Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-4232/2024 27.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 50000 manat pulun, vəkil xidməti üçün 150 manat pulun və dövlət rüsumu kimi ödədiyi 240 manat pulun tutulub ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmənin mövqeyi :
3. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
4. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, o cümlədən iddiaçının tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir.
5. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçının hazırki iddia tələbinin əsasını atasına məxsus torpaq sahəsində 4 mərtəbəli ev tikilməsi, evin tikintisində özünün fəhlə kimi işləməsi, həmin ev satılan zaman atası tərəfindən müəyyən hissəsinin ona verilməsinə dair atası tərəfindən vədd veridiyi, lakin atasının verdiyi vədə əməl etməməsi təşkil edir. Lakin cavabdeh tərəfindən iddia tələbinin faktiki əsasını təşkil edən torpaq sahəsi, həmin torpaq sahəsində mənzilin tikilməsi, mənzilin alqı-satqısına dair sübutlar, ocümlədən cavabdeh qismində cəlb etdiyi şəxsin atası olmasına dair süburlar iş materiallarına əlavə edilməmişdir. Halbuki mülki prosesual qanunvericiliyə əsasən iddiaçının ilk vəzifəsi iddia tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməkdir. Həmçinin iddia ərizəsində sübutları özündən asılı olmayan səbəbə görə iddia ərizəsi ilə birlikdə təqdim edə bilməməsinə dair məlumat qeyd edilməmişdir.
6. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
Nəticə :
7. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
8. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 243 manat məbləğində dövlət rüsumu (Ödəyici : İddiaçı, qəbzin nömrəsi: 30089; büdcə səviyyə kodu: 142211, GPP qəbz nömrəsi: **********; tarix: xx.xx.2024, saat: 09:30) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır
9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu (Ödəyici : İddiaçı, qəbzin nömrəsi: 30089; büdcə səviyyə kodu: 142211, GPP qəbz nömrəsi: **********; tarix: xx.xx.2024, saat: 09:30) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. İddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva