Məhkəmə qərarları › İş №2(007)-467/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-467/2024

28.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-467/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “mülkiyyətçi hüquqlarının pozulmasının aradan qaldırılması və icarədə olan qeyri-yaşayış sahəsinin boşaldılaraq sahibinə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “mülkiyyətçi hüquqlarının pozulmasının aradan qaldırılması və icarədə olan qeyri-yaşayış sahəsinin boşaldılaraq sahibinə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılaraq Cavabdeh MMC-nin Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 82F ünvanda yerləşən icarəsində olan qeyri-yaşayış sahəsindən çıxarılması və sahibinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş reyestrdən çıxarış əsasında qohumu X3 adına sənədləşdirilmişdi və o, Baş etibarnamə əsasında qeyriyaşayış binasının idarəçiliyini həyata keçirirdi. xx.xx.2017-ci il tarixdə “X10” MMC (indi Cavabdeh MMC) ilə obyektin 1-ci mərtəbəsinin 63 m2 hissəsinə xx.xx.2025-ci il tarixədək icarə müqaviləsi bağlamışlar, hazırda artıq 7 ildir ki, həmin sahədə və onun 80 m2 zirzəmi hissəsində “Xalqlar-5” adlandırılan “Oba” market mağazası icarəçi kimi fəaliyyət göstərir. xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin 4-cü bəndinə uyğun olaraq, hər 2 ildən bir icarə haqqının artırılması ilə əlaqədar 3 dəfə icarə müqaviləsinin dəyişdirilməsi barədə saziş imzalamışlar. O, ancaq qiymət artımı barədə müqavilənin bəndinə baxdıqdan sonra notariusun yanında ona təqdim edilən icarə müqaviləsi və qeydiyyat kitabını imzalamışdır. xx.xx.2022-ci il tarixdə obyektin keçmiş sahibi-qohumu X7 vəfat etdikdən sonra, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 82F ünvanda yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2022-ci il tarixdən onun adına sənədləşdirilmişdir və obyektin yeni mülkiyyətçisi-sahibi odur. (Çıxarışın surəti Cavabdeh MMC-nin icarə şöbəsinin müdiri Xəzər müəllimə göndərilmişdir). Obyektin icarə haqqını xx.xx.2023-cü ilədək almışdılar. “Kapital” Bank tərəfindən Məhəmməd Qəniyevin adına verilmiş kartın müddəti 2023-cü il iyulda bitmişdir. Axırıncı dəfə "xxxx" MMC həmin karta icarə haqqı kimi xx.xx.2023-cü il tarixdə 808 manat 40 qəpik balans artımı etmiş və o, həmin pulu xx.xx.2023-cü il tarixdə kart vasitəsi ilə çıxartmışdır. xx.xx.2023-cü il tarixdə icarə şöbəsinin əməkdaşı Xəzər müəllimlə danışmış və bildirmişdir ki, obyektin yeni mülkiyyətçisi kimi Cavabdeh MMC ilə yeni icarə müqaviləsi bağlamaq lazımdır. Çünki obyektin əvvəlki sahibi vəfat etmişdir və onun adına olan kartın da müddəti bitmişdir. Həm də Xəzər müəllimə bildirmişdir ki, yeni müqaviləni icarə haqqı təmiz 1000 manat kartına köçürülməsi təmin edilməklə (çünki aylıq icarə haqqının vergisi müqavilənin 11-ci bəndinə əsasən icarəçi tərəfindən ödənilməlidir) xx.xx.2017-ci il tarixli müqavilədə göstərilən vaxtadək, yəni xx.xx.2025-ci il tarixədək bağlayalar. O, isə ona bildirdi ki, bu mümkün deyil, çünki müqaviləyə dəyişiklik edilməsi barədə sazişlərdə nəzərdə tutulub ki, icarə müqaviləsinin müddəti xx.xx.2030-cu ilədək müəyyən edilib. Həmin sazişlərin surəti ona verilmədiyinə görə, o, Xəzər müəllimdən xahiş etmişdir ki, müqavilələrə dəyişiklik edilməsi barədə sazişlərin surətini “Whatsapp”la ona göndərsin. xx.xx.2023-cü il tarixdə Xəzər müəllim sonradan bağlanmış sazişlərin surətini ona göndərmişdir. O, ona bildirmişdir ki, həmin sazişləri notariusda imzalayarkən icarə müqaviləsini oxumadan imzalamışdır, çünki onlara yalnız icarə haqqının artırılması maraqlı idi. Həmin bəndə baxıb imzalayıb getmişdir və heç həmin sazişlərin surəti belə ona verilməyib. O, isə bildirmişdir ki, yeni bağlanacaq müqavilədə heç bir dəyişiklik edilməyəcək, icarə haqqı da artırılmayacaq. İcarə haqqı artımını rəhbərlik həll edir. Hazırda isə artım nəzərdə tutulmayıb. Halbuki, xx.xx.2017-ci il tarixli ilkin müqavilədə nəzərdə tutulub ki, 2 il keçdikdən sonra inflyasiya nəzərə alınmaqla icarə haqqının artırılması məsələsinə baxıla bilər. O, Xəzər müəllimdən xahiş etmişdir ki, icarə müqaviləsinin müddəti birinci müqavilədə göstərildiyi kimi xx.xx.2025-ci ilədək müəyyən edilməklə, təmiz 1000 manat karta köçürülməsini nəzərdə tutan yeni müqavilə bağlansın, eyni zamanda sonradan müqaviləyə dəyişiklik edilməsi barədə ondan xəbərsiz əlavə edilmiş xx.xx.2018-ci il tarixli müqavilədən 14-cü bənd və xx.xx.2020-ci il tarixli müqavilədən isə 13-cü bəndi çıxarılsın. O, isə nümayişkaranə surətdə bildirdi ki, yeni bağlanacaq müqavilədə əvvəlki müqavilələrin bütün bəndləri saxlanacaqdır. Əgər razı deyilsənsə, məhkəməyə müraciət edə bilərsən. Elə danışmış ki, elə bil obyektin mülkiyyətçisi o, deyil Xəzər müəllim imiş. Çox təəssüf edir. Çünki, indiyədək onlar arasında mübahisə olmamışdı. Onun müqavilədən çıxarılmasını tələb etdiyi bənddə nəzərdə tutulan hallar Mülki qanunvericiliyin tələblərinə ziddir. Sadəcə olaraq o, həmin qiymət artımı barədə sazişləri imzalayarkən icarə müqaviləsində edilmiş qanunsuz dəyişiklikləri oxumadan-ciddi yanılma nəticəsində imzalamışdır, notarius da dəyişiklik edilməsi barədə ona məlumat verməmişdir. Həm də qanunun tələbinə zidd olan hər hansı dəyişiklik bağlandığı andan etibarsızdır. Eyni zamanda bildirir ki, obyektin yeni mülkiyyətçisi kimi müqavilənin hər hansı şərti onunla razılaşdırılmalıdır. Şərtləri mülkiyyətçi irəli sürür, əgər icarəçi həmin şərtlərlə razılaşırsa, onda notariat qaydasında müqavilə bağlanılır. Obyektin yeni mülkiyyətçisi kimi rəsmi qaydada xx.xx.2023-cü il tarixli müraciəti ilə (Cavabdeh MMC-yə daxil olma nömrəsi 8922) cavabdehə təklif etmiş ki, xx.xx.2017-ci il tarixli birinci icarə müqaviləsində nəzərdə tutulduğu kimi xx.xx.2025-ci il tarixədək aylıq məbləğ tam 1000 manat karta köçürülməsi müəyyən edilməklə yeni icarə müqaviləsi bağlanılsın. Yeni bağlanılacaq icarə müqaviləsində nəzərə alınsın ki, mərhum X7 ilə bağlanmış xx.xx.2017ci il tarixli birinci icarə müqaviləsindən 7-ci bənd, xx.xx.2018-ci il tarixli müqavilədən 14-cü bəndi və xx.xx.2020-ci il tarixli müqavilədən isə 13-cü bəndi çıxarılacaq. Yəni ki, yeni müqavilədə həmin qanunsuz bəndlər nəzərdə tutulmayacaq. Rəsmi olaraq təklif etmiş ki, yeni bağlanılacaq müqaviləyə belə bir bənd də artırılsın: İcarəyə verən icarəçini 3 ay əvvəlcədən xəbərdar etməklə icarə müqaviləsini ləğv edə bilər”. Cavabdehin rəhbərliyinə müraciətindən 1 aydan artıq vaxt keçməsinə baxmayaraq heç bir cavab almadığını görərək, yenidən təkrar olaraq xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin Baş ofisinə gəlmiş və təkrar müraciətini təqdim etmişdir. (Daxil olma nömrəsi 9320 ). Bildirmiş ki, yazılı müraciətinin yalnız bir bəndi Cavabdeh MMC tərəfindən icra olunmuş və əvvəlki icarə müqaviləsində nəzərdə tutulmuş icarə haqqı məbləği 808 manat pul onun “Kapital Bank”da açılmış yeni hesabına köçürülmüşdür. Halbuki, əvvəlki icarə müqavilələri obyektin (qeyri-yaşayış sahəsinin) keçmiş sahibi Məhəmməd Qəniyevlə bağlanmışdır. O, isə vəfat etdiyindən və daşınmaz əmlakın yeni mülkiyyətçisi o, olduğundan, keçmiş mülkiyyətçi vəfat etdiyi gündən onunla bağlanmış bütün icarə müqavilələri artıq öz hüquqi qüvvəsini itirmiş hesab olunur və yeni mülkiyyətçi ilə yeni icarə müqaviləsi bağlanmalıdır. Çünki, o, əvvəlki icarə müqavilələrini mülkiyyətçinin ona verdiyi vəkalətnamə (etibarnamə) əsasında bağlamışdır. xx.xx.2022-ci il tarixdə keçmiş mülkiyyətçi Məhəmməd Qəniyev vəfat etdiyi gündən onun iddiaçıya verdiyi etibarnamə də öz hüquqi qüvvəsini itirmişdir. Ona görə də cavabdeh onunla yeni mülkiyyətçi ilə mülki qanunvericiliyin tələblərinə uyğun olan yeni icarə müqaviləsi bağlamalı idi. Lakin 2 dəfə rəsmi müraciəti cavabdehin Baş ofisində kargüzarlıq tərəfindən qəbul edilməsinə baxmayaraq indiyədək heç bir cavab verilməmişdir. Yalnız köhnə icarə müqaviləsində nəzərdə tutulmuş aylıq 808 manat onun hesabına karta köçürülmüşdür. Cavabdeh yeni mülkiyyətçi ilə inflyasiya dərəcəsi nəzərə alınmaqla yeni icarə müqaviləsi bağlamaqdan imtina edir. Bu isə cavabdeh tərəfindən onun mülkiyyətçi (sahiblik, istifadə və sərəncam) hüquqlarının kobud şəkildə pozulması deməkdir. O, isə xx.xx.2023-cü il tarixdən rəsmi qaydada cavabdehə müraciət edərək, qanunsuz özbaşınalığa son qoyulmasını tələb etmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq inflyasiya və indeksasiya nəzərə alınmaqla (hər ay kartına təmiz 1000 manat keçirilməsini nəzərdə tutan - 2 il əvvəlkindən cəmi 200 manat artıq) yeni icarə müqaviləsinin bağlanmasını tələb etmişdir. Lakin cavabdeh yeni icarə müqaviləsi bağlamaqdan imtina edir və hüquqi qüvvəsini itirmiş, keçmiş mülkiyyətçi mərhum Məhəmməd Qəniyevlə bağlanmış icarə müqaviləsində nəzərdə tutulan 808 manat icarə haqqını ödəyir. Bildirir ki, ya keçmiş mülkiyyətçi ilə bağlanan icarə müqaviləsini olduği kimi heç bir dəyişiklik etmədən yenidən bağlayarlar, ya da ki, razı deyilsə, məhkəməyə müraciət edə bilər. Göründüyü kimi cavabdeh tərəfindən mülkiyyətçi sahibin iradəsinə zidd olaraq qadağan edilmiş özbaşınalıq əməli davam etdirilməkdədir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, əvvəlki mülkiyyətçi X7 qohumu idi və etibarnamə əsasında sazişləri o, imzalayırdı. Hər il icarə haqqı 200 manat artırılırdı və MMC-dən çağırırdılar o, da oxumadan imzalayırdı. Artıq qeyri-yaşayış sahəsinin mülkiyyətçisi özü olduğundan müqavilənin şərtində göstərildiyi kimi bağlanandan 2 il keçdiyi üçün qeyd olunmuş icarə haqqının 1000 manat və müddətinin 2025-ci ilədək qeyd olması ilə onunla yeni müqavilə bağlanmasını istəyir. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X4 bildirdi ki, iddia tələbini qəbul etmirlər. Belə ki, Mülki Məcəllədə qeyd edilir ki, mülkiyyətçinin dəyişməsi icarə müqaviləsinin ləğvinə əsas vermir. Hazırki tələb müqavilənin ləğvi deyil, qeyri-yaşayış sahəsinin boşaldılmasıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə iştirak edən şəxslərin izahatlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********06-06301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 YQNÜ: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 509 ünvanda yerləşən qeyri-yaşayış sahəsi X3 xüsusi mülkiyyətindədir. Qeyri-yaşayış sahəsi onun adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********06-06301reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1, YQNÜ: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 509 ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Qeyri-yaşayış sahəsi onun adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. - 26 dekabr 2009-cu il tarixli etibarnamədən görünür ki, X1 Sani Əli oğluna 2058-ci ilədək etibarnamə vermişdir. - İddiaçı Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətin məzmunundan görünür ki, obyektin yeni mülkiyyətçisi ilə yeni icarə müqaviləsinin bağlanması barədə icarə şöbəsinə müvafiq göstəriş verilməsini xahiş etmişdir. Əks təqdirdə obyektin keçmiş sahibi ilə bağlanmış müqavilələrin heç bir hüquqi qüvvəsi olmadığı üçün, həmin müqavilələrin ləğv edilməsini, 3 ay müddətində qeyri-yaşayış sahəsinin boşaldılmasının təmin edilməsini xahiş etmişdir. Əks təqdirdə mübahisə məhkəmə müstəvisində həll ediləcəkdir və bütün məhkəmə xərcləri onların hesabından tutulacaqdır. Eyni zamanda xahiş etmişdir ki, yeni müqavilə bağlanması barədə razılıq əldə olunmasa, obyektin boşaldılmasınadək, yəni 3 aylıq müddətin (avqust, sentyabr, oktyabr aylarının) icarə haqqı yeni mülkiyyətçinin, yəni onun “Kapital Bank”-da açılmış bank hesabına köçürülsün. - İddiaçı Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli təkrar müraciətin məzmunundan görünür ki, obyektin yeni mülkiyyətçisi kimi xx.xx.2023-cü il tarixdə rəsmi olaraq “Oba Market “ MMC-yə müraciət edərək ( daxil olma nömrəsi 8922 ) təklif etmişdir ki, xx.xx.2017-ci il tarixli birinci icarə müqaviləsində nəzərdə tutulduğu kimi- xx.xx.2025-ci il tarixədək aylıq məbləğ tam 1000 manat karta köçürülməsi müəyyən edilməklə yeni icarə müqaviləsi bağlanılsın; Yeni bağlanılacaq icarə müqaviləsində nəzərə alınsın ki, mərhum X7 ilə bağlanmış xx.xx.2017-ci il tarixli birinci icarə müqaviləsindən 7-ci bənd, xx.xx.2018ci il tarixli müqavilədən 14-cü bəndi və xx.xx.2020-ci il tarixli müqavilədən isə 13-cü bəndi çıxarılacaq. Yəni ki, yeni müqavilədə həmin qanunsuz bəndlər nəzərdə tutulmayacaq. Yeni bağlanılacaq müqaviləyə belə bir bənd də artırılsın: “İcarəyə verən icarəçini 3 ay əvvəlcədən xəbərdar etməklə icarə müqaviləsini ləğv edə bilər”. Əks təqdirdə obyektin keçmiş sahibi ilə bağlanmış müqavilələrin heç bir hüquqi qüvvəsi olmadığı üçün, həmin müqavilələrin ləğv edilməsini, 3 ay müddətində qeyri-yaşayış sahəsinin boşaldılmasının təmin edilməsini xahiş etdi. Bildirmişdir ki, əks təqdirdə mübahisə məhkəmə müstəvisində həll ediləcəkdir və bütün məhkəmə xərcləri onların hesabından tutulacaqdır. Artıq 1 aydan çox vaxt keçməsinə baxmayaraq, yeni icarə müqaviləsi bağlanmamış, hətta rəsmi olaraq müraciətinə cavab belə verilməmişdir. Yalnız bir təklifi icra edilmiş, mühasibatlığa göstəriş verilmişdir ki, köhnə icarə müqaviləsinə uyğun olaraq icarə haqqı 808 manat onun “Kapital Bank”-da yeni açılmış bank hesabına (KARTİNA) köçürülsün. Onlardan xahiş etmişdir ki, xx.xx.2023-cü il tarixli (daxil olma № 8922) müraciətində etdiyi qanuni tələblərinin təmin olunması (aylıq icarə haqqının 1000 manat müəyyən edilməsi və xx.xx.2025-ci ilədək yeni icarə müqaviləsinin bağlanılması) barədə icarə şöbəsinə müvafiq göstəriş verilsin. - AZ-İİ seriyalı 257885 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 160 nömrəsi ilə qeyd edilmişdir. - X7 ilə “X10” MMC arasında bağlanmış 15 fevral 2017-ci il tarixli icarə müqaviləsinin surətindən və məzmunundan görünür ki, X7 ona məxsus ünvan 3 ünvanda yerləşən qeyriyaşayış sahəsini 63 m2 hissədə “X10” MMC-nin icarəsinə 15 fevral 2025-ci il tarixədək aylıq 400 manat məbləğində icarə haqqı ödəmək şərti ilə vermişdir. Müqavilənin 4-cü bəndinə əsasən tərəflər razılığa gəlirlər ki, icarə müqaviləsinin başlandığı an 2 il keçdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi inflyasiya dərəcəsini nəzərə almaqla icarə haqqının məbləğinə yenidən baxıla bilər. - X3 əvəzinə İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 17 dekabr 2018-ci il tarixli icarə müqaviləsinə əlavədən görünür ki, 15 fevral 2017-ci il tarixli icarə müqaviləsinin 5-ci bəndi aşağıdakı redaksiyada verilir: icarəyə götürən Cavabdeh MMC icarəyə verən X5 600 manat icarə haqqı ödəyir. Müqavilənin c bəndinə əsasən "icarəyə verən" icarə sahəsini bu Müqavilənin qüvvədə olduğu müddət ərzində hər hansı bir formada digər şəxslərə özgəninkiləşdirdikdə ( bağışlama, alqı-satqı və s.) buna əsas olan müqavilələrdə bu icarə Müqaviləsinin şərtlərinə yeni mülkiyyətçi tərəfindən əməl edilməsi barədə xüsusi qeyd-şərtlərin olmasını təmin edəcəkdir. - X3 əvəzinə İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış icarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə 14 fevral 2020-ci il tarixli sazişdən görünür ki, 15 fevral 2017-ci il tarixli icarə müqaviləsinin 5-ci bəndi aşağıdakı redaksiyada verilir: icarəyə götürən Cavabdeh MMC icarəyə verən X5 705 manat icarə haqqı ödəyir. - X3 əvəzinə İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış icarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə 14 iyul 2021-ci il tarixli sazişdən görünür ki, 15 fevral 2017-ci il tarixli icarə müqaviləsinin 3-cü və 5-ci bəndləri yeni redaksiyada verilir: 3-cü bəndindən görünür ki, müqavilə xx.xx.2030-cu il müddətinə kimi müəyyən edilir, 5-ci bəndə əsasən isə icarəyə götürən Cavabdeh MMC icarəyə verən X5 940 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürür. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. X7 ilə “X10” MMC arasında bağlanmış 15 fevral 2017-ci il tarixli icarə müqaviləsinə əsasən X7 ona məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsini 63 m2 hissədə “X10” MMC-nin icarəsinə 15 fevral 2025-ci il tarixədək aylıq 400 manat məbləğində icarə haqqı ödəmək şərti ilə vermişdir. İcarə haqqı mütəmadi olaraq artırılaraq dəyişdirilirdi. Sonuncu dəfə 14 iyul 2021-ci il tarixli sazişə əsasən 940 manat müəyyən edilmişdir. Hazırda iddiaçı Cavabdeh MMC-nin Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 82F ünvanda yerləşən icarəsində olan qeyri-yaşayış sahəsindən çıxarılmasını və sahibinə təhvil verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 704.2-ci maddəsinə əsasən icarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. 12-ci maddəsinə əsasən icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. 13.3-cü maddəsinə əsasən icarəyəverən təşkilatın yenidən təşkil edilməsi, habelə icarəyə götürülmüş əmlakın mülkiyyətçisinin dəyişməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun pozulması üçün əsas deyildir. Göründüyü kimi ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2022-ci il tarixdə İddiaçı mülkiyyətinə keçmişdir. İddiaçı ilə cavabdeh arasında icarə haqqının artırılması ilə bağlı əlavə saziş bağlanmamışdır. Sonuncu dəfə icarə haqqı 14 iyul 2021-ci il tarixli sazişə əsasən 940 manat müəyyən edilmişdir. Müqavilədə qeyd edilmişdir ki, 2 il keçdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi inflyasiya dərəcəsi nəzərə alınmaqla icarə haqqının məbləğinə yenidən baxıla bilər. Məlum olduğu kimi iddiaçı icarə haqqının artırılması ilə bağlı cavabdehə müraciət etsə də aralarında razılıq əldə edilməmişdir. İddiaçı da bunun müqabilində cavabdehdən qeyri-yaşayış sahəsinin boşaldılıb təhvil verilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı qeyri-yaşayış sahəsinin boşaldılıb təhvil verilməsini tələb etməkdə haqlı deyildir. Belə ki, qanunvericiliyin tələbinə əsasən icarəyə götürülmüş əmlakın mülkiyyətçisinin dəyişməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun pozulması üçün əsas deyildir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi dəyişsə də bu ona əsas vermir ki, iddiaçı müqavilənin şərtlərini dəyişsin və ya ləğv etsin. Bundan başqa məhkəmə xüsusi ilə vurğulayır ki, iddia ərizəsində və məhkəmə iclasında iddiaçı israrla mülkiyyətçi olduğundan cavabdehin onunla yeni müqavilə bağlamamasını əsas gətirərək, mülkiyyətçi hüquqlarının pozulduğuna istinad edərək müqavilənin ləğv edilməsini tələb edir və iddia tələbindən kənara çıxırdı. Qeyd edilənlərlə bağlı iddia tələbinin MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə haqlı olsa da dəyişməmişdir. Halbuki, iddia tələbi “icarədə olan qeyri-yaşayış sahəsinin boşaldılaraq sahibinə təhvil verilməsi”dir. İddiaçıya ilk növbədə icarə müqaviləsinin qanunun yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq ləğvini tələb edə bilməsi izah edilmişdir. Beləliklə, məhkəmə bildirir ki, nə qədər ki, tərəflər arasında qüvvədə olan icarə müqaviləsi var, iddiaçı müqavilə ləğv edilmədən cavabdehin qeyri-yaşayış sahəsini boşaltması və təhvil verməsini tələb edə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilə biləməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılaraq Cavabdeh Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 82F ünvanda yerləşən icarəsində olan qeyriyaşayış sahəsindən çıxarılması və sahibinə təhvil verilməsi barədə iddia tələbi rədd edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılaraq Cavabdeh Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 82F ünvanda yerləşən icarəsində olan qeyri-yaşayış sahəsindən çıxarılması və sahibinə təhvil verilməsi barədə iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar