Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-4071/2025 18.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı “sağlamlığa dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdehndən 150 (yüz əlli min) manat maddi və mənəvi təzminatın ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun səhhətində L4-15 fəqərəsində yaranmış 04 mm yırqtıqla əlaqədar Cavabdehnın neyrocərrahı həkim Said Mərcanova müraciət etmiş və onu MRT etmişdir. xx.xx.2025-ci il tarixdə onu cərrahiəməliyat etmişdir. xx.xx.2025-ci il tarixdə 5 ədəd implanla onu klinikadan çıxartmışlar. Əməliyyatdan sonra əhvalı bir daha da ağırlaşmışdır. Maye axıntısı, şiddətli ağrılar onu çox narahat etmişdir. Telefon vasitəsi ilə dəfələrlə müraciət etmiş, ona dərman pereparatları məsləhət görülmüşdür. O dərmanları qəbul edəndən sonra səhhəti bir daha da, ağırlaşmışdır. 04 iyul 2025-ci il tarixdə yenidən həmin klinikaya getmiş və yenidən MRT edib və yoxlanılmışdır. Nəticədə yırtıqlar 6 mm qədər böyümüş, maye yığıntısı çoxalmışdır. Bunlara əsasən 5 iyulda təkrar əməliyyat edilmiş və implantları götürülmüşdür. 15 iyulda onu evə buraxanda etiraz etmiş və səhhətinin dahada ağırlaşdığını bildirməyinə baxmayaraq onu evə buraxmışdırlar. 18 iyulda Bakı şəhərində yerləşən Neyrocərrahiyyə İnstutuna müraciət etmiş, onu MRT müayinəsi etmişlər və yırtıqları 8-11 mm-ə çatmışdır. Təcili əməliyyat olmalı idi. Bildirir ki, əks əməliyyatlar nəticəsində həkim səhləkarlığına görə şikəst qalmış, küllü miqdarda maddi və mənəvi ziyan dəymişdir. Özü də, 2-ci dərəcəli hərbi qulluq əlilidir. Hal hazırda o, Cavabdeh -dan 150 ( yüz əlli min) manat maddi və mənəvi tələb edir.
Tətbiq edilən hüquq :
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.
Məhkəmənin mövqeyi :
4. Məhkəmə iddia ərizəsini araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
5. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının və cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, o cümlədən iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir.
6. Lakin hazırki mülki iş üzrə iddiaçı tərəfindən iddiaçının şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar göstərilmədiyindən iddiaçının şəxsiyyətini müəyyən etmək tərəfimizdən mümkün olmamışdır.
7. Həmçinin iddiaçı tərəfindən Cavabdeh PHŞ-də keçirdiyi əməliyyat nəticəsində onun sağlamlığının pozulduğu, ona külli miqdarda maddi ziyan dəydiyi bildirilsə də, onun tələbinin əsasını təşkil edən faktiki hallara dair məhkəməyə sübut təqdim edilməmişdir. Halbuki mülki prosesual qanunvericiliyə əsasən iddiaçının ilk vəzifəsi iddia tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməkdir.
8. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 150.3-cü maddəsinin tələbinə uyğun olaraq sözügdən icra qeydini iddia ərizəsi ilə birlikdə təqdim edə bilməməsinin səbəbi göstərilməmişdir.
9. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
Nəticə :
10. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün İddiaçı Cavabdehnə qarşı “sağlamlığa dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı: İddiaçı Cavabdehnə qarşı “sağlamlığa dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva