Məhkəmə qərarları › İş №2(007)-428/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-428/2025

20.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-428/2025 20.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi, maddi ziyan) X6 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin sədri X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “pul” tələbinə dаir iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən 1000 (bir min) manat təmir işlərinə xərclənmiş pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi əsl olan cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi ilə əvəz edilmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2024-cü ilin yayında yaşadığı mənzilin alt 1-ci və 2-ci mərtəbələrində yaşayanlar ona şikayət edərək onların mənzillərinə su axdığını bildirmişlər. O, 2022-ci ildə mənzilin təmir edildiyini, bütün boruların təzə olduğunu, təmir işlərinin normalara uyğun aparıldığını bildirib yenə də sanitar qovşağa baxış keçirərək su axmadığını müəyyən edib, qonşulara bu barədə məlumat vermişdir. Lakin qonşular onunla mübahisə edərək təkidlə su axdığını bildirib su axan yerin tapılmasını tələb etmişlər. Bu səbəbdən o usta dəvət edərək su axan yerin müəyyən edilməsi xahiş edib həmin ustaya 80 (səksən) manat pul versə də, su axan yer müəyyən edilməmişdir. Qonşuların narazılığı davam etdiyi üçün o, təkrarən mənzilini təmir edən ustanı dəvət edərək həmin ustaya da 50 (əlii) manat pul verib su axan yerin müəyyən edilməsini xahiş etmişdir. Təkrar baxış zamanı sanitar qovşaqda heç bir qüsur müəyyən edilmədiyi üçün usta mərkəzi su və kanalizasiya borusunun keçdiyi hissəni sökərək suyun kanalizasiya borusunun birləşdiyi hissədən axdığını müəyyən edib həmin hissəyə nə isə yapışdıraraq işini bitirmişdir. Lakin bir müddət sonra qonşular ona yenə də axdığını bildirmişlər. Onun yaşadığı ev kooperatin evidir. 29 iyul 2024-cü il tarixdə evin komendantı qonşular və çilingərlə onunla mənzilinə gələrək suyun məhz onun mənzilindən axdığını bildirərək o digər otağa keçdikdə onun razılığı olmadan sanitar qovşağın kaşılarını sındıraraq təmiri bərbad vəziyyətə salmışlar. Gələn usta suyun kanalizasixa borusundan axdığını müəyyən edib həmin borunu dəyişmişdir. Su axan hissənin mənzilinə aid olmadığını bilsələr də, dəyişdirilən borunun pulu 66 (altmış altı) manat ondan alınmışdır. Dağıdılmış hissənin bərpa edilməsi və kaşıların alınması daha 170 (yüz yelmiş) manat pul ödənilmişdir. Eyni zamanda zibillərin daşınması və təmizlik işlərinə pul xərclənmişdir. Nəticədə, o heç bir zərər vurmadığı halda 1000 (bir min) manat pul xərcləmişdir. İş materialları: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/1269 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 1 saylı evin, 8 saylı mənzilinin su və kanalizasiya borularının gözlə görünən hissələrində hər-hansı bir nasazlıq müşahidə edilmədiyindən, su sızmasının texniki səbəbini və hansı mənzillərə su axmasını müəyyən etmək mümkün olmamışdır. Tədqiq olunan mənzilin hamam otağında kanalizasiya borusu faktiki olaraq plastik boru olduğundan sualda qoyulan məsələ üzrə tədqiqat aparılmamışdır. ”X2”-in xx.xx.2025-ci il tarixli, 118 nömrəli mütəxəssis rəyinə əsasən xx.xx.2025-ci il tarixli 10/1269 nömrəli rəyində verilmiş smetada göstərilən malların və xidmətlərin ümumi dəyərinin, mövcud bazar qiymətlərinə uyğun olaraq, təqribən 132 manat məbləğində olması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, 30 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. 024468 saylı, xx.xx.1994-cü il tarixli orderin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil həmin orderə əsasən X1 istifadəsinə verilmişdir. xx.xx.2024-cü il tarixli atkdan görünür ki, "xxxx" MTK-nın sədri Çingiz Əliyev və binanın müxtəlif mərtəbələrində yerləşən mənzil sakinləri, həmin binanın 3-cü mərtəbəsində mənzil 8-də İddiaçı mənzilində sanitar qovşaqdan ümumi kanalizasiya xəttinə birləşən hissəsindən su axıntısının baş verməsini müəyyən etmişlər. Axıntının səbəbi bir müddət əvvəl İddiaçı mənzilindəki sanitar qovşağında təmir işləri etdirməsi və təmir zamanı plastmas 1000lük borunu çuqun 100-lük traynikə düzgün birləşdirilməməsi və çuqun borunun zədələnməsi olmuşdur. Bu barərə akt tərib edilərək Çingiz Əliyev, Bəhram Əliyev və Krutyakov Denis tərəfindən imza edilmişdir. 06 ədəd fotoşəkil sübut qismində iş materiallarına əlavə edilmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, ərizənin dəlillərinə uyğun izahat verdi və izahatında əlavə olaraq göstərdi ki, məbləğ 130 manat deyil, elə olsa idi o, məhkəməyə müraciət etməzdi. Təxmini məbləğ 800 manatdır. Sadəcə vəkili 1000 manat yazmağını istəmişdir. 2 dəfə borulara görə ödəniş etmişdir. Köhnələri sındırdıqları üçün onlar 2 dəfə dəyişməli olmuşdur. Ona kiminsə pulu lazım deyil, o, öz xərclədiyini istəyir, əgər artıq qalarsa, o, geri qaytarar. Kommunal ödənişlə bağlı xəbərdarlıq ona göndərilməmişdir. 1996-cı ildən bu evə köçmüşdür, köçən zaman kommunikasiya xəttləri yarımçıq olmuşdur, camaat özü çəkmişdir. Hərə özü etdiyi üçün onların necə olduğunu o necə bilsin. Proyekt 16 mərtəbədir, amma bir mərtəbə artıq tikilmişdir. O da ümumi binanın borularını yükləmişdir. 2-ci mərtəbədə də mənzilin borularının dayağını dəyişdirmişlər, qonşu özü buna görə 400 manat pul ödəmişdir. Onun ustası heç nə görməmişdir, kor-koranə düzəltmişdir. Onun evdəki borularının dayağa aidiyyatı yoxdur. Usta dayağa qədər olan hissəni etmişdir, onların qoyduğu dayağa dəyməmişdir. Oranı bərk olması üçün yapışkan ilə yapışdımışdır. Evdəki plasmas boruları dəyişmişdir. Buna görə də iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin sədri X5 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, "xxxx" MTK heç bir mənzilin içərisini nəzarətdə saxlaya bilməz. İddiaçı təmir edəndə MTK-ya müraciət etməli idi, xəttə müdaxilə etdiyini bildirməli idi. Mənzilin daxili təmir işinə baxmırlar. Onlar ancaq çöldə, koridorda olan su xətti, istilik xəttinə baxa bilər, nəsə olsa təmir edərlər. Onun apardığı təmir işlərinin onlara aidiyyatı yoxdur. Ustası su baçokunu basan zaman su axmışdır. Bunun alınmayacağını demişdir, yapışqanla edəcəyini bildirmişdir. 30 ildir ki, orada yaşayırlar amma kommunal pulu vermirlər. Göstərdiklərinə əsasən, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİ bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər və toxunulmazdır. Azərbaycan Respublikasında mülkiyyət dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin əsas prinsiplərindəndir; 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmadıqda, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Mülki qanunvericiliyə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl isə şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Məhkəmə iddia tələbinə, maddi ziyanın əvəzi olaraq 1000 manat pulun cavabdehdən tutulmasına qiymət verərək hesab edir ki, iddiaçı tələbində ona istinad etmişdir ki, yaşadığı mənzilin alt mərtəbələrində yaşayan sakinlər onun mənzilindən su axmasını bildirdiklərindən o, mənzilində təmir işləri aparmış, habelə sakinlər onun evinə baxış keçirən zaman onun razılığı olmadan onun evinə zərər vurmuşlar və beləliklə onun xərci çıxmışdır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə cavabdehin birbaşa təqsirli əməli nəticəsində iddiaçıya ziyan vurması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, habelə həmin halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər; məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə tikinti-texniki-ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat vəsait iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə (VÖEN: **********, hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu, 142595, büdcə səviyyə kodu: 3, SAP (XİİS) hesabı, Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22) ödənilməlidir. Məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsinə sərf edilmiş 200 manat pul iddiaçıdan tutularaq “X2” MMC-nin (VÖEN:**********, İBAN: AZ94BRES********************, Alanın bankı-Bank Respublika ASC-nin Nərimanov filialı, kodu:513489, SWİFT:BRESAZ22, M/h: AZ80NABZ********************) hesabına ödənilməlidir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “maddi ziyan” tələbinə dаir iddiası təmin edilməməli, məhkəmə tikinti-texniki-ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat vəsait Məhkəmə Ekspertizası Mərkəzinin və məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsi üçün sərf edilmiş 200 manat pul “X2” MMC-nin xeyrinə iddiaçıdan tutulmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “pul” tələbinə dаir iddiası təmin edilməsin. Məhkəmə tikinti-texniki-ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə (VÖEN: **********, hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu, 142595, büdcə səviyyə kodu: 3, SAP (XİİS) hesabı, Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22) ödənilsin. Məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsinə sərf edilmiş 200 manat pul İddiaçı tutularaq “X2” MMC-nin (VÖEN:**********, İBAN: AZ94BRES********************, Alanın bankı-Bank Respublika ASC-nin Nərimanov filialı, kodu:513489, SWİFT:BRESAZ22, M/h: AZ80NABZ********************) hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar