Məhkəmə qərarları › İş №2(007)-3730/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3730/2025

08.12.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3730/2025 08.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: "mənzildən istifadə hüququna xitam verilməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Türbət Rəşad qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X15 və Cavabdeh2 qarşı olan "mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı cavabdehlər Cavabdeh1, X15 və Cavabdeh2 qarşı olan "mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdchlər Cavabdeh1, X15 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 4 saylı evin, 46 saylı mənzilindən islifadə hüququna xilam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 4 saylı evin, 46 saylı mənzili onun mülkiyyələtindədir. Həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 23 sentyabr 2009-cu il tarixli, ******* qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh1 onun əmisidir. O. ailə qurandan sonra Beylaqan rayonuna köçmüş və orada ailə üzvləri ilə birlikdə yaşayırdı. Sonra isə onlar Ukrayna Respublikasının Xarkov şəhərinə köçmüşlər. Ukraynada baş vermiş müharibə nəticəsində Almaniyaya köçüb orada yaşayırlar. Cavabdeh2 əmisinin həyat yoldaşı, cavabdeh X15 isə onun qızıdır. X1 2002-ci ildə vəfat etmişdir. Cavabdehlərin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmağı səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır.

İş materialları :

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, Cavabdeh3xx.xx.1978, Cavabdeh1-xx.xx.1951; Cavabdeh2-xx.xx.1954 ünvan 1 ünvanında qeydiyyatdadırlar.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən” MH seriyalı, ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nuriyev küçəsində istifadədə olan 0.1311 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində 1-ci mərtəbəsində, 70.9 kv.m ümumi, 56.0 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 46 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1019 nömrəli reyestr kitabının 91676 nömrəli vərəqində xx.xx.2009-cü il tarixdə qeydiyyata alınmışdır.

5. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 10 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2025-ci il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında X14, X5, X9, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qeydiyyatdadırlar.

6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1951-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.1983-cü il tarixdən hazıradək və xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh3 xx.xx.2004-cü il tarixdən hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh2 xx.xx.2002-ci il tarixdən hazıradək k ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

8. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış məktubundan görünür ki, xx.xx.1951-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh2 və 10.1951-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.1983-cü il tarixdən və xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh3 xx.xx.2023cü il tarixində çıxış etmişlər.

9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4 saylı evin, 46 saylı mənzil ilkin olaraq İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

10. 087641 nömrəli, xx.xx.1969-cu il tarixli orderdən görünür ki, Bakı şəhəri, 8.km. qəsəbəsi, Darvin küçəsi, 4 otaqlı 46 nömrəli mənzil Ailə tərkibi: X16, Cavabdeh1, X10, X2 Səkinə Mövsüm qızı olmaqla. X7 verilmişdir.

11. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

12. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İzahatında bildirmişdir ki, həmin mənzil onun atasına zavoddan verilmişdir. Onun adına isə 1988-ci il tarixdə keçmişdir. Cavabdeh1 onun əmisi, Cavabdeh3 əmisi qızı, Cavabdeh2 isə əmisinin arvadıdır. Əmisi İsa həmin mənzildə universitetdə oxuyan vaxtlar yaşamışdır. Digər cavabdehlər isə mübahisəli mənzildə yaşamamışlar.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

14. İşin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 1 xx.xx.2009-cü il tarixli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.

15. Mübahisə obyekti olan mənzil iddiaçının atasına məxsus olmuşdur. Həmin mənzilə dair verilmiş orderdə Cavabdeh1 icarədarın ailə tərkibi olaraq orderdə qeyd edilmişdir.

16. Cavabdeh1 iddiaçının əmisi, Cavabdeh2 əmisinin həyat yoldaşı, cavabdeh X15 isə onun qızıdır.

Məhkəmə baxışının hədləri:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

19. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:

51. dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır;

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

54. icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər;

60. icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

87. yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

20. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı.

Məhkəmənin mövqeyi :

21. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

22. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1, X15 və Cavabdeh2 qarşı olan iddia tələbini cavabdehlərin mübahisəli mənzildə yaşamaması, özünə məxsus yaşayış evinə malik olması və cavabdehlərin həmin mənzildə qeydiyyatda qalmaları səbəbindən onun yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam hüquqlarını məhdudlaşdırması ilə əsaslandırmışdır.

23. Məhkəmə cavabdehlərin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi məsələsinə qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə cavabdehlərin həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmaması (mövcud olubolmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olmayan hüquqa xitam verilməsindən söhbət gedə bilməz.

24. İşin faktiki hallarından görünür ki, iddiaçının mübahisəli mənzilə münasibətdə statusu xx.xx.2009-cü il tarixdən yaranmışdır. Cavabdehlər xx.xx.1951-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.1983-cü il tarixdən, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh3 xx.xx.2004-cü il tarixdən və Cavabdeh2 isə xx.xx.2002-ci il tarixindən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

25. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 1983-cü ildən ailə üzvləri olan digər cavabdehlər isə 2000-ci ildən sonra mübahisə obyekti olan mənzildə yaşayış yeri üzrə qeydiyyatda olsalara da, həmin dövrdə mənzilin dövlət mənzil fonduna aid olması nəzərə alınaraq cavabdehlərin mənzilə olan istifadə hüququ ilə bağlı hüquq münasibətlərinə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin aidiyyəti müddəaları tətbiq edilməlidir.

26. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

27. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.

28. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

29. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı və onun ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

30. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

31. İşin məhkəmə tərəfindən tədqiq edilən faktiki hallarına əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçının əmisidir. Mübahisə obyekti olan mənzil 1969-cu il tarixli order ilə iddiaçının atasına verilmiş və Cavabdeh1 icarədarın ailə tərkibi olaraq mənzildə yaşamaq hüququ olmaqla orderdə qeyd edilmişdir. Cavabdehlər X8 və Cavabdeh2 da Cavabdeh1 ailə tərkibi olaraq mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmışlar. İşin digər faktiki halı isə ondan ibarətdir ki, cavabdehlər uzun müddətdir ki, mübahisə obyekti olan mənzildə yaşamırlar, ölkə hüdudlarından kənarda yaşayırlar.

32. Yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, mübahisə obyekti olan daşınmaz əmlaka istifadə hüququ yaranmış cavabdehlər uzun müddət könüllü olaraq həmin əmlakdan istifadə etməməsi (yaşamaması) və bu halın hər hansı bir maneələrinin törədilməsi səbəbindən baş verməsinin müəyyən edilməməsi ona əsas verir ki, cavabdehlərin mübahisə obyekti olan yaşayış sahəsinə olan ehtiyacı aradan qalxmışdır.

33. Belə olan halda məhkəmə qeyd edir ki, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələbləri baxımından iddia tələbi üzrə cavabdehlərin icarədarın ailə tərkibi kimi mübahisəli mənzildən istifadə hüququnun yaranmasına baxmayaraq könüllü çıxıb getməsi, 6 aydan çox müddət istifadə etməməsi ilə əlaqədar bu hüququ itirmişdir.

34. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatda qalmaları iddiaçını mülkiyyət hüquqlarını pozur, həmin mübahisəli mənzildən istifadə, sərəncam və digər hüquqlarının həyata keçirilməsinə maneçilik törədir.

35. Məhkəmə qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

36. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd emişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnrot İsveçə qarşı” işdə isə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına mülkiyyət hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyəta keçirilməsi imkanının məhdudlaşdıırlması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xaarkter almış olur.

37. Qeyd edilənlərə nəzərə alaraq məhkəmə qeyd edir ki, mülkiyyətçinin iradəsinə zidd olaraq cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda qalmaları iddiaçının həmin evə olan mülkiyyət hüququnu şərti və qeyri-sabit edir.

38. Belə olan halda hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin iddiaçının mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır.

39. Belə ki, həmin maddəyə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir.

40. Qeyd olunanlar cavabdehləri yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir.

Nəticə :

41. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, X15 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 4 saylı evin, 46 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət Etdi:

İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, X15 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 4 saylı evin, 46 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə Cavabdeh1, X15 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 4 saylı evin, 46 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar