Məhkəmə qərarları › İş №2(007)-4478/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4478/2021

21.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4478/2021 21.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsəova Vəfa Oruc qızının katibliyi, İddiaçı, Cavabdeh ”l̇ıhaS" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X5 Xidməti cəlb edilməklə “əmək hüquqlarının pozulmasına, dəymiş maddi və mənəvi zərərə görə pul təzminatının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X5 Xidməti cəlb edilməklə “əmək hüquqlarının pozulmasına, dəymiş maddi və mənəvi zərərə görə pul təzminatının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən əmək hüquqlarının pozulmasına görə iddiaçıya dəymiş maddi və mənəvi zərərlərə görə 35000 manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01.11.2012-ci il tarixdə "xxxx" MMC-yə işə qəbul edilmiş və həmin tarixdən də işə başlamış, 62 nömrəli avtobusun sürücüsü vəzifəsində işləmişdir. Lakin işə başladığı tarixdən bu günə kimi onunla "xxxx" MMC əmək müqaviləsi bağlamamış və elektron informasiya sistemində əmək müqaviləsi bildirişi qeydiyyata alınmamışdır. Bundan əlavə, işə başladığı tarixdən bugünə kimi ona heç bir əmək məzuniyyəti verilməmiş, əmək məzuniyyətindən istifadə etmədiyinə görə əmək məzuniyyətinin kompensasiyası da ödənilməmişdir. O, əmək münasibətlərinə xitam verilməsi üçün 15 iyul 2021-ci il tarixdə ərizə ilə "xxxx" MMC-yə müraciət elmiş, lakin "xxxx" MMC tərəfindən ona son haqq-hesab, əmək kitabçası və işdən çıxma əmrinin surəti belə verilməmişdir. Bunlarla yanaşı, 2020-ci il tarixdən etibarən əmək haqqı YapıKredi Bank vasitəsilə kartla onlara ödənilməsi nəzərdə tutulmuş və kartdan çıxarışa nəzər yetirdikdə isə Sahil MMC tərəfindən 2020-ci ildə 3 dəfə 140-150 manat ödənilməsi görünür. Baxmayaraq ki, bir gündən bir olaraq orta hesabla 80-110 manat əmək haqqı almış, lakin həmin ödəmələr yalnız nağd olaraq heç bir sosial və vergi və digər bu kimi ödəmələr "xxxx" MMC tərəfindən dövlətə ödənilməmişdir. Məhz onun dövlət sosial sığorta sistemində fərdi hesabında "xxxx" MMC tərəfindən bu ödəmələr aparılmadığına, əmək müqaviləsi ilə işə qəbul edilmədiyinə, stajı qeyd olunmadığına görə pensiya təminatının formalaşmasında ciddi problemlər yaranmış, əmək hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh ”l̇ıhaS" MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə etiraz təqdim iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı sürücü vəzifəsinə işə qəbul edilmə barədə 01.02.2013-cü il tarixli ərizəsinə əsasən onun işə qəbul edilməsi barədə Sahı̇ l” MMC-nin 02.02.2013-cü il tarixli 36 saylı əmri verilmiş, İddiaçı ilə 02.02.2013-cü il tarixli əmək müqaviləsi bağlanmışdır. Buna baxmayaraq, dəfələrlə işçidən əmək kitabçasını müəssisəyə təqdim edilməsi tələb edilsə də, o, müxtəlif bəhanələr gətirərək əmək kitabçasını müəssisəyə təqdim etməmişdir. 2021-ci il sentyabr ayının əvvəllərində İddiaçı heç bir əsas olmadan guya hüquqlarının pozulması ilə bağlı X5 Xidmətinə müraciət etmiş, həmin müraciət X5 Xidməti tərəfindən tam araşdırılmış və iddiaçının hüquqlarının pozulması ilə bağlı xüsusatların həqiqətə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, həmin müraciət araşdırılarkən Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi Nazirliyinin yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinə 09.09.2021-ci il tarixli 038 saylı və 09.09.2021-ci il tarixli 40 saylı məktubla ətraflı arayış verilmiş, bundan sonra İddiaçı başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi barədə Cavabdeh MMC-yə ünvanlanmış 13.09.2021-ci il tarixli ərizəsi daxil olmuş, onun xahişi nəzərə alınaraq İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə "xxxx" MMC-nin 13.09.2021-ci il tarixli 25 saylı əmri verilmiş və onun son haqq-hesabının ödənilməsi təmin edilmişdir. Lakin iddiaçı tamamilə qanunsuz və əsassız iddia qaldırmış, guya ona 35000 manat pul məbləğində maddi və mənəvi zərərin dəydiyini və həmin zərərə görə pulun ödənilməsini tələb etmişdir. Beləliklə, göründüyü kimi, iddia tamamilə qanunsuz və əsassız olmaqla yanaşı, həm də məntiqsizdir, yəni iddianın dəlilləri formal mülahizələrə əsaslanır, ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O həmçinin bildirdi ki, şirkət onları pandemiya vaxtında işlətmiş və pullarını verməmiş, iş vaxtından çox, səhər saat 05:00-dan axşam saat 12:00-a qədər işlətmiş, iddiaçı günaşırı işləmiş, dövlətin ayırdığı pullar işçilərə verilməmiş, şirkət rəhbərliyi - Soltanəli müəllim həmin pulları qohumlarına verəcəyini bildirmişdir. O, ona ödənilən 1500 manatın pandemiya pulu olduğunu, şirkətin onları işlədib əmək haqqı vermədiyini, sadəcə imza çəkdirirdiklərini, bunula bağlı şahidlərinin olduğunu, ona məzuniyyət pulunu vermədiklərini, iddiasında bildirdiyi 35000 manatın içində həm mənəvi zərər, həm məzuniyyət və pandemiya pulunun olduğunu, özünə məzsus VOEN-nin olmadığını, onları məcburi işlətdiklərini, onu işdən məcbur çıxartdıqlarını və əmək kitabçasını da vermədiklərini, işə girən gündən əmək kitabçasını qaraja verdiyini, ancaq ona əmək kitabçasının itdiyini bildirdiklərini, əmək kitabçasının sürətinin iddia ərizəsinə əlavə olunmasını, kitabçanın yəqin ki, vəkilində olduğunu, 2010cu ildən bu şirkətdə işlədiyini, 2013-ildən indəyə qədər əmək haqqı ilə bağlı heç bir yerə şikayət etmədiyini qeyd etdi. Əlavə olaraq bildirdi ki, o, 8 saat işləməli olduğu halda, onu bir sutqa işlətmişlər, iş saatı çox olduğundan o, mənəvi sarsıntı keçirmiş, bununla bağlı xəstəxanaya müraciət etməmiş, pozulmuş hüquqları ilə bağlı əmək müfətişliyinə müraciət etmiş, araşdırma aparılmış, onun hüququnun pozulduğu və pul verilməli olduğu bildirilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmədiyini bildirdi və məhkəməyə təqdim etdiyi etirazın məzmununa uyğun izahat verərərk iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, 2013-cü ildə iddiaçı öz ərizəsi ilə işə qəbul olunmuş, 2013-cü ildən 2021-ci ilə qədər 8 il müddətində həmin şirkətdə işləmiş və hər ay əmək haqqını almışdır. 2021ci ilin sentyabr ayında iddiaçı öz ərizəsi əsasında işdən azad olunmuşdur. İddiaçıya son haqq-hesab verilmiş, özündə olan müvafiq sənədləri şirkətə təqdim etmişdir. Bundan başqa iddiaçı özündə saxladığı əmək kitabçasının sürətini məhkəməyə təqdim etmişdir. İddiaçı əmək kitaçasının əslini müxtəlif bəhanələrlə bu günə qədər onlara təqdim etməmişdir. İddiaçı əgər əmək kitabçasını onlara təqdim etsəydi, onlar orada bütün qeydləri aparardılar. İddiaçı 8 il ərzində heç yerə hüquqlarının pozulması ilə bağlı müraciət etməmişdir. İddiaçının özü də etiraf edir və iddia ərizəsində qeyd edir ki, gündəlik 80-90 manat və əlavə də ayda 500 manat qazanıb. İddiaçı ayda 2000 manat pul qazandığı halda iddiaçının hansı hüquqları pozulur? Belə görünür ki, iddiaçının heç bir hüququ pozulmamışdır və iddia əsasız olduğu üçün rədd edilməlidir. Həmçinin, dindirilmiş şahid qərəzlidir və iddiaçı kimi o da şikayətçidir, təbii ki, belə olan halda o, obyektiv ifadə verə bilməz. Məhkəmə iclasında şahid X3 ifadəsində Cavabdeh MMC-də 2 il yarım 3 ilə yaxın müddətdə sürücü işləməsini və ona əmək haqqı və məzuniyyət pulunu vermədiklərini, təxmini 4-5 aydır ki, işdən çıxdığını, işçiləri 8 saat işləməli olduqları halda 18-20 saat işlətdiklərini, günaşırı işlədiklərini, hər gün 25-30 manat pul qazandıqlarını, onun xəbəri olmadan işdən çıxarıldığını, cənab prezidentə şikayət ünvanladığını, həmin şikayəti əmək müfətişliyinə yönəltdiklərini və MMC-ni 1400 manat cərimə etdiklərini, neçə il işləsə də məzuniyyət pulunu vermədiklərini, şikayətdən sonra ona 700 manat məzuniyyət pulu verdiklərini, onlara əmək haqqı və son haqq-hesab vermədiklərini, işdən çıxardanda xəbərdarlıq edilmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X5 Xidməti məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı tərəfindən Cavabdeh MMC-nin rəhbərliyinə ünvanlanmış 01.02.2013-cü il tarixli ərizədən görünür ki, İddiaçı onu Cavabdeh MMC-yə “D” kateqoriyası üzrə sürücü vəzifəsinə işə qəbul edilməsi xahiş edilmişdir. - 02.02.2013-cü il tarixli 36 nömrəli Əmrdən görünür ki, İddiaçı Cavabdeh MMC-yə işə qəbul edilmiş və əmək haqları əmək müqaviləsində nəzərdə tutulmuş qaydada ödənilməsi göstərilmişdir. - 02.02.2013-cü il tarixli Əmək Müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMCdə 2-ci dərəcəli sürücü olaraq işə düzəlmiş, müqavilə müddətsiz bağlanmışdır. - 693164 nömrəli Əmək Kitabçasının surətindən görünür ki, İddiaçı “Şidli A.İ” şirkətinə sürücü vəzifəsinə işə düzəlmiş, 01.11.2012-ci il tarixdə əmək Məcəlləsini 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad olunmuşdur. Əmək kitabçası 12.01.2019-cu il tarixdə doldurulmuşdur. - 21.06.2021-ci il tarixli "xxxx" ASC-nin hesabdan çıxarışdan görünür ki, İddiaçı 14.05.2020-ci il tarixdən 05.11.2020-ci il tarixə qədər Cavabdeh MMC tərəfindən 580 manat məbləğində ödəniş edilmişdir. - İddiaçı tərəfindən Cavabdeh MMC-nin rəhbərliyinə ünvanlanmış 15.07.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı başqa işə keçməsi ilə əlaqədar onu 16 iyul 2021-ci il tarixdən etibarən tutduğu vəzifədən azad edilməsini bildirmişdir. - Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X5 Xidməti Bakı şəhər İdarəsinə verilmiş 09.09.2021-ci il tarixli məktubdan görünür ki, işçiləri İddiaçı müvafiq olaraq aprel və may aylarında 140,00 manat, avqust və sentyabr aylarında isə hər ay üçün 150,00 manat əmək haqqı bank kartı vasitəsi ilə alınmış, İddiaçı tərəfindən əməz məzuniyyətindən istifadə etməmişdir. - Cavabdeh MMC tərəfindən hazırlanmış “2021-ci ilin sentyabr ayı üçün əmək haqqı hesablanma cədvəli”ndən görünür ki, İddiaçı Cavabdeh MMC tərəfindən istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr olmaqla cəmi 1367,88 manat ödəniş edilmişdir. - 2014-2016-cı illərin Məcburi Dövlət Sosial Sığorta Haqqı üzrə Sığorta olunanlar haqqında Məlumat cədvəllərindən görünür ki, bu müddət ərzində İddiaçı məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X5 Xidməti Bakı şəhər İdarəsinə verilmiş 09.09.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə ərizə onlara daxil olmadığından ona son haqq-hesab verilməmiş, işdən azad olunması haqqında ərizə onlara daxil olduğu təqdirdə İddiaçı çatacaq son haqq-hesab ödəniləcəkdir. İşçi əmək məzuniyyətindən istifadə etmək haqqında ərizə ilə Cavabdeh MMC-yə müraciət etmədiyi üçün əmək məzuniyyətindən istifadə etməmişdir. - İddiaçı tərəfindən Cavabdeh MMC-nin rəhbərliyinə ünvanlanmış ərizədən görünür ki, İddiaçı başqa işə keçməsi ilə əlaqədar onu 13 sentyabr 2021-ci il tarixdən etibarən tutduğu vəzifədən azad edilməsini bildirmişdir. - 13.09.2021-ci il tarixli 25 nömrəli Əmrdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2(a) bəndinə əsasən, tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış 20.09.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı 1367,88 manat son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq sonuncu iş günü işəgötürən tərəfindən ödənildiyi müəyyən edilmişdir. - 25.10.2021-ci il tarixli 2021-004969 nömrəli “X2 İştirak Edilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sesiyasında iştirak etmiş, lakin tərəflər X2n sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. - 25.10.2021-ci il tarixli 004969 nömrəli “X4 Verilməsi barədə” Protokoldan görünür ki, Cavabdeh MMC iştirak etmədiyi üçün X4 verilmişdir. - 12.11.2021-ci il tarixli "xxxx" ASC-nin hesabdan çıxarışdan görünür ki, İddiaçı 13.09.2021-ci il tarixdən 06.10.2021-ci il tarixə qədər Cavabdeh MMC tərəfindən cəmi 1367,88 manat ödəniş edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin rəhbərliyinə 01.02.2013-cü il tarixli ərizə ünvanlanaraq onu Cavabdeh MMC-yə “D” kateqoriyası üzrə sürücü vəzifəsinə işə qəbul edilməsi xahiş edilmiş, İddiaçı 02.02.2013-cü il tarixli Əmək Müqaviləsi əsasında Cavabdeh MMC-də 2-ci dərəcəli sürücü olaraq işə düzəlmişdir. İddiaçı Cavabdeh MMC-nin rəhbərliyinə başqa işə keçməsi ilə əlaqədar 13 sentyabr 2021-ci il tarixdən etibarən tutduğu vəzifədən azad edilməsi ilə əlaqədar ərizə ünvanlamış, ərizə əsasında 13.09.2021-ci il tarixli 25 nömrəli Əmr ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2(a) bəndinə əsasən, tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin, İddiaçı 13.09.2021-ci il tarixdən 06.10.2021-ci il tarixə qədər Cavabdeh MMC tərəfindən istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr olmaqla cəmi 1367,88 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83.2-ci maddəsinə əsasən, Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 195-ci maddəsinə əsasən, işəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; e) əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə; ə) əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda; f) əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə; 202.3-cü maddəsinə əsasən, işəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir. 288-ci maddəsinə əsəsən, bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; ə) məzuniyyət hüququnun həyata keçirilməsi; g) əməyin mühafizəsinin təşkili və təmin edilməsi; ğ) işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; h) işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; 290.2-ci maddəsinə əsasən, işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. 290.3-cü maddəsinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Əmək məcəlləsinin 290-cı maddəsinə əsasən, işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Məhkəmə İddiaçı iddia tələbinin “əmək hüquqlarının pozulmasına görə iddiaçıya dəymiş maddi zərərin ödənilməsi” hissəsi ilə bağlı bildirir ki, iddia həmin hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin rəhbərliyinə 01.02.2013-cü il tarixli ərizə ünvanlanaraq onu Cavabdeh MMC-yə “D” kateqoriyası üzrə sürücü vəzifəsinə işə qəbul edilməsi xahiş edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında 02.02.2013-cü il tarixli Əmək Müqaviləsi bağlanmış, İddiaçı Cavabdeh MMC-də müqavilə əsasında 2-ci dərəcəli sürücü olaraq işə düzəlmişdir. İddiaçı Cavabdeh MMC-nin rəhbərliyinə başqa işə keçməsi ilə əlaqədar 13 sentyabr 2021-ci il tarixdən etibarən tutduğu vəzifədən azad edilməsi ilə əlaqədar ərizə ünvanlamış, ərizə əsasında 13.09.2021-ci il tarixli 25 nömrəli Əmr ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “a” bəndinə əsasən, tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X5 Xidməti Bakı şəhər İdarəsinə 09.09.2021-ci il tarixli məktub ünvanlanmış və məktubda İddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə ərizə onlara daxil olmadığından ona son haqq-hesab verilmədiyi, işdən azad olunması haqqında ərizə onlara daxil olduğu təqdirdə İddiaçı çatacaq son haqqhesabın ödəniləcəyi bildirilmişdir. Bununla bağlı iş materiallarında olan Cavabdeh MMC tərəfindən hazırlanmış “2021-ci ilin sentyabr ayı üçün əmək haqqı hesablanma cədvəli”ndən, 12.11.2021-ci il tarixli "xxxx" ASC-nin hesabdan çıxarışından görünür ki, İddiaçı Cavabdeh MMC tərəfindən istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr olmaqla cəmi 1367,88 manat ödəniş edilmiş, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı 20.09.2021-ci il tarixli məktub ünvanlanaraq Cavabdeh MMC tərəfindən İddiaçı 1367,88 manat son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq sonuncu iş günü işəgötürən tərəfindən ödənilməsinin müəyyən edildiyi bildirilmişdir. Göründüyü kimi cavabdeh təşkilat tərəfindən əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə əsasən onunla 02.02.2013-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanılmış, o cavabdeh təşkilata sürücü vəzifəsinə işə qəbul edilmiş, bu müqavilənin bağlanılması barədə 13.09.2014-cü il tarixdə müvafiq elektron bildiriş qeydə alınmış, iddiaçının ərizəsinə əsasən öz xahişi ilə işdən azad olunmuş və bu barədə 13.09.2021-ci il tarixli əmr verilmiş, bundan sonra onunla son haqq-hesab aparılmışdır. Məhkəmə iddia tələbinin “əmək hüquqlarının pozulmasına görə iddiaçıya dəymiş mənəvi zərərin ödənilməsi” hissəsi ilə bağlı bildirir ki, iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı mənəvi zərərin ödənilməsi barədə iddia qaldırsa da, öz ərizəsinə əsasən işdən azad olunduğu, ona son haqq-hesab ödənildiyi halda özünə mənəvi zərər vurmaya, habelə bu mənəvi zərərin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin bildirir ki, iddiaçı iddiasında zərər məbləğini ümumilikdə qeyd etməklə maddi və mənəvi zərərə görə ayrı-ayrılıqda pul təzminatı müəyyən etməmiş, məhkəmə iclasında isə bu iki tələbi birlikidə 35.000,00 manat məbləğində qiymətləndirməsini bildirmişdir. Məhkəmə iş üzrə şahid qismində ifadə vermiş X1 ifadəsi ilə bağlı bildirir ki, şahid cavabdeh təşkilatda iddiaçı ilə eyni vəzifədə çalışmış, məhkəmə iclasından 4-5-ay öncə həmin təşkilatdan işdən azad olunmuş və məhkəmədə eyni məsələ ilə bağlı əmək müfəttişliyinə və məhkəməyə müraciət edəcəyini bildirmişdir. Belə olan halda şahidin cavabdeh təşkilatla mübahisəli vəziyyətdə olması, onun hazırki mübahisənin həmin təşkilata münasibətdə təmin olunmasında marağının olması halları onun ifadəsinin obyektivliyini və həqiqətə uyğunluğunu şübhə altına aldığından iş üzrə sübut qismində qəbul edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X5 Xidməti cəlb edilməklə “cavabdeh "xxxx" MMC tərəfindən əmək hüquqlarının pozulmasına görə iddiaçıya dəymiş maddi və mənəvi zərərlərə görə 35000 manat məbləğin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda məhkəmə xərcləri Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdeh "xxxx" MMC tərəfindən əmək hüquqlarının pozulmasına görə iddiaçıya dəymiş maddi və mənəvi zərərlərə görə 35.000,00 manat məbləğin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar