Məhkəmə qərarları › İş №2(007)-3525/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3525/2021

21.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3525/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul, maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-ə qarşı “pul, maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “İnşaat Konstruksiyaları“ MMC ilə bağlanılmış 27.11.2018-ci il tarixli 159002 saylı müqavilənin öhdəliklərinin pozulması nəticəsində Bakı şəhəri. Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa olunan binanın 3-cü blokunda, 7-ci mərtəbəsində ümumi sahəsi 101.84 kv.m olan 2 otaqdan ibarət 159 saylı mənzilə görə 77 000 (yetmiş yeddi min) manat ödənilmiş pulun, cavabdehin 4 il müddətində pulunu qaytarmaması nəticəsində maddi zərərə görə 36 960 (otuz altı min doqquz yüz altmış) manat, mənəvi zərərə görə 30 000 (otuz min) manat ümumilikdə 143 960 (yüz qırx üç min doqqaz yüz altmış) manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC arasında bağlanılmış 27.11.2018-ci il tarixli 159002 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa olunan binanın 3-cü blokunda, 7-ci mərtəbəsində ümumi sahəsi 101.84 kv.m olan 2 otaqdan ibarət 159 saylı mənzilin əldə edilməsi nəzərdə tutulmuşdur. Cavabeh "İnşaat Konstruksiyalar” MMC ilə olan müqaviləyə əsasən mənzilin dəyəri bir kv.m. sahə üçün 756 (yeddi yüz əlli altı) manat olmaqla ümumi dəyəri 77 000 (yetmiş yeddi min) manat müəyyən edilmiş və İddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilmişdir. Lakin “İnşaat Konstruksiyalar" MMC 27.11.2018-ci il tarixli 159002 saylı müqavilənin şərtlərinə əməl etməmiş, mənzili vaxtında ona təhvil vermədən ikinci bir şəxsə satmışdır. Belə ki, cavabdeh "xxxx" MMC ilə X1 arasında olan 13.06.2020-ci il tarixli eyni saylı yəni 159002 saylı müqaviləyə əsasən mübahisəli Bakı şəhəri, Nizami rayonu. M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa olunan binanın 3-cü blokunda, 7-ci mərtəbəsində ümumi sahəsi 101.84 kv.m olan 2 otaqdan ibarət 159 saylı mənzil 91656 (doxsan bir min altı yüz əlli altı) manata satılmışdır. Dəfələrlə iddiaçının tərəfindən cavabdeh müəssisənin rəhbərliyinə müraciət olunsa da qaytaracaq pulunun olmaması bildirilmişdir. Müqavilənin tələblərinə cavabdeh tərəfindən əməl edilməməsi azmış kimi, istənilən şəxsə mübahisəli mənzili eyni müqavilə nömrəsiylə satması heç bir qanuna sığmır və açıq şəkildə vergidən yayınmayla yanaşı dələduzluq hərəkətidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 27.11.2018-ci il tarixli 159002 saylı müqavilədən görsənir ki, "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa olunan binanın 3-cü blokunda, 7-ci mərtəbəsində ümumi sahəsi 101.84 kv.m olan 2 otaqdan ibarət 159 saylı mənzili İddiaçı pay kimi vermişdir. İddiaçı tərəfindən cəmi 101.84 kv.m sahəsi üçün 77000 manat məbləğində ödəniş etmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 27 noyabr 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa olunan binanın 3-cü blokunda, 7-ci mərtəbəsində ümumi sahəsi 101.84 kv.m olan 2 otaqdan ibarət 159 saylı mənzilin dəyərini tam ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 27.11.2018-ci il tarixli 159002 saylı müqavilə ilə "xxxx" MMC-dən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa olunan binanın 3-cü blokunda, 7-ci mərtəbəsində ümumi sahəsi 101.84 kv.m olan 2 otaqdan ibarət 159 saylı mənzili 77000 manat məbləğində pay kimi almışdır. Sonradan məlum olmuşdur ki, "xxxx" MMC həmin mənzili iddiaçıya təhvil verməmişdir. Hazırda iddiaçı maddi və mənəvi zərər tələbi ilə məhkməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəlməsinə baxmayaraq cavabdeh iddiaçı qarşısında mübahisəli mənzilə onun pay hüququnun verilməsinə dair müqavilə imzalamasına və iddiaçı tərəfindən onun tərəfindən payın tam dəyəri cavabdehə ödənilməsinə baxmayaraq həmin mənzili ona təhvil verməmiş və iddiaçı tərəfindən ödənilmiş vəsaitin qaytarılması tələb edilsə də həmin vəsaitin də ona qaytarılmasından imtina etmişdir. Ona görə də iddiaçı tərəfindən cavabdehə mənzilə görə ödənilmiş 77000 manat məbləğində vəsait ona qaytarılmalıdır. Məhkəmə araşdırması ilə cavabdehin iddiaçının vəsaitini əlində saxlanması ilə varlanması halı müəyyən olunmamış və iddiaçının həmin vəsaitdən konkret hansı fayda əldə edəcəyinə dair dəlillər gətirilməmişdir. Məhkəmə iddia tələbinin “mənəvi zərərə” görə 30000 manat məbləğində pulun "xxxx" MMC-dən tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə, İddiaçı 30000 manat pulu tələb etməsinə baxmayaraq həmin tələbinin əsası olaraq məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, İddiaçı mənəvi zərərin ödənilməsi barədə iddia qaldırsa da, özünə mənəvi zərər vurmaya, habelə bu mənəvi zərərin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “maddi zərərə” görə 36960 manat məbləğində pulun "xxxx" MMC-dən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının pul vəsaitinin gecikdirilmiş vaxt üçün ona dəymiş zərərin və əldən çıxmış faydaya görə vəsaitin ödənilməsi hissəsi ilə bağlı bildirir ki, iddia tələbinin bu hissəsi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı müqavilənin vaxtında icra edilməməsi nəticəsində ona hansı qaydada və məbləğdə ziyanın vurulmasını, eyni zamanda həmin vəsait ona qaytarılacağı təqdirdə bu vəsaitdən hansı qaydada istifadə etməklə fayda əldə edəcəyi barədə məhkəməyə əsaslı sübutlar təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC-dən İddiaçı xeyrinə 77000 manat tutulmalı, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün 30 manat məbləğində dövlət rüsumu "İnşaat Konstruksı̇ yalari MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "İnşaat Konstruksı̇ yalari MMC-dən İddiaçı xeyrinə 77.000,00 (yetmiş yeddi min) manat vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. "İnşaat Konstruksı̇ yalari MMC-dən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar