Məhkəmə qərarları › İş №2(007)-3876/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3876/2022

19.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3876/2022 19.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı cavabdeh “Bakı şəhər Səhiyyə Mərkəzi” X2 Birləşmiş Şəhər Xəstəxanasına qarşı “ölüm haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixində vəfat etmiş atası xx.xx.1944-cü il təvəllüdlü X1 ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1 və 307.2.11-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Mülki prosessual qanunvericiliyin tələbindən görünür ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Lakin, iş materiallarından görünür ki, İddiaçı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etməli olduğu və maraqlı şəxs qismində Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsini cəlb etməli olduğu halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və “Bakı şəhər Səhiyyə Mərkəzi” X2 Birləşmiş Şəhər Xəstəxanasını cavabdeh qismində cəlb etməklə müvafiq pozuntulara yol vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Bakı şəhər Səhiyyə Mərkəzi” X2 Birləşmiş Şəhər Xəstəxanasına qarşı “ölüm haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş 9027 nömrəli mədaxil qəbzindən ("xxxx" ASC, VÖEN: **********, büdcə səviyyə kodu: 142213, terminal nömrəsi: K0114013, əməliyyat İD: 120299430, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2022, saat: 10:50) görünür ki, İddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh “Bakı şəhər Səhiyyə Mərkəzi” X2 Birləşmiş Şəhər Xəstəxanasına qarşı “ölüm haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,150,152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh “Bakı şəhər Səhiyyə Mərkəzi” X2 Birləşmiş Şəhər Xəstəxanasına qarşı “ölüm haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsanlar aradan qaldırdıqdan sonra, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunsun. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat ("xxxx" ASC, VÖEN: **********, büdcə səviyyə kodu: 142213, terminal nömrəsi: K0114013, əməliyyat İD: 120299430, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2022, saat: 10:50) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar