Məhkəmə qərarları › İş №2(007)-364/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-364/2023

18.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-364/2023 18.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4.200 (dörd min iki yüz) manat pulun və ödənilmiş 62 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun həyat yoldaşı X1 rayonunun Hacıman kəndi orta məktəbində müəllimə işləyir. Onu Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən məktəbə iş yerini dəyişdirmək istəmişlər. Bu işdə qayınanası Vəfanın tanışı olan Cavabdeh2 onlara kömək edəcəyinə söz vermiş və onun tanışı olan digər Cavabdeh1 vasitəsi ilə bu işi yerinə yetirmək olacağını və bunun üçün 9.000 manat pul lazım olduğunu bildirmişdir. Onlar Zərinəyə inanmış və sonuncunun göstərişi və təklifi ilə 2021-ci ilin sonlarında hiss-hissə olaraq ümumilikdə 9.000 manat pulu Cavabdeh1 hesab nömrəsinə köçürmüşlər. Lakin onlar vədlərinə əməl etməmiş və o, həyat yoldaşının iş yerini dəyişə bilmədiklərindən verdiyi 9.000 manat pulun geri qaytarılmasını onlardan xahiş edəndə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmağa başlamışlar. Onlardan hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirdikdə 2022-ci ilin aprel ayında həmin puldan 1500 manat qaytarılmış, qalan 7.500 manatı qaytarmadıqları üçün onların hərəkətindən Nəsimi Rayon Polis İdarəsinin 19-cu PŞ-nə şikayət etmişdir. Onları işə cəlb etmək mümkün olmamış, şikayəti əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması təhqiqatçının xx.xx.2022-ci il tarixli qərarı ilə rədd olunmuş, məsələnin mülki mühakimə icraatı qaydasında həll edilməsi tövsiyyə olunmuşdur. Şikayət etdikdən sonra, hissə-hissə 3300 manat, ümumilikdə əvvəki də daxil olmaqla cəmi 4.800 manat pul qaytarılmış, qalan pulu da qısa müddətə qaytarmağa söz versələr də 4.200 manat pul indiyə kimi qaytarılmamışdır. O, məhkəmədən kənar məsələnin həllinə yenidən cəhd göstərmiş, lakin mümkün olmadığından məsələ ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlər onun inamından, etibarından və humanistliyindən sui-istifadə elməklə 4.200 manat pulunu qısa müddətdə qaytarmaq barədə üzərinə gülürdükləri öhdəliyi könüllü icra etmədiyi üçün məsələ məhkəmə qaydasında həll edilməli, həmin məbləğ məhkəmə qaydasında onlardan xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı Lalənin kartına 9000 manat pul ödəmişdir. İddiaçı hər iki cavabdehlə, əsasən də Zərinə xanımı tanıdıqları üçün onunla əlaqə saxlamışdır. Təhqiqatdan sonra Lalə xanım iddiaçıya 3300 manat ödəmiş və yerdə qalan 4200 manatı ödəyəcəklərini telefon vasitəsi ilə bildirmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzləri iddiaçının Lalə xanıma göndərdiyi pulların qəbzlərdir. Məhkəmə iclasında Cavabdeh2 iddiaya münasibət bildirərək qeyd etdi ki, iddianı ona aid olan hissədə qəbul etmir. Belə ki, onun bu məsələdə heç bir marağı olmamış, onlara heç vaxt zərər vurmaq istəməmiş, iddiaçı tərəf Lalə ilə əlaqə saxlamış, işə düzəlmək və pul barəsində onunla danışmışdır. Təhqiqatda da Lalə pulların onda olduğunu, yavaş-yavaş qaytaracağını demişdir. Əgər o, Cavabdeh1 bu məsələni belə bir vəziyyətə gətirəcəyini bilsə idi, onları heç tanış etməzdi. O, əlavə olaraq bildirdi ki, Vəfa xanımı illərdir tanıyır, Vəfa xanım Turalın qayınanasıdır. O, Laləni tanımırdı, Lalənin bacısı Leyla ilə qrup yoldaşı olmuşdur. Leyla ona demişdir ki, Təhsil Nazirliyində işləyən qohumu var və Arzu xanıma köməklik edə bilər. Arzu xanım iddiaçının həyat yoldaşıdır və rayonda olan müəllimlik yerini Bakıya dəyişmək istəmiş, sonradan Arzu xanım hamilə olduğu üçün pulları qaytarmağı demişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında X6 şahid qismində ifadə verərək göstərmişdir ki, iddiaçının qayınanası X9 onun qızı, Arzu da nəvəsidir. Onun qızı Vəfa, Zərinənin anası Nahidə müəllimə ilə birlikdə məktəbdə işləmişdir. Nahidənin qızı Səbinə onun qızı Vəfaya onların tanışı olduğunu, qızını Şamaxıdakı məktəbdən Masazır məktəbinə dəyişməsini deyəcəklərini bildirmişdir. 2 il bundan əvvəl Lalə kart nömrəsini vermiş, Arzunun yoldaşı da həmin karta 9000 manat pul köçürmüşdür. X14 işə düzəldə bilməmiş və onlar da verdikləri pulu istəmişlər. Lalə pulun bir hissəsini ödəmiş, yerdə qalan 4200 manat borcu verəcəyini bildirsə də sonradan telefonlara cavab verməmişdir. O, bütün bu məsələlərdən ona görə ətraflı məlumata sahibdir ki, qızı Vəfa infakt olmuş və hazırda xəstədir, Arzu da bu məsələləri əsasən ona danışır. Məhkəmə iclasda iştirak edən iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı həyat yoldaşı X2 işlədiyi məktəbi dəyişdirmək istəmişlər. Bu işdə Cavabdeh2 onun tanışı olan digər Cavabdeh1 onlara kömək edəcəyini demişdir. Daha sonra iddiaçı hiss-hissə olaraq ümumilikdə 9000 manat pulu Cavabdeh1 hesab nömrəsinə köçürmüşdür. Bütün bu hal və faktlar iş materiallarına əlavə edilmiş ödəniş qəbzləri, Cavabdeh2 izahatı və şahid ifadəsi ilə də öz təsdiqini tapmışdır. İddiaçı Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə ilə müraciət edərək həyat yoldaşı X3 işlədiyi Ağsu rayonu Hacıman kəndi orta məktəbdən Abşeron rayonu Masazır qəsəbəsində yerləşən orta məktəblərdən birinə iş yerinin dəyişilməsi üçün Cavabdeh1 adına pul vəsaiti göndərməsi və sonuncunun vədinə əməl etməməsi barədə bildirmiş, Nəsimi RPİ-nin 19-cu PŞ-nin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işi rədd olunmuş və maraqlı tərəfə mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququ izah olunmuşdur. Hazırda iddiaçıya Cavabdeh1 tərəfindən ümumilikdə 4.800 manat pul qaytarılmış, 4200 manat pul isə qaytarılmamışdır. İddiaçı bununla bağlı məhkəmədə iddia qaldıraraq ona qaytarılmayan məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etmişdir. Məhkəmə ilk öncə iddia tələbində qeyd olunan pul məbləğinin cavabdehlərdən müştərək qaydada tutulması ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilən hallara görə iddiaçının 9000 manat pul vəsaitini Cavabdeh1 kart hesabına ödədiyi, Cavabdeh2 sadəcə Cavabdeh1 iddiaçı və ailəsi ilə tanış etdiyi müəyyən olunduğundan, iddiaçı tərəfindən və iş üzrə mövcud olan digər sübutlarla da Cavabdeh2 hazırki mübahisəyə aidiyyətinin olmaması təsdiq edildiyindən iddia tələbi ona münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə bildirir ki, iddia tələbi 3000 manatdan yuxarı olsa da, müqavilə yazılı formada bağlanmamış, tərəflər arasında şifahi formada razılaşma olmuşdur. Yəni, tərəflər MM-nin 740.2-ci maddəsinin qeyd olunan tələbinə riayət etməmişdirlər. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən həmin borc məbləğinin tələb edilməsi mümkündür. Belə ki, MM-nin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Hazırda mülki işə əlavə olunmuş materiallar və tərəflərin izahatları əsasında məhkəmə araşdırılması ilə Cavabdeh1 iddiaçıdan 9000 manat pul alması və onun 4800 manat vəsaitinin qaytarılması öz təsdiqini tapdığından Cavabdeh1 iddiaçının xeyrinə 4200 manat vəsait tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 Akı̇ f qızından X5 xeyrinə 4200 (dörd min iki yüz) manat və dövlət rüsumuna görə ödənilmiş 62 manat dövlət rüsumunun əvəzi tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 Akı̇ f qızından X5 xeyrinə 4200 (dörd min iki yüz) manat və dövlət rüsumuna görə ödənilmiş 62 manat dövlət rüsumunun əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar