Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-486/2024 12.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə olan istifadə hüququnun itirilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı olan “mənzilə olan istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi : 1.İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh onun xüsusi mülkiyyətində olan ünvan 2-dan istifadə hüquqlarının itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2-da yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzili o 18 mart 2018-ci il tarixdə AN-İ №0141922 saylı alqısatqı müqaviləsinə əsasən Cavabdeh almışdır. Həmin mənzilə dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən onun adına 22 aprel 2008-ci il tarixli, MH serialı ******* saylı çıxarış verilmişdir. Cavabdeh mənzili ona satandan sonra söz vermişdir ki, tezlikdə qeydiyyatdan çıxacaqdır. O bu günə kimi düşünürdü ki, o qeydiyyatdan çıxıbdır, lakin Asan 5 Xidmət Mərkəzindən əldə etdiyi arayışdan aydın oldu ki, Cavabdeh qeydiyyatda qalıbdır. Cavabdehin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalması səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır.
İş materialları :
3. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2-da yerləşən mənzil İddiaçı mülkiyyətindədir.
4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü Cavabdeh ünvan 2-da yerləşən mənzilə qeydiyyatdadır.
5. Bakı şəhəri 30 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli, xx.xx.2008-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, ünvan 2-da qeydiyyatda olan Cavabdeh Masallı rayonu, Ərkivan kəndində qeydiyyatda olan İddiaçı ünvan 2-da yerləşən mənzili satmışdır. Həmin müqavilənin 13-cü bəndinə əsasən satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən iki ay müddətində satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.
6. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İddiaçı ünvanlandırdığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh ünvan 2 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə inzibati icraat qaydasında məhkəmə orqanına müraciət etməyi tövsiyyə olunmuşdur.
7. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
8. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Həmçinin izahatında qeyd etmişdir ki, o 16 ildir ki evi satmışdır. Həmin mənzildə qeydiyyatda qalması barədə məlumatı olmadığı üçün qeydiyyatdan çıxmamışdır. İddiaçı evi satmaq istədiyi zaman məlum olmuşdur ki, həmin mənzildə qeydiyyatda qalmışdır. Onu da qeyd etmişdir ki, onun hazırda yaşayış yeri var, evin sənədi olmadığı üçün öz yaşadığı evə qeydiyyata düşə bilməmişdir və 16 ildir ki, həmin evdə yaşayır.
İşin faktiki halı :
10. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixində daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi bağlanılmışdır və həmin alqı-satqı müqaviləsi əsasında iddiaçı ünvan 2-da yerləşən mənzilə mülkiyyət hüququ əldə etmişdir. Lakin, Cavabdeh həmin mənzili satdıqdan sonra qeydiyyatdan çıxmamışdır. Belə olduğu təqdirdə iddiaçı məhkməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Məhkəmə baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
12. Azərbaycan Respublikası Konstitusiyasının :
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1.Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun :
9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;
16.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolu :
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Məhkəmənin mövqeyi :
17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
18. Hazırda İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilməsi” tələbini cavabdeh ilə bağlanmış 18 mart 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək həmin mənzildən qeydiyyatdan çıxmaması ilə əsaslandırmışdır.
19. Məhkəmə cavabdehin mübahisəli mənzilə olan istifadə hüququnun itirilməsi məsələsinə qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun yaranıb-yaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olmayan hüquqa itirilməsindən söhbət gedə bilməz.
20. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 6/10 saylı evin 86 saylı mənzili 18 mart 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh tərəfindən İddiaçı satılmışdır.
21. Həmin müqavilənin 13-cü bəndindən görünür ki, cavabdeh həmin müqavilənin notarial qaydada təsdiq edildiyi tarixdən iki ay müddətində satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.
22. Məhkəmə qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququnun yaranmasının bir neçə əsası var ki, onlardan biri də əşya hüququdur. Bu mənada Cavabdeh həmin mənzilin mülkiyyətçisi olaraq mübahisəli mənzilə istifadə hüququ mövcud olmuşdur.
23. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
24. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəllənin 228.4-cü maddəsi çıxış edir.
25. Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
26. Maddənin məzmunu ona əsas verir ki, mənzil ilə bağlı istifadə hüququ olan şəxs mülkiyyət hüququndan imtina edərək mülkiyyət hüquqularını digər şəxsə keçməsi ilə əlaqədar notarial qaydada təsdiq olunmuş müqavilədən irəli gələn öhdəliyi olduğu halda həmin yaşayış yerinə istifadə hüququda itirilmiş sayılır.
27. İşin faktiki hallarından və Cavabdeh izahatından görünür ki, hazırki mübahisəli mənzil cavabdeh tərəfindən iddiaçıya satılmış və cavabdeh öz üzərinə həmin mənzildən qeydiyyatdan çıxacağına dair öhdəlik götürmüşdür. Həmçinin cavabdehin izahatına əsasən müəyyən edilmişdir ki, Cavabdeh mənzil satılandan 16 ildir ki özünə məxsus olan başqa yaşayış evində yaşayır.
28. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
29. Bu mənada vurğulamaq lazımdır ki, cavabdehin Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 6/10 saylı evin 86 saylı mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını, həmçinin mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam və istifadə hüququnu məhdudlaşdırır. İddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehin mənzildə formal olaraq qeydiyyatda qalması mülkiyyətçi kimi onun iradəsinə ziddir.
30. Yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehin mülkiyyət hüququna xitam verilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ yaranmışdır.
31. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mənzilə mülkiyyət hüququ iddiaçıya keçdiyindən, cavabdehin də alqı-satqı müqaviləsi üzrə həmin mənzilə ilə bağlı qeydiyyatdan çıxacağına dair müqavilə öhdəliyi götürdüyündən, həmçinin cavabdehin uzun müddətdir ki başqa yaşayış yerində yaşadığından, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığından, cavabdehin mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir.
32. Həmçinin məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir.
Nəticə :
33. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 6/10 saylı evin 86 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 6/10, 86 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə Cavabdeh ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva