Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3859/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Şirkətinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Şirkətinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi verilərkən aidiyyət qaydaları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi, qanunverici hüquqi şəxsə qarşı iddianın verilməsini hüquqi şəxsin ünvanının olduğu yeri nəzərə alaraq müəyyənləşdirmişdir. İddia ərizəsində cavabdeh "xxxx" Şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 181A kimi qeyd olunmuşdur. Lakin, iddiaçılar tərəfindən bunu təsdiq edən sübutlar (VÖEN və ya hüquqi ünvanı təsdiq edən rəsmi çıxarış) iddia ərizəsinə əlavə edilməmişdir. Digər yandan, istər “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlar, istərsə də Dövlət Vergi Xidmətinin rəsmi internet saytı vasitəsilə əldə edilmiş məlumatlar yoxlanılarkən, "xxxx" Şirkətinə dair hər hansı məlumat ümumiyyətlə aşkar edilməmiş, oxşar adda isə iki şirkət müəyyən edilmişdir. Belə ki, yoxlama zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC (VÖEN:**********) AZ1065, ünvan 2 ünvanında, o cümlədən "xxxx" MMC (VÖEN: **********) isə ünvan 3 ünvanında yerləşir. Göründüyü kimi, iddiaçılar tərəfindən iddia tələbinə cavab verməli olan hüquqi şəxs dəqiq müəyyən edilməmiş, iddia tələbində qeyd olunan hüquqi şəxsin isə mövcudluğunu təsdiq edə biləcək hər hansı sübut iddia ərizəsinə əlavə edilməmişdir. Belə olan halda, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçılara, cavabdehin olduğu yerin məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Beləliklə, iddia ərizəsi aidiyyət qaydalarına əməl edilməməklə verildiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunan nöqsana əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalı, nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçılara izah edilməlidir. Həmçinin iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu büdcədən geri qaytarılmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı1 tərəfindən 270 manat məbləğində dövlət rüsumu ödəmişdir. ("xxxx" ASC Qubadlı branch, qəbz nömrəsi: 22204, GPP qəbz nömrəsi: **********, FİN: xxxxxxx, tarix: xx.xx.2024, saat: 11:14) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Şirkətinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunsun. İddia ərizəsinin verilməsinə görə İddiaçı1 tərəfindən ödənilmiş 270 manat ("xxxx" ASC Qubadlı branch, qəbz nömrəsi: 22204, GPP qəbz nömrəsi: **********, FİN: xxxxxxx, tarix: xx.xx.2024, saat: 11:14) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-3859/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3859/2024
28.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver