024
21.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver