Məhkəmə qərarları › İş №2(007)-3641/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3641/2025

22.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3641/2025 22.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququn itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququn itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, iddianı təmin edib, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və yetkinlik yaşına çatmamış uşaqları X1 Bakı şəhəri, Nizami rayonıı, R.Rüstəmov küçəsi, 8 saylı evin, 61 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 8 saylı evin, 61 saylı mənzil onun şəxsi mülkiyyətindədir. O, həmin mənzili Bakı şəhəri Əli A.Hüseynovun notariat kontorunun 11 aprel 2012-ci il tarixli, 167İKYi/12 saylı alqı-satqı və ipoteka müqaviləsi əsasında “Unibank” Kommersiya Bankdan alıb. Sonra isə həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 05 may 2012-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə çıxarış alıb. Alqı-satqı müqaviləsi bağlanarkən “Unibank” Kommersiya Bankı tərəfindən öhdəlik götürülüb ki, 30 gün ərzində mənzildə qeydiyyatda olan keçmiş sakinlərin qeydiyyatdan çıxaracıqlar. O, bu günə kimi düşünürdü ki, onlar qeydiyyatdan çıxıblar, lakin Asan 2 Xidmət Mərkəzindən əldə etdiyi arayışdan aydın olub ki, cavabdehlər qeydiyyatda qalıblar. Cavabdehlərin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır.

İş materialları:

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir.

4. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı arayışdan görünür ki, İddiaçı, xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X3, Cavabdeh1, X7, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar.

5. Kreditor-ipoteka saxlayan "xxxx" ASC, alıcı-ipoteka qoyan İddiaçı və satıcı X5 arasında bağlanılmış xx.xx.2012-ci il tarixli 167İKYi/12 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı ünvan 1 ünvanında yerləşən mənzilini Alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. Daşınmaz əmlakın satış qiyməti 46000 manatdır, mənzilin dəyərinin 11000 manatı Alıcı-İpoteka qoyanın özü tərəfindən, 35000 manatı isə Kreditor- İpoteka saxlayan tərəfindən xx.xx.2012-ci il tarixli 167İKY/12 saylı Kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı-İpoteka qoyan satılan mənzili bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-İpoteka saxlayan arasında bağlanmış 167İKY/12 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Kreditor-İpoteka saxlayana ipotekaya verir; Müqavilənin 2.2.4-cü bəndinə əsasən satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 gün müddətində ipoteka predmetindən qeydiyyatda olan şəxslərlə birlikdə (satdığı mənzildən) qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür;

6. Notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh2, X4 məxsus olan və ünvan 2 ünvanında yerləşən mənzilin alqı-satqı və ipoteka müqaviləsinə əsasən satılmasına və ipotekaya qoyulmasına etiraz etmir. İpotekaya qoyulmuş əmlaka gələcəkdə tutma yönəldildikdə və o satıldıqda mənzili heç bir məhkəmə qətnaməsi tələb etmədən qeyd-şərtsiz tərk etməyi öhdəsinə götürür.

7. Notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh1, X4 məxsus olan və ünvan 2 ünvanında yerləşən mənzilin alqı-satqı və ipoteka müqaviləsinə əsasən satılmasına və ipotekaya qoyulmasına etiraz etmir. İpotekaya qoyulmuş əmlaka gələcəkdə tutma yönəldildikdə və o satıldıqda mənzili heç bir məhkəmə qətnaməsi tələb etmədən qeyd-şərtsiz tərk etməyi öhdəsinə götürür.

8. Azərbaycan Respubliaksının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-34749 saylı məktubundan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh3 xx.xx.2004-cü il tarixdən hazıradək ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

Tərəflərin izahatları:

9. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini qeyd etmiş və növbəti məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, zərf üzərində “köçüb” məzmununda qeyd edilərək məhkəməyə geri qayıtmışdır.

11. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı:

12. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil X2 mülkiyyətində olmuşdur. O, xx.xx.2012-ci il tarixdə İddiaçı ilə alqı-satqı və ipoteka müqaviləsi bağlayıb, mülkiyyətində olan həmin mənzili İddiaçı sataraq onun mülkiyyətinə vermişdir. Alğı-satqı müqaviləsinin bağlanmasından sonra həmin mənzilə İddiaçı mülkiyyət hüququ tanınmış və mənzil üzərində bu mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzilin köhnə sakini olan cavabdehlər mənzildən köçsə də, formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmışlar, bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Bu səbəbdən iddiaçı məhkməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə baxışının hədləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Konstitusiyasının:

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun:

9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;

18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolu:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddianın nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

20. Belə ki, X5 İddiaçı ilə xx.xx.2012-ci il tarixdə bağladığı alqı-satqı və ipoteka müqaviləsinə əsasən mülkiyyətində ünvan 1 ünvanında yerləşən mənzilini İddiaçı sataraq onun mülkiyyətinə vermişdir. Bununla yanaşı, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mənzilin satılmasına etiraz etməməsi barədə notarial qaydada ərizə verib. Cavabdeh3 isə müqavilə bağlanan zaman mübahisəli mənzildə qeydiyyatda olmasına baxmayaraq, qeydiyyatda olan şəxslər siyahısında göstərilmədiyindən onun razılığının olub-olmaması məsələsi araşdırılmamışdır. Belə ki, alqı-satqı və ipoteka müqaviləsinin bağlanmasından sonra mənzil iddiaçıya təhvil verilmişdir, cavabdehlər həmin vaxtdan mənzildə yaşamamışlar. Cavabdehlərin hal-hazıradək mənzildə qeydiyyatda qalması mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozur.

21. Məhkəmə hesab edir ki, qeyd olunan mənzil üzərində mülkiyyət hüququ həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığı andan ona keçmiş və cavabdehlər mülkiyyət hüququnun tərkib hissəsi olan mənzildən istifadə hüququnu itirmişlər. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir.

22. MM-in 27-ci maddəsinin 2-ci bəndinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

23. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2016-cı il təvəllüdlü X1 yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır.

24. Məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə müharibə veteranları dövlət rüsumu ödəməkdən azad olunurlar.

25. Qeyd olunduğu kimi, iddiaçı müharibə veteranıdır və qanunvericiliyin tələbinə əsasən müharibə veteranları məhkəməyə verilən iddialar üzrə dövlət rüsumunu ödəməkdən azaddırlar. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməldir.

Nəticə:

26. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların yetkinlik yaşına çatmayan ailə üzvü xx.xx.2016-cı il təvəllüdlü X1 ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməli, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların yetkinlik yaşına çatmayan ailə üzvü xx.xx.2016-cı il təvəllüdlü X1 ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar