Məhkəmə qərarları › İş №2(007)-3643/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3643/2023

01.12.2023 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3643/2023 01.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızı, Ərizəçi Maraqlı şəxsnə qarşı olan “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi tələbi”nə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş Ərizəçi doğum haqqında Bilgəh qəsəbəsi icra nümayəndəliyindən tərtib edilmiş 27 iyul 1983-cü il tarixli 57 nömrəli doğum akt qeydinin düzgün olmamasının müəyyən edilməsi və doğum haqqında akt qeydləri kitabına dəyişiklik edilərək adının “Pəricahan” adı əvəzinə “Leyla” adının qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. Ərizəçi xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. Anadan olan zaman ərizəçiyə doğum haqqında şəhadətnamə alınmışdır və həmin şəhadətnamədə adı «Leyla» kimi qeyd olunmuşdur. Doğum haqqında şəhadətnaməyə əsasən bütün sənədlərində adı «Leyla» kimi qeyd olunmuşdur. Lakin doğum haqqında şəhadətnaməmi itirdikdən sonra şəhadətnamənin təkrar alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxsndən ona cavab məktubu verərək Bilgəh qəsəbəsi icra nümayəndəliyindən tərtib edilmiş 27 iyul 1983-cü il tarixli 57 saylı doğum haqqında akt qeydində adının «Pəricahan» adı ilə qeyd olunduğunu bildirmiş və məhkəməyə müraciət etməli olduğunu tövsiyyə etmişlər. Ərizəçinin anası X2, atası isə X1r. Ərizəçyə doğum haqqında şəhadətnamə alarkən nənəsinin adını «Pəricahan» kimi qeyd etmişlər, lakin sonra fikirlərini dəyişərək doğum haqqında şəhadətnamə alarkən «Leyla» adını yazdırmışlar. Valideyinlərinin ikisi də rəhmətə getmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən məhkəməyə şikayət edilə bilər. Aidiyyəti şəxslər arasında mübahisə olduqda, qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnamə müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və dəyişdirilmə üçün əsasdır.

Tətbiq edilən hüquq :

3. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.

4. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il qərarı :

9.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

15.4. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi :

2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia).

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi :

153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə.

7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu :

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

Məhkəmənin mövqeyi :

8. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir.

9. Belə ki, inzibati prosessual qanunvericiliyə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır.

10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il qərarına əsasən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır.

11. Həmin qərarda qeyd edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. Mülki prossesual qanunvericiliyə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.

13. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının tələbinin hüquqi əsası kimi istinad etdiyi Azərbaycan Respublikasının MPM-nin 339-341-ci maddələri 9 iyul 2021-ci il tarixli qanunla ləğv edilmişdir.

Nəticə :

10. Beləliklə məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi tələbi”nə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir.

11. Həmçinin məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən ödənilmiş 101 (yüz bir) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, Əməliyyat İD: 332885992, qəbz nömrəsi: 31354, büdcə səviyyə kodu: 142213, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2023, saat: 16:48) dövlət büdcəsindən ərizəçiyə qaytarılmalıdır.

12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263-264, 267, 268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Ərizəçi Maraqlı şəxsnə qarşı olan “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmaması müəyyən edilməsi tələbi”nə dair ərizəsi iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilsin və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 101 (yüz bir) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, Əməliyyat İD: 332885992, qəbz nömrəsi: 31354, büdcə səviyyə kodu: 142213, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2023, saat: 16:48) dövlət büdcəsindən ərizəçiyə qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən mülki məhkəmə icraatı qaydasında iddia qaldırmağa mane olur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar