Məhkəmə qərarları › İş №2(007)-348/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-348/2022

16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-348/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “VAZ 21214” markalı, **-RE-*** dövlət nömrə nişanlı avtomobil 30.07.2019-cu ildən 30.07.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 30.07.2019-cu il tarixli PXA********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il martın 14-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “VAZ 21214” markalı, **-RE-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, S.S.Axundov küçəsində “TOYOTA RAV4” markalı, **-TN-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Binəqədi RPİ-nin DYPŞ-i tərəfindən 22.05.2020-ci il tarixində AP0160498 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə), 327.1-ci və 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Binəqədi RPİ-nin DYPŞ-in 22.05.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası (XM-nin 332.1-ci, 327.6-cı və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən 05.05.2020-ci il tarixində verilmiş qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “TOYOTA RAV4" markalı, **-TN-*** dövlət nömrə nişanlı avtomobilə 1428 manat məbləğində zərər dəymişdir. İddiaçı 01.06.2020-ci il tarixində həmin məbləği zərəçəkmiş şəxs Əliyev Zaur Oqtay oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. Göstərilənlərə əsasən, Cavabdeh 1428 manat məbləğində vurulmuş zərər və 34,28 manat məbləğində ödənilmiş dövlət rüsumunun, (cəmi 1462,28 manat) alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. 16 dekabr 2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh verdiyi izahatında göstərdi ki, o, iddia tələbi ilə razı deyil. Belə ki, o, hadisə baş verilən zaman orada olmamışdır və bununla bağlı sübutlarını məhkəməyə təqdim etmək üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdehnın Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə verdiyi 22.05.2020-ci il tarixli izahatın surətindən görünür ki, o, inzibati xəta hadisəsinin baş verməsini etiraf etmişdir; - İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, ** RE *** dövlət qeydiyyat nişanlı “VAZ 21214 minik” markalı avtomobil "xxxx" ASC tərəfindən 30.07.2019cu il saat 15:21:24-dən 30.07.2020-ci il saat 15:23:47-dək sığortalanmışdır. Əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə 50000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur; - "xxxx" MMC-nin 05.05.2020-ci il tarixli Qiymətləndirmə aktından görünür ki, “TOYOTA RAV4” markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin alınması və təmiri üçün ümumilikdə 1428 manat tələb olunur; - "xxxx" ASC-nin PXA64094 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC-də PXA********** nömrəli sığorta şəhadətnaməsi ilə 30.07.2019-cu ildən 30.07.2020-ci ilədək sığortalanmış, ** RE *** dövlət qeydiyyat nişanlı “VAZ 21214 minik” markalı avtomobil 14.03.2020-ci il tarixdə Əliyev Zaur Oqtay oğluna məxsus “TOYOTA RAV4” markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, dəymiş zərər 1428 manat məbləğində müəyyən edilmişdir. Sığorta hadisəsi zamanı hesablanmış 1428 manat sığorta ödənişi Əliyev Zaur Oqtay oğlunun hesabına köçürülməlidir; - AP № ******* saylı, 22.05.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 14.03.2020-ci il tarixində ** RE *** dövlət qeydiyyat nişanlı “VAZ 21214 minik” markalı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir; - TP ******* saylı, 22.05.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 14.03.2020-ci il tarixində ** RE *** dövlət qeydiyyat nişanlı “VAZ 21214 minik” markalı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 100 manat məbləğində cərimə olunmuşdur; - X1 orqanının 27.05.2020-ci il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, 14.03.2020-ci il tarixdə saat 11:00-da S.S.Axundov küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. X2 mülkiyyətində olan ** RE *** dövlət qeydiyyat nişanlı “VAZ 21214 minik” markalı markalı avtomobilin hadisə baş verən anda sürücüsü olan Cavabdeh yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir. - 08.07.2021-ci il tarixli çıxarışdan görünür ki, 1428 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən AZ09HAJC******************** hesabına köçürülmüşdür; - "xxxx" ASC-nin Cavabdeh ünvanlanmış 23.07.2020 il tarixli 05/01-752 saylı məktubundan görünür ki, həyata keçirilmiş sığorta ödənişi ondan tələb edilmiş, ödəmədiyi halda müvafiq tələblə məhkəməyə müraciət ediləcəyi, həmin məbləğlə yanaşı, məhkəmə xərclərinin də ödənilməsi öhdəliyinin onun üzərinə düşəcəyi barədə xəbərdar olunmuşdur; - 01.11.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 34,28 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, “VAZ 21214” markalı, **-RE-*** dövlət nömrə nişanlı avtomobil 30.07.2019-cu ildən 30.07.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 30.07.2019-cu il tarixli PXA********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. Cavabdeh 14.03.2020-ci il tarixdə etibarnamə olmadan “VAZ 21214” markalı, **-RE-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, S.S.Axundov küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və “TOYOTA RAV4” markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Bakı şəhəri Binəqədi RPİ DYPŞ tərəfindən Cavabdehnın yol-nəqliyyat hadisəsini törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" MMC-nin Qiymətləndirmə aktına əsasən “TOYOTA RAV4” markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin alınması və təmiri üçün ümumilikdə 1428 manat hesablanmışdır. "xxxx" ASC tərəfindən sığorta aktı tərtib edilmiş, həmin akt əsasında dəymiş maddi ziyanın əvəzi kimi sığorta ödənişi olan 1428 manat pul "xxxx" ASC tərəfindən Əliyev Zaur Oqtay oğlunun hesaba köçürülmüşdür. "xxxx" ASC 23.07.2020-ci il tarixdə məktubu ilə Cavabdeh müraciət edərək həyata keçirdiyi sığorta ödənişini ondan tələb etmiş, ödəmədiyi halda müvafiq tələblə məhkəməyə müraciət ediləcəyi, həmin məbləğlə yanaşı, məhkəmə xərclərinin ödənilməsi öhdəliyinin onun üzərinə düşəcəyi barədə xəbərdar olunmuşdur. Lakin cavabdeh iddiaçının bununla bağlı xəbərdarlığına əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Nəzərə alınmalıdır ki, cavabdeh “VAZ 21214” markalı, **-RE-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə olmadan idarə etmişdir. Bununla da, Cavabdeh qarşı irəli sürülmüş iddianın əsaslı olduğu müəyyən olunur, o, iddiaçı tərəfindən həyata keçirilmiş sığorta ödənişinin əvəzini ödəməməklə və sığorta ödənişini ondan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə qanunvericliyin qeyd edilən tələblərini pozmuşdur. Qeyd olunan normalardan aydın olur ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı zərərin ödənilməsinin sığorta ödənişi həcmində sığortaçıya keçməsini nəzərdə tutur. Göstərilənlərə əsasən, məhkəmə yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən vurulmuş maddi ziyanın sığorta ödənişi vasitəsilə "xxxx" ASC tərəfindən aradan qaldırıldığını nəzərə alaraq hesab edir ki, Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbi "xxxx" ASC-yə aiddir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidir. Məhkəmə cavabdehin izahatında göstərdiklərinə münasibətdə isə qeyd edir ki, sonuncunun izahatında hadisə baş verən zaman onun orada olmaması və hadisənin onun tərəfindən törədilməməsi ilə bağlı qeyd etdiyi hallar məhkəmə iclasında sübuta yetirilməmiş, bunu təsdiq edən hər hansısa sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də, cavabdehin göstərdiklərinin heç bir hüquqi əsası yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1428 (min dörd yüz iyirmi səkkiz) manat sığorta ödənişi məbləği və ödənilmiş 34,28 (otuz dörd manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1428 (min dörd yüz iyirmi səkkiz) manat sığorta ödənişi məbləği və ödənilmiş 34,28 (otuz dörd manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar