Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3650/2024 04.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “sənədlərin rəsmi qaydada verilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “sənədlərin rəsmi qaydada verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 1. Səhmdar Cəmiyyətinin səhmdarlarının 2022-ci il üzrə reyestrinin və Nizamnaməsinin; 2. 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci illər üzrə maliyyə-təftiş komissiyasının və auditor aktlarının; 3. 2017-ci, 2018-ci, 2019-ci, 2020-ci, 2021-ci illər üzrə "Maliyyə hesabatlarını və onların Əlavələrinin", debitor və kreditor borcları və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarının; 4. 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci illər üzrə "Mənfəət vergisi Bəyannamələrinin və onların Əlavələrinin" və ya Sadələşdirilmiş vergi Bəyannamələrinin", həmçinin "Torpaq vergisi Bəyannamələrinin; 5.Səhmdar Cəmiyyətin 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci illər üzrə ümumi yığıncağının Protokollarının;6.2017-ci,2018-ci,2019-cu,2020-ci,2021-ci illər üzrə Səhmdar Cəmiyyətin Müşahidə Şurasının iclaslarının Protokollarının; 7. 2017-ci, 2018- ci, 2019-cu, 2020-ci, 2021-ci illər üzrə Səhmdar Cəmiyyətin "aktivlərini və öhdəliklərin inventarizasiya Aktlarının"; 8. 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci illər üzrə səhmdar Cəmiyyətin" əsas vəsaitlərinin ləğvi Aktlarının": 9. Səhmdar Cəmiyyətin yerləşdiyi sahənin plan cizgisinin və Daşınmaz Əmalkın dövlət reyestrində Çıxarışın; 10.2017-ci, 2018-ci, 2019cu, 2020-ci, 2021-ci illər üzrə Səhmdar Cəmiyyətin digər təşkilatlarla bağlanmış əqdlər, kontraktlar, müqavilələr, həmçinin aidiyyəti şəxslərlə bağlanmış və xüsusi əhəmiyyətli əqdlər barəsində məlumatların; 11. Səhmdar Cəmiyyətin emissiya prospektində (özəlləşdirmə planında) əksini tapmış "əsas vəsaitlərin inventarlaşdırılıması və qiymətləndirilməsi Aktlarının” verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "European Tobacco-Baku” ASC-nin səhmdarıdır və Səhmdar Cəmiyyətdə hər birinin nominal dəyəri 20 manat (iyirmi) olmaqla, 28 ədəd (iyirmi səkkiz) ədəd səhmə malikdir. Lakin nə keçirilən növbəti ümumi yığıncaqlarda, nədə ki, başqa vaxt müəssisənin fəlaiyyətinə dair heç bir məlumat ala bilmir. Dəfələrlə Səhmdar Cəmiyyətin fəaliyyəti ilə bağlı lazım olan sənədlərin surətinin ona təqdim olunmasını xahiş etməsinə baxmayaraq, Azərbaycan qanunlarını saymayan Səhmdar Cəmiyyətin rəhbərliyi onun haqlı tələbini tamamilə əsassız olaraq yerinə yetirməkdən imtina edir. Bunula da Səhmdar Cəmiyyətin rəhbərliyi tərəfindən bir vətəndaş, bir səhmdar kimi onun məlumat almaq hüququ qəsdən, kobud surətdə pozulur. Axırıncı dəfə Səhmdar Cəmiyyətin fəaliyyəti ilə əlaqədar sənədlərin ona (və digər səhmdarlara) verilməsi barədə rəsmi ərizə ilə "xxxx" ASC-yə müraciət etmişdir. Lakin Səhmdar Cəmiyyətin rəhbərliyi nəinki, onun xahişini yerinə yetirmir, əksinə müəssisəyə aidiyyəti olmayan şəxslər vasitəsi ilə ona təzyiq göstərməyə çalışmışlar.
Tətbiq edilən hüquq :
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :
1. Qeyd: Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2. mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3. hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.
4. “Dövlət rüsumu haqqında” Qanun :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
5. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli Qərarı.
Məhkəmənin mövqeyi :
6. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
7. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qüvvədə olan qanunvericiliyə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.
8. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
9. Həmin Plenum qərarında göstərilir ki, eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir.
10. Həmçinin həmin Plenum qərarında göstərilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar.
11. İşin hallarından görünür ki, İddiaçı Cavabdeh MMC-nin səhmdarı olaraq həmin müəssisədə 20 ədəd səhmə malik olduğunu iddia edir.
12. Həmçinin iddiaçı tərəfindən iddia tələbinin əsaslandırılmasına əsasən müəyyən olunur ki, tərəflər arasında yarnmış hazırki mübahisə İddiaçı kommersiya hüquqi şəxsi olan Cavabdeh MMC-nin səhmdarı olmasına baxmayarq hüquqi şəxsin idarə edilməsində iştiraka cəlb edilməməsi ilə bağlıdır.
13. Belə olan halda, mülki prossesual qanunvericiliyə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulmasına yol verilmir.
Nəticə :
14. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı qaldırılmış iddia korporativ mübahisə olduğundan və hazırki iddiaya ümumi məhkəmədə baxıla bilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
15. İddiaçıya hazırki iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.
16. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (Ödəyici: ”Kapital Bank”ASC; VÖEN: **********; qəbzin nömrəsi:**********; tarix:xx.xx.2024, saat:16:27) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31-32, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Cavabdeh MMC-yə qarşı “sənədlərin rəsmi qaydada verilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (Ödəyici: ”Kapital Bank”ASC; VÖEN: **********; qəbzin nömrəsi:**********; tarix:xx.xx.2024, saat:16:27) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. İddiaçıya hazırki iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva