Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3977/2021 27.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Hüseynova Bəturə Xaqani qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi” haqqında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü ildən hal-hazıradək, Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən prosessual qanunvericiliyin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan fakt kimi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır; 310.2-ci maddəsinə əsasən bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir; Qanunvericiliyin istinad olunan normasının mənasına görə, şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxılmasının xüsusi halı, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının (burada Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin) arayışının və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənədin mövcud olmasıdır. Ərizəçi tərəfindən Azərbaycan Respublikası MPM-nin 310.2-ci maddəsinin tələbinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının (burada Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin) arayışı ərizəsinə əlavə edilməmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli, 2(007)-760/2019 saylı qərardadına əsasən, Ərizəçi “1996-cı ildən hal-hazıra kimi Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi” barədə ərizəsi hüquq haqqında mübahisə olduğundan baxılmamış saxlanılmış, ümumi əsaslarla iddia icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması Ərizəçi izah edilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, qeyd olunanlara əsasən ərizənin qəbulundan imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ ərizəçiyə izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi” haqqında ərizəsinin qəbulundan imtina edilsin, ərizə ona əlavə edilmiş sənədlərlə geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə) müraciət etmək hüququ ərizəçiyə izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-3977/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3977/2021
27.09.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver