Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-360/2022 25.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh2 və qeyrisinə qarşı "subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26.12.2020-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində Şirkətdə icbari sığorta növü ilə sığortalanmış, Cavabdeh1 etibar edilmiş və etibarnamə olmadan Cavabdeh2 tərəfindən idarə olunan “Hyundai Matrix” markalı, ** GO *** dövlət nişanlı avtomobil “Kia Rio” markalı, ** OB *** dövlət nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. Sabunçu rayon DYPŞ-nin 06.01.2021-ci il tarixli TP ******* №-li Qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 qanunvericiliyin tələbini pozaraq AR İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə (nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmək) inzibati məsuliyyətə cəlb edilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “Kia Rio” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilə 920 manat maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 8047 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkən “Kia Rio” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 920 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlara əsasən Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 920 manat məbləğində pul və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu, cəmi 950.40 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti məhkəməyə ərizə ilə müraciət edərək, onun nümayəndəsinin iştirakı olmadan iddia ərizəsinə baxıb qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmənin 09 fevral 2022-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, hadisə baş verən vaxt o, maşını idarə edərkən arvadı Cavabdeh1 yanında olmuşdur. Ona polis əməkdaşları bildirmişdir ki, ara məsafəsi saxlamadığına görə 40 manat məbləğində cərimə edilmişdir. O, əvvəllər etibarnamə əsasında maşını idarə etmiş, onu DYP əməkdaşları saxlayan zaman sürücülük vəsiqəsinin dəyişdirilməli olmağını bildirməmişlər və heç vaxt cərimə yazılmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh1 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 12 yanvar 2021-ci il tarixli 8047 nömrəli sığorta ödənişi ilə bağlı aktından görünür ki, 26.12.2020-ci il tarixdə saat 15:30 radələrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Hyundaı Matrıx” minik markalı, ** GO *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə olunarkən “Kia Rio” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilə 920 manat məbləğində maddi ziyan vurmuşdur. - 05.11.2020-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Hyundaı Matrıx” minik markalı, ** GO *** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində 06.11.2020-ci il tarixdən 06.11.2021-ci il tarixədək "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" haqqında müqavilə ilə sığortalanmışdır. - 21.01.2021-ci il tarixli 3638 nömrəli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 920 manat məbləğində sığorta ödənişi X2 ödənilmişdir. - 05.01.2021-ci il tarixli qüsur aktından görünür ki, “Kia Rio” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilə - ön sağ qanad 140 manat, sağ fara 380 manat, su baçoku 45 manat, sağ salaska 30 manat, usta pulu 325 manat , yekun olaraq 920 manat zərər dəymişdir. - 06.01.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 barəsində İXM-nin 327.1 və 332.1-ci maddələri ilə İXP ******* nömrəli 26.12.2020-ci il tarixli protokol yazılmış və qərar qəbul edilərək 40 manat məbləğində cərimələnmişdir. - AC seriyalı 523880 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Kia Rio” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. - ƏN-İV seriyalı 832560 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, X4 mülkiyyətində olan “Kia Rio” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobili X1 hüququ olduqda idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər etməyi etibar etmişdir. - AB seriyalı 337526 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai Matrix” markalı, ** GO *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X7r. - ƏN-Vİİ seriyalı 121831 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, X9 mülkiyyətində olan “Hyundai Matrix” markalı, ** GO *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər etməyi etibar etmişdir. - Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 04.10.2021-ci il tarixli 03/243 nömrəli pretenziya məktubundan görünür ki, 26.12.2020-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində Şirkətdə icbari sığorta növü ilə sığortalanmış, “Hyundaı Matrıx” minik markalı, ** GO *** dövlət nişanlı avtomobili idarə edərkən “Kia Rio” markalı, ** OB *** dövlət nişanlı avtomobillə toqquşaraq nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. Sabunçu rayon DYPŞ-nin 06.01.2021-ci il tarixli TP ******* №-li Qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 tərəfindən qanunvericiliyin tələblərini pozaraq AR İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-cı maddəsi ilə (nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmək) inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Rio“ markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər 920 (doqquz yüz iyirmi) manat məbləğində müəyyənləşdirilərək Şirkət tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və AR Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən yaranmış subroqasiya hüququ təmin edilərək 430 (dörd yüz otuz) manat pulu aşağıda qeyd olunan bank hesabına köçürməsi xahiş edilmişdir. Əks təqdirdə borcun ödənilməsi üçün aidiyyatı məhkəmə orqanına müraciət ediləcəkdir. - 27.10.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında müəyyən olundu ki, 26.12.2020-ci il tarixdə saat 12:40 radələrində “Hyundaı Matrıx” minik markalı, ** GO *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə olunarkən “Kia Rio” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq nəticədə sonuncu avtomobilə maddi ziyan dəymişdir. Sabunçu RPİ DYPŞ-nin 06.01.2021-ci il tarixli TP ******* №-li qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 qanunvericiliyin tələbini pozaraq AR İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1-cı maddəsi ilə (nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmək) inzibati məsuliyyətə cəlb edilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “Kia Rio” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilə 920 manat maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 8047 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkən “Kia Rio” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər görə 920 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, yol nəqliyyat hadisəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Cavabdeh2 tərəfindən idarə edilərkən törədildiyindən, zərərin ödənilməsi ilə bağlı məsuliyyət, həm Cavabdeh1, həm də Cavabdeh2 üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 920 manat məbləğində pul vəsaiti, 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 920 (doqquz yüz iyirmi) manat məbləğində pul vəsaiti, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx) manat bank xidmət haqqı tutularaq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-360/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-360/2022
25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver