Məhkəmə qərarları › İş №2(007)-389/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-389/2025

07.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-389/2025 07.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Açar sözlər: “mənzildən istifadə hüququnun olmayan hesab edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X1 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X1 ünvan 2 ünvanında yerləşən mənzilə istifadə hüquqları olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil onun adına xx.xx.1997-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə ona MH seriyalı 084762 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh1 onun qızıdır, Cavabdeh2 və X2 isə onun nəvələridir. Qızı Cavabdeh1 2004-cü ildə X3 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin vaxtdan ona məxsus mənzildə yaşamır. Cavabdeh1 ilə X3 arasında bağlanmış nikah pozulmuş və sonradan, qızı övladları ilə birlikdə 2014-cü ildə Türkiyə Respublikasına getmiş və həmin vaxtdan da orada yaşayır. Cavabdeh1 1997-ci ildən 2004-cü ilədək ona məxsus evdə yaşamış, artıq 20 ilə yaxın müddətdir, ona məxsus mənzildə yaşamırlar. Cavabdeh1, Cavabdeh2 və X2 özləri könüllü olaraq ona məxsus mənzili tərk edərək getdiklərindən, Türkiyə Respublikasında özlərinə məxsus daimi yaşayış yeri olduğundan, qeyd olunan mənzilə dair istifadə hüquqları itirilmiş hesab edilməlidir. Hal-hazırda həmin evdə yaşamadıqlarından, məhkəmə qaydasında evdən istifadə hüquqlarına xitam verilməsi zəruridir. Cavabdehlər evdən istifadə hüquqlarının itirilməsinə etiraz etməsələr də, ildən artıq müddətdir, Türkiyə Respublikasında yaşadıqlarından pasportlarının müddəti bitmiş, Türkiyə Respublikasından pasport ala bilmədiklərindən, nə Azərbaycan Respublikasına gələ bilmirlər, nə də razılıq ərizəsi göndərə bilmirlər. Cavabdehlərin daimi yaşamaq üçün özlərinə məxsus yaşayış sahəsi olduğundan, həmin yaşayış sahəsinə ehtiyac aradan qalxdığından, kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməlidir.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və bildirdi ki, qızı və nəvələri Türkiyə Cumhuriyyətində yaşayırlar. Qızı 2004cü ilə qədər ona məxsus mənzildə yaşayıb. Sonra ailə qurub, həmin mənzildən köçüb. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən (videokonfrans) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildirdi ki, iddia tələbini qəbul edirlər. Cavabdeh2 və X2 mübahisəli mənzildə heç vaxt yaşamayıblar.

İş materialları:

6. MH seriyalı, 084762 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 35 saylı evin 14 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına 01 may 1997-ci il tarixdə 92929 qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2 və X2 Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 35 saylı evin 14 saylı mənzilində qeydiyyatdadırlar.

8. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh1 və xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh2 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: Cavabdeh1 çıxış xx.xx.2014, giriş xx.xx.2014, Cavabdeh2 xx.xx.2014, giriş xx.xx.2014.

İşin faktiki halları:

9. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 2004-cü ilə qədər iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 35 saylı evin 14 saylı mənzildə yaşamış, sonradan Cavabdeh1 övladları ilə birlikdə 2014-cü ildə Türkiyə Respublikasına getmiş və həmin vaxtdan da orada yaşayır. Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 35 saylı evin 14 saylı mənzil 01 may 1997-ci il tarixdə İddiaçı mülkiyyətindədir. Cavabdehlər məhkəmə iclasında (videokonfrans) bildirdirlər ki, iddia tələbini qəbul edirlər.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Məhkəmənin mövqeyi:

11. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

12. Göründüyü kimi cavabdehlər iddia tələbini qəbul edir və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

Məhkəmə baxışının hədləri:

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

14. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə:

15. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1, Cavabdeh2 və yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X1 Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 35 saylı evin 14 saylı mənzilinə istifadə hüquqları olmayan (itirilmiş) hesab edilməlidir.

16. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X1 Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 35 saylı evin 14 saylı mənzilinə istifadə hüquqları olmayan (itirilmiş) hesab edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar