Məhkəmə qərarları › İş №2(007)-383/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-383/2022

11.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-383/2022 11.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi, əmlakın açıq hərracda satılaraq pulun bərabər bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi, əmlakın açıq hərracda satılaraq pulun bərabər bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 43,20 kv.m olan mənzil xüsusi paylı mülkiyyət hüququ ilə 2/3 hissədə İddiaçı və 1/3 hissədə isə Cavabdeh məxsusdur. Mənzilə dair ƏMDK yanında DƏDRX tərəfindən elektron çıxarış verilmişdir. Cavabdeh onun həmin mənzildə yaşamağına maneələr törədir. Buna görə də o, cavabdehlə paylı mülkiyyətində olan yaşayış sahəsini sataraq özünə yaşayış evi almaq istəyir. Həmin paylı mülkiyyətin naturada ayrılıb-ayrıla bilməyəcəyini bilmədiyi üçün mənzilin satılması da mümkün deyil. Eyi zamanda bildirir ki, cavabdeh mənzillə bağlı onun tərəfindən hər hansı addımın atılmasına süni maneələr yaradır, mənzilin ancaq ona məxsus olduğunu, mənzillə bağlı ancaq onun müstəsna hüquqlarının olduğunu bildirir. Hal-hazırda o, həmin mənzilin naturada bölünməsinə, bölünə bilmədiyi halda daşınmaz əmlakın açıq hərracda satılması və daşınmaz əmlakın hərracda satışından əldə edilmiş pulun tərəflər arasında paylara uyğun bölünməsinə nail olmaq istəyir. Buna görə də, paylı mülkiyyət hüququ ilə iddiaçı və cavabdehə məxsus olan və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 43.20 kv.m olan mənzilin naturada bölünməsi, naturada bölünmə mümkün olmadıqda ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracdan satılaraq, əldə edilmiş pulun iddiaçı və cavabdeh arasında paylara uyğun şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, iddiaçının anasıdır. Əmlakın hərraca qoyulmasını və satılmasını xahiş edir. Mənzil satıldıqdan sonra qızına məxsus payı götürmək istəyirlər. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf etdi və izahatında bildirdi ki, həyat yoldaşının vəfat etməsinin birinci ildönümündən sonra o, məhkəməyə verilmişdir. Sözügedən ev satılırdı, amma sonradan zəng etdilər ki, ev satıla bilməz. O, istəyir ki, evi satıb Fidanın da, baldızının da payını versin. Atasının evidir və orada iddiaçının da haqqı var. Ev təmirsizdir, 1960-cı ildə tikilən evdir, paylı mülkiyyətdədir. Hər ikisinin də çıxarışı var. Bundan başqa, o, mənzilin hərracdan satılmasına etiraz edir. Çünki, əgər mənzil hərraca çıxarılarsa, dəyərindən aşağı qiymətə satılacaq, bu isə hər iki tərəf üçün əlverişli olmayacaq. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, 8 saylı evin 14 saylı mənzilinə dair 2/3 hissədə Cavabdeh, 1/3 hissədə isə İddiaçı payları müəyyən olunmaqla, bu barədə müvafiq olaraq xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixlərdə reyestrdə qeyd aparılmışdır. - Məhkəmənin qərardadı əsasında təyin edilərək keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 28 aprel 2022-ci il tarixli, 10/1410 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan mənzilin otaqlarının təyinatının yerləşmə vəziyyətinə uyğun olaraq tərəflər (mülkiyyətçilər) arasında 2/3 hissə və 1/3 hissə olmaqla 2 yerə bölünməsi yalnız təcrid mənzillər şəklində aparılmalı, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında bərabər ölçüdə yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) otaqların və bu otaqlara ayrı-ayrılıqda giriş-çıxış yolunun olmalı olduğunu nəzərə aldıqda, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2-ci bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə uyğun qaydada naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. - “X6 Mərkəzi” MMC-nin YDQM № 007-077/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli hesabatından (rəyindən) görünür ki, qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinin dəyərini müəyyən etmək üçün müqayisə yanaşmasından istifadə etməklə, yerinə yetirilən hesablamalar və təhlillər nəticəsində uyğun müqayisə vahidləri müəyyən edilmiş, vacib müqayisə elementləri seçilmiş, həmçinin müqayisə elementləri üzrə vahidin dəyəri korrektə edilmiş və nəticədə qiymətləndirmə obyektinin yekun bazar və likvid dəyəri müəyyən edilmişdir. Bütün göstərilənləri nəzərə alaraq, aparılan təhlil və hesablamalar nəticəsində, Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, ev 8 ünvanında yerləşən 43,20 kv.m ümumi sahədən ibarət 2 otaqlı 14 nömrəli mənzilin qiymətləndirmə tarixinə bazar dəyəri 52.000 manat (əlli iki min manat), likvid dəyəri 49.000 manat (qırx doqquz min manat) təşkil edir. - xx.xx.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi zamanı İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, 8 saylı evin 14 saylı mənzilinə dair 2/3 hissədə Cavabdeh, 1/3 hissədə isə İddiaçı payları müəyyən olunmaqla, bu barədə müvafiq olaraq xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixlərdə reyestrdə qeyd aparılmışdır. Hazırda iddiaçı, paylı mülkiyyət hüququ ilə ona və cavabdehə məxsus olmaqla, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 43.20 kv.m olan mənzilin naturada bölünməsi, naturada bölünmə mümkün olmadıqda ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracdan satılaraq, əldə edilmiş pulun iddiaçı və cavabdeh arasında paylara uyğun şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, əşya mülkiyyətçiləri öz aralarında razılığa gələ bilməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Mülki qanunvericiliyin mənasına görə, ümumi mülkiyyətin iştirakçısının əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını tələb etmək hüququ vardır. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və ya pul kompensasiyasının (dəyərinin) ödənilməsi ilə həyata keçirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Qeyd olunduğu kimi, paylı mülkiyyətdə olan Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, ev 8, 14 nömrəli mənzilin 2/3 hissəsinin mülkiyyətçisi olan İddiaçı və mənzilin 1/3 hissəsinin mülkiyyətçisi olan Cavabdeh ümumi mənzilin bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən, paylı mülkiyyətin mülkiyyətçilərindən İddiaçı öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmişdir. Məhkəmə hesab edir ki, tərəflərin ümumi birgə mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, ev 8, 14 nömrəli mənzilin naturada ayrılması qeyrimümkündür. Bu 28 aprel 2022-ci il tarixli, 10/1410 saylı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur. Bundan sonra tərəflərin birgə mülkiyyətində olan daşınmaz əmlakın bölünməsi və ondan pay ayrılması mümkün olmadığından, tərəflərin payına düşən hissəsinin digər tərəfə satması və ya həmin tərəflərdən birinin digər tərəfin payını alması məhkəmə araşdırması zamanı tərəflərə təklif olunmasına baxmayaraq buna razılaşmamışlar (iddiaçı tərəfindən cavabdehə kompensasiya ödənilməsi ilə bağlı təkliflə habelə iddiaçıya cavabdeh tərəfindən kompensasiya ödənilməsi ilə bağlı təkliflə də cavabdeh razı olmamışdır) , məhkəmə iclası zamanı iddiaçı izahatında həmin əmlakın açıq hərraca çıxarılması və əmlakın hərracda satıldıqdan sonra paylarına uyğun vəsaitin onlara ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, ev 8, 14 nömrəli mənzilində mülkiyyətçilərin paylarına uyğun, eləcə də iddiaçının cavabdehə kompensasiya ilə bağlı təklifi cavabdeh tərəfindən qəbul edilmədiyindən, həmin mənzil açıq hərracda satılmaqla satışdan əldə olunan vəsait tərəflərin payına mütənasib surətdə bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi 8 nömrəli evin 14 nömrəli mənzili açıq hərracda satılmalı, Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi 8 nömrəli evin 14 nömrəli mənzilinin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun yəni 2/3 hissəsi İddiaçı, 1/3 hissəsi Cavabdeh verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı tələb etmədiyindən, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada tutulmalı, “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142319, Büdcə səviyyəsinin kodu: 3” hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi 8 nömrəli evin 14 nömrəli mənzili açıq hərracda satılsın. Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi 8 nömrəli evin 14 nömrəli mənzilinin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun yəni 3/2 hissəsi İddiaçı, 1/3 hissəsi Cavabdeh verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada tutulsun, “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142319, Büdcə səviyyəsinin kodu: 3” hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar