Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3814/2025 11.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə cavabdeh Bakı şəhəri 30 saylı Notariat Kontoruna qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “icra qeydinin ləğv edilməsi” tələbi) X8 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüryanlı Ülkər Allahyar qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASCnin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə cavabdeh Bakı şəhəri 30 saylı Notariat kontoruna qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə cavabdeh Bakı şəhəri 30 saylı Notariat kontoruna qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində Bakı şəhəri 30 saylı Notariat Kontorunun 8İ-14395 nömrəli, xx.xx.2025-ci il tarixli İcra Qeydinin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri 30 saylı Notariat Kontorunun 8İ-14395 nömrəli, xx.xx.2025-ci il tarixli icra qeydinə əsasən ondan cəmi 5187 manat 83 qəpik (beş min yüz səksən yeddi manat, səksən üç qəpik) pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə icraya yönəldilmişdir. Hazırda icra işi icra məmuru X2 icraatındadır. İcra sənədi üzrə tələbin könüllü icrası barədə ona bildiriş göndərilib. İcra sənədində qeyd olunan xx.xx.2023-cü il tarixli, AL/99222/92/3 saylı sənəd üzrə ona 6000 (altı min) manat məbləğində pul (kredit) verilməyib. Bu tamamilə yalan məlumatdır. "xxxx" ASC ilə onun arasında bu mübahisə ilə bağlı polisdə və məhkəmədə araşdırma aparılır. Lakin təssüflər olsun ki, 30 saylı Notariat Kontoru tərəfindən ona qarşı irəli sürülən tələb üzrə mübahisənin olub-olmaması, iddia edilən pulun ona verilib verilməməsi araşdırılmadan yalnız tələbkarın müraciəti əsasında ədalətsiz və qanunvericiliyə zidd qərar qəbul edilmiş və icra sənədi icraya yönəldilmişdir. Notariat Kontoru ona İcra qeydi ilə bağlı heç bir bildiriş göndərməmiş,onunla telefon əlaqəsi saxlamamışdır. İcra Qeydi verilərkən yalnız tələbkarın müraciəti nəzərə alınmışdır. Halbuki tələbkar "xxxx" ASC tərəfindən iddia edilən 6000 (altı min) manat məbləğində pulun ona verilməsi, bunu təsdiqləyəcək sənədlərin əsillərinin mövcud olub olmaması, həmin sənədlərin qanunvericiliyin tələblərininə uyğunluğu araşdırılmamışdır. Həmçinin həmin pulla bağlı tələbkarla onun arasında mübahisə olmasına baxmayaraq işə mübahisəsiz sənədlərin mövcudluğu kimi baxılmışdır. Nəticədə onun qanuni maraqlarını müdafiə etmək imkanı olmamışdır. Buna görədə o qeyd olunan icra qeydinin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş materialları: xx.xx.2023-cü il tarixli, AL/99222/92/3 reyestr nömrəli Bakı şəhəri 50 saylı Notariat ofisində bağlanmış, Kredit sazişindən surətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında 6000 manat məbləğində Bolkart kredit məhsulunun verilməsi barədə müqavilə bağlanmış, kredit xəttinin maksimal müddəti 59 ay göstərilmişdir. xx.xx.2025-ci il tarixli “icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş”in surətindən görünür ki, İddiaçı, ünvan 1 ünvanına poçt vasitəsilə və 070 967 96 87 saylı mobil telefona sms vasitəsilə AL/99222/92/3 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə icra qeydinin aparılması barədə bildiriş göndərilmişdir.( xx.xx.2025; "xxxx" MMC, № 033336; dublikat çek əlavə edilmişdir). xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, "xxxx" ASC AL/99222/92/3 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə icra qeydinin aparılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli icra qeydinin surətindən görünür ki, İddiaçı AL/99222/92/3 saylı müqaviləyə əsasən vaxtında ödənilməmiş 5187 manat 83 qəpik pulun, 285 manat 86 qəpik məbləğində cərimə peniya və 25 manat dövlət rüsumunun tutulması barədə icra qeydi aparılmışdır. xx.xx.2025-ci il tarixli Bakı şəhəri Nizami rayon İcra şöbəsinin qərarından görünür ki, 8İ-14395 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri 50 saylı Notariat Kontorunun 8İ-14395 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borcluya tələbin 10 gün ərzində könüllü icra edilməsi barədə bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsinə görə 72 manat dövlət rüsumu ödəmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, axşam saatlarında kartından 4000 manat pul çəkmişlər. Axşam yatdığı üçün bilməmişdir. Səhər görmüş və banka yaxınlaşmışdır. Bank tərəfindən cavab verməmişlər, hüquq mühafizə orqanlarına müraciət etməsini demişlər. Polis də banka müraciət etmiş, amma bank tərəfindən cavab verilməmişdir. Bank ona heç bir cavab vermir. Bu səbəbdən iddia ilə məhkəməyə müraciət etmişdir. O, təklif etmişdir ki, daha dəqiq məlumatlar versinlər. O, həmin kartdan istifadə etməmişdir. Hər hansısa oyun və ya alış-veriş etməmişdir. Pulun necə yoxa çıxdığını hələ də anlaya bilmir. O, Mərkəzi banka da, "xxxx"-ya da müraciət etmişdir. Daha sonra polisə də müraciət etmiş və onu Kibercinayətkarlıqla Mübarizə İdarəsinə yönləndirmişlər. Prokurorluğa da gedəndə ona 14 gün gözləməyini demişlər. "xxxx"-dan onun iradəsi olmadan gecə vaxtı pul çıxmışdır. O, dəfələrlə prosesin necə baş verməsi ilə bağlı izahat istəmiş, lakin ona dəqiq cavab verilməmişdir. Bir müddət sonra isə bank tərəfindən ödəniş tələb edilmişdir. Buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi iddianı qəbul etməyib əlavə olaraq da öz izahatında göstərdi ki, bildiriş şəxsə göndərildikdən sonra 20 gün ərzində etiraz etmə hüququ var idi, həmin müddətdə etiraz etməmişdir. Düşünürlər ki, iddiaçı tərəf sistemə daxil olub və kart məlumatlarını daxil edib deyə belə bir hal baş vermişdir. Çünki əksər hallarda bu tipli hadisələr nəticəsində pulun kartdan çıxarışı baş verir. Məsələn belə bir hal baş vermişdi ki, internetdə bir sıra oyunlar var və vətəndaş oraya kartının nömrəsini qeyd etmiş, kartdan 10000 manata yaxın pul çıxmışdı. İddiaçı vəsaitin çıxması ilə bağlı məlumatının olmadığını bildirmişdir. O, bütün bank məlumatlarını araşdırmışdır. Samsung SM S9 21B markalı iddiaçıya məxsus telefondan xx.xx.2024-cü il tarixdə ********** nömrəsinə 800870 OTP kodu gəlmiş və saat 15:29-da təsdiqləmişdir. Çox təəssüf ki, nə üçün istifadə olunması ilə bağlı məlumatları əldə edə bilmirlər. İddianın təmin edilməməsini xahiş etdi. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X6 məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, mübahisənin həlli üzrə məsələni məhkəməyə heyətinə həvalə etdiklərini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Notariat haqqında Azərbaycan Respublikası Qanununun: 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 78-ci maddəsinə əsasən icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. 79-cu maddəsinə əsasən tələbkar və ya borclu fiziki şəxsdirsə, Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddətlər müəyyən olunmamışsa, icra qeydi aparıldığı gündən üç il ərzində, bütün qalan tələblər üzrə isə bir il ərzində məcburi surətdə icra olunmaq üçün təqdim edilə bilər. İcra qeydinin təqdim olunması üçün buraxılmış müddətin bərpası Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın:
161. bəndinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.
162. bəndinə əsasən icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 42-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1. maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin: 224-cü maddəsinə əsasən, notariusun icra qeydi əsasında ödənilmə daxil olmaqla, ödənilməsi mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra və ya digər sənədlərin icra edilməməli hesab olunmasına dair mübahisələri həll edərkən qətnamənin nəticə hissəsində icra edilməli olmayan sənədin adı, sıra sayı və tarixi, habelə silinməli olmayan məbləğ göstərilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
İşin faktiki halı:
Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Bank of Baku ASC arasında xx.xx.2023-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank of Baku ASC, İddiaçı 6000 manat məbləğində bolkart kredit məhsulu vermiş, kredit xəttinin maksimal müddəti 59 ay göstərilmişdir. xx.xx.2025-ci il tarixdə "xxxx" ASC tərəfindən İddiaçı borcun ödənilməsi, əks təqdirdə icra qeydinin aparılacağı barədə bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən icra qeydi aparılmışdır. Hazırda iddiaçı 30 saylı Notariat Ofisində 8İ-14395 nömrəli, xx.xx.2025-ci il tarixli İcra Qeydinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Məhkəmənin mövqeyi:
Məhkəmə işdə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçı iddia tələbinin əsası kimi göstərdiyi hal ondan ibarətdir ki, ona məxsus bank kartından onun xəbəri olmadan pul çıxarılmış,o, kartından onun məlumatı olmadan pulun çıxarılması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmiş, Gəncə şəhər Baş polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma başlamışdır və hazırda da bu barədə araşdırma davam etdirilir. Məhkəmə iddiaçının tələbində icra qeydinin qanuniliyini mübahisələndirməsini nəzərə alaraq, buna münasibətdə qeyd edir ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli bildiriş və həmin bildirişin göndərildiyini təsdiq edən poçt qəbzi ilə müəyyən edilmişdir ki, icra qeydinin aparıldığı xx.xx.2025-ci il tarixdən 26 gün qabaq bildiriş tərtib edilərək iddiaçının olduğu Nizami rayonu, Bəkir-Çobanzadə küçəsi, ev 57, mənzil 30 ünvanına poçt vasitəsilə və 070 967 96 87 saylı mobil telefona sms vasitəsilə məlumat göndərilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, icra qeydi qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir, onun ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə iddiaçının tələbinin əsası kimi istinad etdiyi, onun xəbəri olmadan kartından pul vəsaitinin çıxarılması ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə də qeyd edildiyi kimi, hesab üzrə sərəncam hüququ yalnız İddiaçı məxsus olmuşdur. Yəni o, öz hesabının müstəqil sərəncamçısıdır və kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara görə məsuliyyət daşıyır. Bundan başqa analoji işlər üzrə mövcud məhkəmə təcrübəsi nəzərə alınmaqla məhkəmə qeyd edir ki, kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem bankın sərəncamında olmayan məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsa, bank bu problemlərə sörə müştəri qarşısında məsuliyyət daşımır. Belə ki, məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X5 izahatında göstərmişdir ki, sözügedən məbləğin iddiaçının kart hesabından çıxarılması ilə əlaqədar iddiaçıya məxsus Samsung SM S9 21B markalı telefona xx.xx.2024-cü il tarixdə ********** nömrəsinə 800870 OTP kodu gəlmiş və saat 15:29-da təsdiqlənmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının ərizəsində bu barədə göstərdikləri iddia tələbinin təmin edilməsi və icra qeydinin ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz.
Nəticə:
Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə cavabdeh Bakı şəhəri 30 saylı Notariat kontoruna qarşı “icra qeydinin ləğv edilməsi” barədə iddia tələbi təmin edilməməlidir.
Məhkəmə xərcləri:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə cavabdeh Bakı şəhəri 30 saylı Notariat Kontoruna qarşı “icra qeydinin ləğvi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərci iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Rauf Əhmədov